Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Sakit yat, Sakit!

Ağırıdı, çox ağır… Sözlə ifadə etməyəcək qədər ağır. Səhəri Sakit Alıyevin ölüm xəbəri ilə açmaq. Sakitin bu səhəri açılmadı. Əslində çoxdandı səhərləri zülmət olmuşdu onun.

Sakit Alıyev mənim üçün təkcə avrokuboklarda Azərbaycanı təmsil etmiş ilk komandamızın kapitanı deyildi. Böyük insan idi həm də. Cəmi bir dəfə eyni masa arxasında əyləşib çay içmişdik. O qədər xatirələr yada saldı ki… Dedi, qismət olar, danışarıq.

Yenicə yaranmış "Turan"ın ilk futbolçusu idi, Sakit! Sakit Alıyevin fövqəl futbolçu keyfiyyətləri yox idi. Amma meydanda əzmi, komandası üçün canını qoymağı və ən əsası, liderliyi hər şeyə dəyərdi. Tovuzlu azarkeşlər "əgər heyətdə Cəfər və Sakit varsa, arxayınıq" deyərdi. Adı Sakit olsa da, çılğınlığı təkcə dostu "Cəfər"dən (Nizami Sadıxov) geri qalardı – o da bəlkə.

Doğma "Turan"ına sadiq qaldı. Karyerasında cəmi bir il (!) "Kəpəz" səhifəsi oldu, bu komanda ilə də çempionluq yaşadı.

"Turan"da oynadığı illərdə bir "Jiquli 06" hədiyyə etmişdilər ona. Xəstələndiyi günə qədər həmin avtomobili sürdü.

Xəstəliyi 4 il çəkdi. Bu 4 ildə xəstəlikdən də çəkdi. Bir də diqqətsizlikdən. Amma Avropada, Rusiyada olunacaq bir əməliyyatla Sakiti ayağa qaldırmaq olardı. Buna da "qismət" deyib, keçəcəyik.

Sakit Allahın ona yazdığı ömrü kişi kimi yaşadı. Geridə xatirələri və bir də anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkən övlad saxladı.

Sakit yat, Sakit! Ruhun şad olsun.

Fikirlərini bizimlə bölüş!