Yanlış xatırlamıramsa, bu dioloq Misir prezidenti ilə avstraliyalı uzgüçü arasında yaşanıb. Prezident dəfələrlə Olimpiya çempionu olmuş həmin idmançıdan belə gözəl üzməyi harda öyrəndiyini soruşub. Çempionun cavabı qısa və məntiqli olur – "suda”.
Doğrudanda üzməyi sudan başqa heç yerdə öyrənmək olmaz. Hər bir sahədə daha yaxşı nailiyyətlər əldə etmək, digərlərindən fərqlənmək üçün yalnız və yalnız məşq etmək, qarşıya məqsəd qoymaq yetərlidi. Üzgüçü bütün gününü suda keçirməli, hər gün öz nəticələrini bir az daha yaxşılaşdırmaqla zirvələri fəth etməyə, rəqiblərini geridə qoymağa çalışmalıdı. Üzgüçülər üçün içi su ilə doldurulmuş hovuz nə deməkdirsə, futbolçular üçün də yaşıl meydan eyni dərəcədə əhəmiyyətlidi. Futbolçular da "üzməyi” yaşıl otun üzərində, yuvarlaq topun arxasınca qaçmaqla öyrənməlidilər. Nahaq yerə ən istedadlı futbolçulardan belə söhbət düşəndə oyun təcrübəsinin vacibliyi, müzakirə mövzusu olan "top ustası”nın mövsüm ərzində öz komandasının heyətindən neçə dəqiqə çıxış etdiyinə diqqət yetirilmir.
San Marino ilə qarşılaşacaq millimizin heyətinə Rusiyada yetişən həmyerlilərimiz Ramil Şeydayevlə Emin Mahmudov da dəvət edilib. Bu iki futbolçunun Azərbaycan millisində çıxış etməyə razılıq verib-verməyəcəyi uzun müddət müzakirə mövzusu idi. Futbolçular özləri də uzun müddət bu suala yayındırıcı cavablar verməyə çalışmış, seçimlərini hansı ölkənin xeyrinə edəcəklərini bilmədiklərini demişdilər. Ramilin şimal qonşumuzun U-21 millisində çıxış etməsi isə onun əlinə düşən fürsətdən yararlanmasının, Aleksandr Səmədovun davamçısı olmaqdan çəkinməməsinin göstəricisiydi. Hadisələrin qəfil "U” dönüşü çoxumuz üçün gözlənilməz oldu. AFFA baş katibi Elxan Məmmodovun vətənpərvər olmamaqda günahlandırmaqdan çəkinmədiyi futbolçular qəfildən, özü də ikisi də eyni anda Azərbaycan pasportunu daşımağa, millimizdə çıxış etməyə razılıq verdilər. Üstəlik, Şeyadayevin "Zenit”in "Trabzonspor”a dəyişməsi də bu qərarın verilməsiylə eyni vaxta təsadüf etdi.
Danışıqlar prosesin necə keçməsindən, AFFA-nın futbolçulara nələr vəd etməsindən, Şeydayevlə Mahmudovun Rusiya millisində çıxış edə bilməyəcəklərini anladıqdan sonra qərar vermələrindən asılı olmayaraq, onların komandamızın gücünə güc qatacağı şübhəsizdi. Rusiyada yaxşı futbol məktəni keçmiş gənclər Azərbaycan millisinə rəqabət gətirməyi, seçim imkanını artırmağı bacaracaqlar. Di gəl ki, bu işin də bir "əmma”sı olmamış deyil.
Avqustun 28-də "Boavişta” Portuqaliya çempionatında növbəti oyununu keçirdi. Doğma meydanda xal itirən "Boavişta”nın heyətində Emin Mahmudov yox idi. Dünən onun Bakıya gəldiyi, Prosineçkinin sərəncamında olduğunu hamımız bilirdik. "Boavişta”dan bir gün əvvəl Türkiyə Superliqasında "Qaziantepspor”a məğlub olan "Trabzonspor” da Ramil Şeydayevin xidmətinə ehtiyac duymamışdı. Siz də mənimlə razılaşarsız ki, "Boavişta” və "Trabzonspor”un çalışdırıcıları həmyerlilərimizə əsas heyət üzvü kimi baxsaydılar, onların Bakıya yollanmasına razı olmaz, çətin qarşılaşmalarda komandaya fayda verəəcək futbolçuların köməyindən yararlanardılar. Reallıq isə başqa cürdü. Deməli, nə Şeydayev, nə də Mahmudov müqavilə ilə məxsus olduqları klublara kömək edəcək səviyyəyə çatmayıblar. Daha pisi odu ki, onların heç birisi bu mövsüm rəsmi oyun keçirməyib, oyun təcrübəsinin yoxluğundan əziyyət çəkirlər.
Nəhs gətirmək istəmirəm. Amma üzgüçünün üzməyi suda öyrəndiyi kimi, futbolçunun da meydanda olmasının vacibliyini xatırladıram. Ümid edək ki, Eminlə Ramil millimizin heyətində canla-başla oynacaq, oyun təcrübəsinin olmamasını vətənə məhəbbətləri, ona xeyir vermək istəkləri ilə ört-basdır etməyi bacaracaqlar.




Fikirlərini bizimlə bölüş!