Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Saxta sevincləri şaxta vuracaq

Hər bir işin təmələ, bünövrəyə ehtiyacı var. Kompyuterin klaviaturasında hərfləri axtaran adamdan 1 saat sonra möhtəşəm yazı tələb etmək, daşı-daş üstünə qoya bilməyən ustadan 1 ay sonra villa istəmək, iynəni saplaya bilməyəndən 1 gün sonra gözəl libas tələb etmək, ömrü boyu top görməyən adamdan yüksək səviyyədə futbol oynamasını istəmək ən azından ağılsızlıqdı.

Hər bir işi mükəmməl görmək üçün püxtələşmək lazımdır. İnsan həyatında mərhələlərin, daha doğrusu, düzgün mərhələlərin rolu önəmlidir. Futbol da həyatın bir parçası olduğu üçün bu qaydalar orada da keçərlidir.

Mənə görə insan hər şeyə birdən sahib olmamalıdır. “Mən top istəyirəm” deyən kimi topun yanında olursa, “mən maşın istəyirəm” deyən kimi öz maşınının siqnal səsini eşidirsənsə, deməli, həyatında boşluqlar var. Uğurlu insan odur ki, nəyisə istəsin, onun üçün mübarizə aparsın və sonunda öz iradəsi hesabına buna nail olsun.

Tamamilə fərqli duyğudur. Futbolçu olmaq da belədir. Əvvəlcə bunu istəyirsən, sonra bu istəyin uğrunda mübarizə aparırsan, sonra da futbolçu olursan. Bu işin bir nömrəli düsturu zəhmətdir. Yoxsa, “mənim atamın pulu var” prinsipi ortaya çıxırsa, sən ilk növbədə özünə, dah sonra ətrafına xəyanət edirsən. Unutma, futbolda atanın pulu yox, sənin bacarığın rol oynayır. Pul ilk növbədədirsə, o zaman sənin arzuların dəfn olunur. Çünki sən məşqçini də pulla alırsan, sevgini də, “yaxşı oynayır” sözünü də. Ən başlıcası isə kiminsə haqq etdiyi yeri kağız parçası ilə tutursan. Sözsüz ki, müəyyən bir vaxt üçün. Pullar bitəndən və ya ata həqiqəti dərk etdikdən sonra daşlar öz yerinə oturur. Burada isə itirən bir nəfər var. O da sənsən…

Həyatla futbolun harmoniyasını yaradırıqsa, buna davam edək. Məktəb illərində belə bir deyim vardı. Əgər ibtidai sinif müəllimin güclü deyilsə, sən bunun fəsadlarını 11-ci sinifin sonlarına qədər hiss edəcəksən. Həqiqətən də belədir. İnsan vardı ki, küt müəllimlərə görə 4-cü sinifə qədər hecalayır, qələmi düzgün tuta bilmirdi.

Həmişə demişəm, yenə təkrarlayıram. İnsan həyatında ilklər çox önəmlidir. Futbol həyatında da ilk məşqçinin önəmli rolu var. Çox yaxşı xatırlayıram, “Qarabağ”ın sabiq baş məşqçisi Rasim Kara 25 yaşlı oyunçuya düzgün ötürmə qaydasını başa salırdı. Bu mənzərə isə onu göstərirdi ki, Azərbaycanda uşaq futbolu yox səviyyəsindədir.

İnsafən, son vaxtlar bu sahədə müəyyən inkişaf hiss olunur. Hafiz Məmmədovun pulunu balta kəsməyən vaxtlarda “Bakı” bu işdə fəallıq göstərdi, təcrübəli mütəxəssislər dəvət etdi, indi isə “Qəbələ” önəmli layihələr həyata keçirir. Digər komandalarımızda isə, əslində, ilk sırada olması vacib olan uşaq futbolu ən sonuncu planda götürülür. İstedadlı uşaqlarımızı isə məhv edən süni meydançalar və küt məşqçilərdir.

Razıyam, içlərində savadlı, futbol qaydalarını bilən məşqçilər də var. Amma bu gün uşaq futbolumuz heç də etibarlı əllərdə deyil. Əslində, ölkənin ən güclü məşqçiləri məhz uşaqlarla məşğul olmalı, onları gələcəyə hazırlamalıdırlar. Lakin təəssüf ki, bizdə bu sektorda hərtərəfli çatışmazlıqlar var. Bir qədər nəticəsi olan məşqçilər artıq bu sektora qayıtmaq istəmirlər, özlərinə sığışdırmırlar. Mentalitet problemi!

Azərbaycanda futbolun ən böyük problemlərindən biri “lipalaşdırmadır”. Əslində, bunun adı “lipalaşdırma” deyil: İnsanın kor olmasıdır, insanın saxtalığıdır, insanın alçaqlığıdır, insanın öz xoşbəxtliyini başqasının bədbəxtliyi üzərində qurmasıdır, insanın qarşısındakına hörmətsizliyidir, insanın saxta uğurlar izində olmasını göstərməsidir, insanlıq deyildir!

Özgüvəni olan şəxs sadəcə düz yollarla uğurun qapısını aralamalıdır. Yoxsa 5 futbolçunun yaşını azaldıb, çempion olursansa, bu, saxtakarlığın ən böyüyüdür, cinayətdir. “Lipalaşdırma” ani sevinc üçün atılan addımdır. Əslində, bu işdə, məncə, ən böyük günahkarlar məşqçilərdir. Çünki yeniyetmə bu vaxt hansı oyunun iştirakçısı olduğunu anlamır, valideyn isə hər yerdə 1 manata satılan gələcək medalın əsirinə çevrilir və bu işə qol qoyur. Bütün bu xəyanətlərin fonunda həmin yeniyetmə gələcəkdə böyük “lipa” damğası ilə yaşayır.

Bir neçə ildir futbolda olan adam kimi əminəm: “Lipalar”ın yolu uzun deyil, çox tez bitir. Həyatda ən böyük biclik düzlükdür. Sən düz ol, gerisi çox asandır.

İnsanlar anlamalıdır ki, fərdi istedad tələb edən məsələlərdə tapşırıq ümumiyyətlə, olmaz. Əgər sənin milyonların belə olsa, övladının bacarığı yoxdursa, həkim olması mümkün deyil. Eyni zamanda futbol. Əgər övladın bütün güünü evdə yatırsa, əziyyət çəkmirsə, millyonlar yaşıl meydançalarda ona kömək olmayacaq. Uğur qazanmaq üçün ilk növbədə çalışanlara qiymət verilməlidir. “Bu filankəsin oğludur, hücumçu oynayacaq”, “bu filankəsin oğludur, mütləq oynamalıdır” kimi bəlalarımız aradan qalxmayınca, nə sağlam rəqabət olacaq və də açıq alın, ağ üz.

P.S. Həyatda hər şey əziyyət tələb edir. Bu əziyyətə qatlananlar həmişə uğur axtaranlar, öz ayaqları üstə qalmağa ən azından cəhd edən xoşbəxtlərdir. Digərləri isə saxta sevinclərinin şaxtaya düşəcəyini bilməyənlərdir.

Fikirlərini bizimlə bölüş!