Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Sirli gediş – Xəyanət, yoxsa…

Son bir həftə ərzində ölkə futbolunda bir neçə istefa reallaşdı ki, onlardan ən diqqətçəkəni Yaşar Seyidovun vitse-prezidenti olduğu “Bakı”dan ayrılması idi. Bu ayrılığı gözə gətirən, böyüdən Seyidovun bu klub var olandan orda olması idi. Özü də həmişə yüksək postlarda. Bəs Seyidov “Bakı”dan niyə getdi?

Xəyanət?

Səhv etmirəmsə, elə Yaşar Seyidovun istefa verdiyi gündə, ondan bir neçə saat öncə “Bakı”nın prezidenti Hafiz Məmmədov mətbuata açıqlama verərək bildirmişdi ki, AFFA “zolaqlılar”a öz cibinin pulunu yox, elə onun – “Hafka”nın pulunu xərcləyir. Bu açıqlamadakı əsəb, hirs tonunu sezmək çətin deyildi. Amma klub prezidentinin bu açıqlamasına kimi mətbuatda belə fikir formalaşmışdı ki, yarımcan olan “Bakı”nı AFFA saxlayır, işçilərin, məşqçilərin, futbolçuların məvacibləri federasiyanın hesabına ödənilir. Bu fikri ictimaiyyətə oturdan, belə rəy formalaşdıran isə Seyidov olmuşdu. Son açıqlamasına kimi Hafiz Məmmədov ortalıqda görünmürdü. Əvəzində “Bakı” adına bütün açıqlamaları, müsahibələri Yaşar Seyidov verir, üstüörtülü də olsa, AFFA-nı tərifləyir, “sağ ol” deyirdi.

Ola bilsin ki, Hafiz Məmmədov sahibi olduğu klubun Seyidov tərəfindən AFFA-ya “peşkəş” edilməsini həzm edə bilmədiyi üçün can verən klubun vitse-prezidentini uzaqlaşdırmaq qərarına gəlib. Daha doğrusu, o, Seyidovun “Bakı”nın yaşaması üçün göstərdiyi çabaları xəyanət kimi dəyərləndirib.

“Bakı”nın dağılacağına hamıdan əvvəl əmin olub?

Seyidov bir dəfə açıqlama verərək bildirmişdi ki, “mən nə qədər sağam, “Bakı” yaşayacaq”. Təbii ki, Seyidov illərini verdiyi komandanın dağılacağını hiss edib, verdiyi söz yerə düşməsin deyə, canına qəsd edən deyildi. Belədə çıxış yolu kimi vaxtında istefa vermək olardı ki, o da bunu etdi.

İndi isə belə çıxır ki, Seyidov yarandığı gündən yanında olduğu klubu tərk edirsə, o klubun sonu çatıb. Bunun belə olduğunu yaxın aylarda, daha dəqiqi, cari mövsüm bitəndən sonra görəcəyik. Dünənə kimi “Bakı”nın növbəti mövsümdə olmayacağı ehtimal idisə, indi bu artıq əminliyə çevrilməkdədi.

“Bakı”nı AFFA-ya dəyişib?

Yaşar Seyidovu az-çox tanıyanlar bilir ki, o, heç vaxt boşuna addım atmaz. “Bakı”dan gedibsə, deməli, gələcək üçün özünə yeni iş yeri təminatı alıb. Bu yeni iş yeri isə çox güman ki, AFFA-da olacaq.

“Zolaqlılar”ın başı maliyyə problemləriylə bağlı dərdə girəndən sonra Yaşar Seyidov AFFA – konkret, baş katib Elxan Məmmədovla kifayət qədər yaxınlaşmışdı. Ola bilsin ki, Seyidov AFFA-dan ona vəzifə təklifi gəldiyi üçün “Bakı”dan ayrılmaq qərarına gəlib. Bu ehtimalın da nə dərəcədə doğru olub-olmadığını yaxın zamanlarda görə biləcəyik.

“Bakı” Məmmədovdan alınır, Məmmədovların əlinə keçir?

Hafiz Məmmədovun müflis olduğu, “Bakı”nı saxlayacaq gücdə olmadığı artıq məlumdu. Elə təkcə son aylarda baş verənləri, “zolaqlılar”ın pulsuzluğa görə bir neçə oyuna çıxmaqdan imtina etməsini xatırlamaq kifayətdi.

“Bakı” Azərbaycan futbolunda 2004-ci ildən bəri ən üzdə olan, sayılıb-seçilən klublardan biridi. Bir neçə dəfə ölkə çempionu olub, kuboku qazanıb bu komanda. Üstəlik, “Bakı” “Qəbələ”ylə yanaşı, Azərbaycanda ən yaxşı bazaya, infrastruktura malik iki klubdan biri sayılır. “Zolaqlilar”ın futbol səhnəsindən silinməsi, yox olması o qədər də kiçik məsələ deyil. Elə bəlkə bütün bunlara görə, “Bakı”nın xilası üçün klubun sahibləri dəyişə bilər. Artıq belə iddialar səsləndirilir ki, Hafiz Məmmədov futbola aid olmayan, uğursuzluqla üzləşdiyi sahələrdə olduğu kimi, futbolda da tamamilə “kölgə”yə çəkiləcək. Onun layihəsi hesab olunan “Lans” da, “Bakı” da nəqliyyat naziri Ziya Məmmədov və oğlu Anar Məmmədovun nəzarətinə keçəcək. Yaşar Seyidov da “Bakı”nın Hafiz Məmmədovun əlindən çıxacağını bildiyi üçün “haray bəri başdan” deyib və ya deyə bilərdi…

Bütün bunlar iddialar və ehtimallardı. Amma bir şey gün kimi aydındı: Yaşar Seyidov “Bakı”nı tərk edibsə, bu klub ya tezliklə dağılacaq, ya da ağ günə çıxacaq…

P.S. Çox az inandırıcı görünən bir ehtimal da var… Yaxınlarda Hafiz Məmmədovun qardaşı, əvvəllər “Bakı”nın baş meneceri postunu tutan Zeynal Məmmədovun geri qayıdıb, yenidən klubda rəhbər postda çalışacağı haqda xəbərlər yayıldı. Bu o deməkdi ki, Məmmədovlar “Bakı”nı yenidən tam olaraq öz nəzarətlərinə götürürlər və Seyidova da “xəyanət”inə görə qapı göstərilib. Amma burda yekə bir sual yaranır: Hafiz Məmmədov “Bakı”nı yaşatmaq üçün maliyyə qaynağını, pulu hardan tapacaq?

Fikirlərini bizimlə bölüş!