Başqa millətləri bilmirəm, biz azərbaycanlıların həyat haqqında anlayışları, həyatdan gözləntiləri çox sadədi. Doğuldun, bağçaya get, məktəbə get, məktəbi bitir, universitetə qəbul ol, universiteti bitir, pul verib işə düzəl, evlən, uşağın olsun, onu yerbəyer elə və öl. Bu qədər sadə.
Axı bu boyda bəşəriyyət və onun üstün varlığı olan insan bunun üçün dünyaya gələ bilməz, gəlməməlidi. Onu xoşbəxt edən – həyatdan gözüaçıq getməsin deyə – bütün xoşbəxtlikləri dadmalıdı, ən azı buna cəhd etməlidi. Fəlsəfi söhbət etmirəm. Fəlsəfədən danışmağa həvəsim yoxdu. Fəlsəfi söhbət eləsəm belə, siz oxucular başa düşsəz də, bir çox futbol funksionerimiz bunu başa düşməyəcək. Hardan bilirəm? Hərdən «futbol adamlarımız»ın savadını yoxlamaq üçün keçirilən sorğu-suallara baxıram. Ən sadə suallara belə "eee, bilmirem eee" cavabını verirlər. Bunları yazmağımın canı başqadı. Bir hövsələniz olsun.
Millimizin baş məşqçisi Berti Foqts İtaliya ilə oyunöncəsi mətbuat konfransında dedi ki, "azərbaycanlı futbolçular maliyyə qarşısında məğlubdu, o, inkişaf eləməyi yox, çoxlu pulu düşünür". Gözəl deyib, həqiqəti deyib. Azərbaycanlı futbolçular da yuxarıda sadaladığım azərbaycanlılara xas xüsusiyyətə sahib olmalıdı təbii ki. Amma adama deyərlər: ay herr Berti, sən 6 ildi eyni sözləri deyirsən.
Məşqçi gərək güclü psixoloq olsun. Foqts yəni 6 ildə 6 futbolçunun psixologiyasına təsir edə bilməyib? Yəni alman məşqçi bizim futbolçulara başa sala bilməyibmi ki, azərbaycanlı futbolçu üçün «Borussiya» (Dortmund) və ya «Şalke» forması ilə «Bavariya»nın qapısına vurduğu qolu 70 min azarkeşin pivə içə-içə qeyd etməsindən daha gözəl duyğu ola bilməz? Hələ mən televizor qarşısında sevinən azərbaycanlıları demirəm. «Atletiko»nun (Madrid) yaxasındakı yazıya görə bu klubun azarkeşi olan azərbaycanlılar varsa, gör indi həmin futbolçu necə dəyərli olacaq da. Bunları 17-18 yaşlı bir gəncə başa salmaq elə də çətin deyil. Herr Berti 6 il öncədən bunu etməyə başlasaydı, indi heç olmasa 6-7 normal düşüncəli futbolçumuz olardı. Amma «nemes» bunları başa salmaq əvəzinə, durmadan Azərbaycanda şahmatın futboldan daha məşhur, futbolçularımızın zəif olduğunu deyir. Sanki bizim futbolçular heç kimə qalib gələ bilməz. Ən zəif rəqiblə oyundan öncə belə, ehtiyatla danışır.
Qədim türk xaqanlarından biri döyüşdən öncə bir təpənin başına çıxıb müharibə edəcəyi və öz ordusundan dəfələrlə çox olan Çin ordusunu seyr edir. Bu anda sərkərdələrdən biri xaqana yaxınlaşıb ürkək səslə deyir: «Bizdən dəfələrlə çoxdular, deyəsən, məğlub olacağıq. Siz nə düşünürsüz?». Xaqan cavab verir: «Bu qədər böyük Çin ordusunu harda basdıracağımı». Həmin döyüşdə türklər qalib gəlib…
Başa düşürəm, futbol ağıl və bacarıq oyunudu, amma özünə əminlik olmasa, heç bir ağıl, bacarıq işə yaramaz. Siz heç görmüsüz Foqts hansısa güclü milliylə oyundan öncə özünəəmin şəkildə «qalib gələcəyik» açıqlaması versin? Həmişə "rəqib çox güclüdü", "bu rəqibdən çox şey öyrənəcəyik" deyib.
Arada mənə elə gəlir ki, herr Berti mətbuat konfranslarında daha ağır sözlər deyir. Amma tərcüməçi onu yüngül formaya çevirib, bizə çatdırır. Sırf buna görə alman dilini öyrənməyə başlamışam. Bəlkə də oyunöncəsi mətbuat konfranslarında belə deyir: «Heç ümidlənməyin, qapımızı aşsüzən edəcəklər. Sizin bu futbolçularla heç nə eləmək olmaz. Allah üzümüzə baxsın ki, az qol buraxaq».
AFFA-nın baş katibi Elxan Məmmədov İtaliyada Foqtsun tərcüməçisini suya atdı a, siz elə bilirsiz o zarafat idi? Qətiyyən! Məncə, Məmmədov tərcüməçini «azərbaycanlı futbolçular maliyyə qarşısında məğlubdu, o, inkişaf eləməyi yox, çoxlu pulu düşünür" cümləsini tərcümə etdiyinə görə cəzalandırdı.
Qarşıdan Xorvatiya ilə oyun gəlir. Fikrimcə, Foqts indidən futbolçulara deyir: «Uşaqlar, qələbə, heç-heçə kimi xəyallara dalmayın. Girin oyuna, kişi kimi 0:2-dən-zaddan məğlub olun, çıxaq gedək, siz Azərbaycana, mən də doğma vətənim Almaniyaya.
Bir sözlə, sən qorxaqsan, Berti Foqts!




Fikirlərini bizimlə bölüş!