Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Sizdən futbolçu çıxmaz, bala…

17 yaşadək futbolçulardan ibarət millilər arasında Avropa çempionatının elit-raund mərhələsində Azərbaycanla Xorvatiya arasında keçirilən oyunu sona qədər izləyə bilmədim. Xorvatların ikinci qolundan sonra stadionu tərk etdim. Yox, oyunun əldən getdiyinə əmin olduğum üçün tərk etmədim stadionu. Zatən oyundan əvvəl də məğlub olacağımıza əmin idim. Heç Mirbağır İsayevin yetirmələrinin iyrənc futbolu da məni stadionu tərk etməyə vadar etməzdi. Aşkar sezilən müqayisə olmasaydı…

Stadionu məhz ona görə tərk etdim. Aşkar sezilən müqayisənin verdiyi əzaba dözmək olmurdu. Həmin gün meydanda 11 xorvat və 11 azərbaycanlı yeniyetmə vardı. Vəssalam. Oxşarlıq yalnız bundan ibarət idi. Qalan müqayisə predmetləri isə tam fərqliydi. Həmin gün meydanda 11 ağıllı xorvat vardı. Həmin gün meydanda 11 kütbeyin azərbaycanlı vardı. İnanın ki, xorvat yeniyetmələrin azəbaycanlı yeniyetmələrdən nə qədər ağıllı olduğu açıq-aşkar sezilirdi. Adama əzab verirdi bu aşkar sezilmə. Xorvatlar futbolu elm kimi mənimsəmişdilər, təhsilli idilər. Sağlam düşüncə, iti ağıl, soyuqqanlılıq, konsentrasiya vardı xorvatların oyununda. Bu, verilən təhsilin, mənimsənilən savadın göstəricisi idi. Xorvatlar futbolu elm kimi qavrayıb, başla oynayırdılar.

Azərbaycanlılar isə… Az qala topu on saniyə özündə saxlayb “istixarə edən”, “vurum-vurmayım, ötürmə verim-verməyim” dilemması qarşısında qalan yeniyetmələrin oynadığı futbol deyil. O yeniyetmələrin təhsil almadığı göz deşirdi, ürək dağlayırdı. O yeniyetmələrə təhsili-futbol təhsilini kim verdi ki?

O yeniyetmələrdən futbolçu çıxmayacaq. Çünki onlar futbolun mahiyyətini bilmirlər. Onlar elə Rövnəq Abdullayevin bildiyini bilirlər. Elə bilirlər ki, futbol “kos-kos” oyunudu. Onlar yaxşı sinə vura, xəncərlə baş yara, zəncirlə kürəklərinə döyə bilərlər. Amma onlar heç vaxt futbol oynaya bilməzlər.

Rövnəq Abdullayev ağıllı xorvatı – Robert Prosineçkini gətirib ki, bunlarla 2020-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə əldə etsin. 2020-ci ildə Avropa çempionatının final mərhələsində bunlar yox, onlar mütləq olacaq – ağıllı xorvatlar. Futbolu elm kimi mənimsəyən, təhsil alan xorvatlar. Biz orda nə vaxt olacağıq? Əvvəlcə təhsil almalıdılar. Futbol təhsili. Əvvəlcə Rövnəq Abdullayev, sonra da o uşaqlar.

Fikirlərini bizimlə bölüş!