Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Stoyanşik” işləməyə məcbur qalan futbol hakimimiz

Öləndən sonra insana qiymət verməyə nə var ki? Nə var ki, insanın ölümündən sonra "Filankəs yaxşı kişi idi, Allah rəhmət eləsin" deməyə? Sağlığında insanlara dəyər verməyəndən sonra məzarı başında süni kövrək hisslərlə dua oxumağın faydası nədi axı? Təəssüf, çox təəssüf… Ona görə təəssüf ki, insanın qədrini yalnız öləndən sonra bilirik. Sağlığında o harada idi, nə iş görürdü deyə, maraqlanmayandan sonra soyuq məzarda yatan cansız bədəni tərifləməyin adı nədi?

Yəqin ki, çox adam onun avtomobil dayanacağında bələdçi işləməyindən xəbərsizdi. El arasında onun hazırkı vəzifəsinə "stoyanşik" də deyilir. Düzü, bu barədə daha öncədən məlumatım var idi. Ancaq şəhərin hansı istiqamətində çalışdığını bilmirdim. Təsadüf nəticəsində qarşılaşdıq. Məni tanımasa da, onun uniformada olmasına rəğmən, kim olduğunu bildim. Kənardan bir az müşahidə etdim. Vəzifəsini sevə-sevə yerinə yetirirdi. Avtomobil dayanacağında maşınını saxlayan sürücləri xoş ünsiyyətlə qarşılayırdı.

Kənardan izlədiyim şəxs vaxtı ilə 19 yaşlı futbolçular arasında Avropa Çempionatının finalına təyinat almış futbol hakimimiz Ramiz Əsədov idi. Hakimlik karyerasını başa vurandan sonra hakim-inspektor kimi fəaliyyət göstərən adam… Bir qədər tərəddüd etdim, görəsən, ona yaxınlaşım-yaxınlaşmayım deyə…

Görəsən, mənim jurnalist olduğumu bilsə, nə düşünəcək? İstər-istəməz çəkinəcəyini bəribaşdan qəbul etmişdim. Ona özümü təqdim etmədən yaxınlaşdım. "Ramiz müəllim, necəsiz" sualına elə xoş cavab verdi ki… Müştəri də qısa zaman kəsiyində az oldu. Deyəsən, Allah da bizim söhbətin tərəfdarı idi. Keçimini, güzarını ilə maraqlandım. Dedi, Allahın bu gününə şükür.

Bir ildi ki, avtomobil dayanacağında bələdçi kimi çalışır. Maşınını təyin olunmuş yerdə saxlayanlardan 50 qəpik alıb, parkomata atır. Səhər saat 8-dən axşam 22:00-dək ayaq üstə duran Əsədovun aylıq qazancı da 300 manatdı. Bu, qarşılaşmalara təyin olunan, heç vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyən, bütün qanun pozuntularını qeydə almayan AFFA nümayəndələrinin 90 dəqiqəlik qazancına bərabərdi!

Hər nə qədər danışdırmağa cəhd etsəm də, müsahibə vermək istəmədi. Dedi, Emin, nə kimdənsə narazılığım var, nə də kiməsə etirazım. Yəqin ki, xidmətimə ehtiyac yoxdu. Ayda bir dəfə birinci diviziona hakim-inspektor kimi təyinat alıram, buna da şükür. Həmin təyinatın da pulu 150 manatdı. Hakim-inspektorumuz iş üçün Müşahidə Şurası yeni yaradılanda "Neftçi"yə də müraciət edib. Deyib ki, gəlim ayda 1-2 dəfə azyaşlı futbolçularınıza futbolun qayda-qanunlarından dərs keçim. Heç "ağ-qaralar"dan səs-soraq da çıxmayıb.

İndi onun 52 yaşı, bəlkə də yüzlərlə problemi var. Gördüyü işdən də utanmır. Niyə utansın ki? Başını aşağı salıb şəfərlə çörək pulu qazanır. Amma o bu pulu daha yaxşı bildiyi sahədən qazanmalı deyildimi?

Boş ver, Əsədov, sənin təsəllin daha şərəflidi. Şəhər icra hakimiyyətindən yemək üçün sənə verilən gündəlik 5 manat pul, AFFA-da oturan bəzilərinin qazandığı onminlərdən daha halaldı.

Söhbətin sonunda çoxdandı yerli çempionata baxmadığını dedi. Vaxtı olmadığını bildirdi. Hakimlərimizin çıxışı barəsində maraqlandı. Dedim, gənclərdən Əliyardı, Orxandı, Rəhimdi, qalanları isə sənin məcburiyyətdən çalışdığın peşənin əsl sahibləridi.

Bilirəm, bunu yazmamaq üçün məndən çox xahiş etdin, Əsədov. Dedin ki, yazsan, mənim üçün problem olar. Amma istəmirəm, kimsə sən öləndən sonra dəyərini bilsin. Yalandan gəlib məzarın üstə saxta göz yaşı axıdanları neyləyirsən ki? Bunun ki, sənə heç bir faydası olmayacaq. Gəl sən məni bağışla, Əsədov, bağışla…

Fikirlərini bizimlə bölüş!