Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Səni kim bu günə saldı, ay “Neftçi”?!

Premyer Liqanın bitiminə hələ kifayət qədər vaxt var. Ancaq ardıcıl 3 dəfə ölkə çempionluğunu bayram edən, lakin hazırda lider kürsüsündə otura bilməyən “Neftçi” üçün “qızıl medal qatarı”get-gedə əlçatmazlığa doğru irəliləyir. Qış fasiləsi başlayar-başlamaz Nazim Süleymanovla yolları ayırmağı qərara alan “ağ-qaralar” baş məşqçinin heyəti gücləndirmək tələbini yerinə yetirməkdən imtina etdi. Qısaca xatırladaq ki, vaxtilə Rusiya çempionu olmuş mütəxəssis heyəti gücləndirməyin zəruri olduğunu qabartmışdısa, rəhbərlik bu təklifi rədd etmişdi.

Maraqlı məqamlardan biri də analoqu olmayan daha bir reallığın üzə çıxması idi. Belə ki, baş məşqçinin köməkçilərini demə prezident təyin edirmiş. Qərəz, Süleymanov nə istədiyi köməkçiləri yanında görə bildi, nə də heyətə əl gəzdirmək üçün icazə ala bildi. Nəticədə çantasını vurub qoltuğuna “siz sağ, mən salamat” deyib, istefa verdi. Onu əvəzləyən köhnə-yeni baş məşqçi Böyükağa Hacıyev isə “Neftçi”ni hazır avtomobillə müqayisə etdi: “Bu, hazır maşındı, min, mühərriki işə sal, sür”.

Qış fasiləsində heç bir əcnəbini transfer etməyən “ağ-qaralar” 3-cü dövrədə bunun acısını çəkməkdə davam edirlər. Fasilədən sonrakı ilk qarşılaşmada “Simurq”u 2-ci 45 dəqiqədə vurduğu qollarla məğlub edən “Neftçi” artıq 5 oyundur ki, qələbə üzünə həsrətdi. Maraqlıdır ki, bu oyunlar ərzində “ağ-qaralar” həm əsas rəqiblərindən sayılan “Bakı” və “Qarabağ”a yenilib, həm də qələbəni bayramdan bayrama qazanan “Sumqayıt”a. Üstəlik Böyükağa Hacıyevin yetirmələri “İnter”lə görüşdə də məğlubiyyətin bir addımlığında olublar.

İndi də gəlin görək nəyə görə “Neftçi” bu vəziyyətə düşdü. Səbəb üzdədi. Qışda transfer etməyən komanda indi bunun acısını dadmaqdadı. Başqa sözlə, Süleymanovun “nalə”si özünü doğruldur. Sarı və qırmızı vərəqələr, habelə zədələr “Neftçi”ni iflic vəziyyətinə salıb. Ancaq inanmıram ki, Sadıq Sadıqov, Tahir Süleymanov bu aqibəti gözləmirdilər. Gözləyirdilər, hətta deyərdim ki, buna hazır idilər də. Bəs nəyə görə gözlənilən faciənin qarşısını almaq istəmədilər? Sualın iki cavabı ola bilər. Birinci versiyam ondan ibarətdir ki, kluba ayrılan büdcə talan edilib və yeni transferlərə vəsait qalmayıb. İnandırıcıdı? Əlbəttə! Axı, Azərbaycanda pul yemək olduqca populyar gedişdi. İkinci versiyama görə isə, mövsümün ilk yarısı başa çatdıqdan sonra “Neftçi” rəhbərliyinə bildirilib ki, bu il əlinizi çempionluqdan üzün. Kim deyə bilər bu sözləri? Əlbəttə ki, AFFA rəhbərliyi. İnandırıcıdı? Təbii! Azərbaycan futbolunda seçkilər də, təyinatlar da, çempionluqlar da “7 qıfıl arxası”nda müəyyənləşir.

Sonda, gəlin bu fikirləri birləşdirib, yekun nəticə çıxaraq. “Neftçi” rəhbərliyinə ən yüksək səviyyədə “çempionluqdan əlinizi üzün”, deyilir. Klub başbilənləri də götür-qoy edib, qərara gəlirlər ki, əlavə xərcə düşməyə ehtiyac yoxdu. Ancaq bu elə bir qərar idi ki, Süleymanova demək istəmirdilər. Bax, beləcə, “Neftçi” “Neftçi”dən sirr saxlayaraq, “ağ-qara” komandanın “qara” günlərinə start verdi. Bu gedişlə “Neftçi” nəinki çempion, heç ilk üçlüyə də düşə bilməyəcək. Bunu edənlər isə Azərbaycan futbolunu çiçəklli gələcəyə aparan futbol başbilənləridi…

Ceyhun ƏLİYEV

Fikirlərini bizimlə bölüş!