Əlbəttə, baxırdım. Özü də böyük ümidlə. Əslində bu yazını Malta – Azərbaycan oyunu başa çatandan dərhal sonra da yaza bilərdim. Amma isti başla ağa da qara deyə biləcəyimi nəzərə alıb, gözlədim.
Qrupumuzdakı ən zəif komandayla səfər matçını dostlarla birgə izləməyə qərar vermişdik. Sevinmək ehtimalı çox olduğundan futbol bayramının dadını bu idman növünə könül verənlə-rin toplaşdığı məkanlardan birində çıxarmaq istəyirdik. Yığma pis başlamamışdı, Rahid Əmirquliyev vaxtında hesabı açmış, belə desək, oyundan öncə cücərən ümidləri suvarmışdı. Üzürsüz səbəbdən matçı seyr edəcəyimiz "Topaz"a gecikmiş, Əmirquliyevin vurduğu qolu da görməmişdik…
Rauf Əliyevin ehtiyatda qalması, son dövrlər yığmanın bir nömrəli hücumçusu statusuyla dəyərləndirilən forvardın əvəzinə Ruslan Qurbanovun oynaması kütləvi narazılıqla qarşılanırdı. Yığma Dmitri Nazarovun uşaq səhvinin ardından qapısında ilk qolu görəndən sonra 2-3 metrdən "çərçivə"yə düşməyi bacarmayan Ruslanın və onu start heyətində döyüşə atan Robert Prosineçkinin ünvanına nələr deyildiyini təkrarlamaq etik çərçivəyə sığmaz… Yaxşı ki, Rahid soyuq tərə batanları infarktdan, yığmanı daha böyük biabırçılıqdan qurtardı…
Final fiti yekun nəticəni müəyyənləşdirdi. Üzündən dilxorluq tökülən Fəridlə, futbolla Fə-rid qədər maraqlanmayan Ramil üzünü mənə tutub "qardaş, yaz da…", "dağıstanlılar nəyimizə la-zımdı bizim", "bu Mahaçqala yığmasıdı, yoxsa Azərbaycan" və buna bənzər çox narazılıqlar səsləndirdilər. Mən də sakit başla, etika sərhədlərini pozmadan fikirlərimi yazacağıma söz verdim.
…55 və 71-ci dəqiqələrdə fərqlənərək qonaqları yenik duruma salan "cırtdanlar"ın hər iki topu bizimkilərin peşəkar futbolçuya yaraşmayan səhvləri üzündən vurması üzücü faktdı. Bu o deməkdi ki, xorvat çalışdırıcı hələ sabit komanda qura bilməyib, seçmə kollektiv oyun anlayışını mənimsəməyib. Xatırlayırsızsa, Maltayla Bakıdakı görüşdə də (2:0) təmsilçimiz "cırtdanlar" üzərində asan qələbə qazanmamışdı. Hə, hesab gücü bu səviyyədə rəqiblərə çatan millinin qələbəyə həsrət azarkeşlərini ovundurmuşdu. Sərgilənən futbolun keyfiyyəti isə sabaha ümidlə baxmağa imkan verməmişdi.
Ta-Qalidə Prosineçkinin Araz Abdullayevlə Raufu gec meydana buraxması, təmsilçimizin sanbalı bəlli Maltaya ifrat sayda əks-hücum imkanı verməsi fərqli müstəvilərdə çək-çevir ediləsi əsas çatışmazlıqlar idi. Bəziləri Əliyevin meydana çıxandan sonra xarüqələr yaratmadığından yapışıb yanlış qənaətə gələ bilər. Bir məqamı unutmayaq: "11" nömrə karyerası boyunca ehtiyatdan oyuna qoşularaq fayda verən hücumçu olmayıb.
"İnter"də müntəzəm çıxış edən, bu yay Avroliqada "bankirlər" üçün qol da vurmağa imkan tapan Rauf ən zəif halında belə, Ruslan-dan bir baş üstün futbolçudu. "Milliləşdirilmiş" dağıstanlıda Əliyevin potensialının heç yarısı da yoxdu. Ruslan Əfran İsmayılov, Cavid Tağıyev, Araz Abdullayev olmayan yerdə yarımmüdafiənin cinahında yer almağa layiqdi. Özü də uzağı yarım saat.
Əlqərəz, Prosineçkinin yığması da sarımsaq imicini itirməyib. "Filankəsin sarımsağı sapına qədər dadlı deyil" deyimini eşitmisiz? Eşitməyənlərə anladım ki, Qarabağ zonasında bu məsəli yarımçıq adamlar yarımçıq işlərlə bağlı işlədirlər. Xorvatiyayla qolsuz bərabərliyin davamı Ta-Qalidəki qələbəylə gəlməliydi. İrəliləyişəbənzər bir şeydən danışar, növbəti tsikli həvəslə gözləyərdik. Zəfər umanların kefinə soğan yox, sarımsaq doğrayan komandanın yarımçıqlığı yenə ümidsizliyə qapdırdı. Görəsən, düzələr? Bax, bunu mən də bilmirəm.




Fikirlərini bizimlə bölüş!