Yadınızdadımı, Hafiz Məmmədov, bir klubunuz var idi – "Bakı". Hacıbala Abutalıbovun tikib-sökdüyü, söküb-tikdiyi Bakımızın adaşı.
O "Bakı"nın "Levski"yə, "Bazel"ə qarşı oyunları da yadınızdadımı? Tofiq Bəhramov adına Respublika stadionunda iynə atsan, yerə düşməzdi. Yüzlərlə, minlərlə insan sizin "Bakı"nın adını qışqırırdı. Siz də fəxri lojada yer alıb, qara şüşəli eynəyinizin altından həyəcanla, sevinclə, fəxr hissiylə "Bakı"nı izlərdiz. Hacıbala Abutalıbovun tikib-sökdüyü, söküb-tikdiyi Bakını izlədiyi kimi.
Yadınıza gəlirmi, Hafiz Məmmədov, o vaxtlar Ramiz Musayevin hakimləri arı çiçəyin ətrafında fırlanan kimi sizin klubun bazasının, ofisinin yan-yörəsində fırlanardılar. Təkcə hakimlərmi? Məşqçilər, futbolçular, jurnalistlər… Xəbəriniz varmı, yenə gəlirlərmi, yenə fırlanırlarmı bazanın, ofisinin başına? Hardan xəbəriniz olsun ki…
Xatırlayırsızmı, Hafiz Məmmədov, İspaniyadan "Atletiko"nun, Fransadan "Lans"ın prezidentləri, yekə-yekə yetkililəri qapınızın ağzında yatırdılar. Siz onlara pul verirdiz, çörək verirdiz, çaxır verirdiz. Çaxır demişkən, yenə badə qaldırırsızmı "Bakı"nın sağlığına? İnanmıram, Hafiz Məmmədov, inanmıram. İndi "Bakı"nın tabutunu yerdən qaldıran lazımdı.
Yadınızda qalıbmı "Bakı"nın Antalyada, Slovakiyada, İspaniyadakı təlim-məşq toplanışları, Hafiz Məmmədov? Pula pul demirdiz, bütün Avropanı gəzdirirdiz "Bakı"ya. "Bakı" bir tərəfə, indi özünüz Avropaya getməyə pul tapa bilirsizmi? Pul əclaf şeydi, Hafiz Məmmədov, çox əclaf şeydi. İndi siz bunu məndən daha yaxşı bilib, hiss edərsiz.
"Bakı"nın vitse-prezidentləri, menecerleri, icraçı direktorları, direktorları, mühafizəçiləri var idi, yadınıza gəlirmi, Hafiz Məmmədov? Hələ mətbuat xidmətiniz, orda çalışanlar, onların sayı… Çıxıb, Hafiz Məmmədov, çıxıb dünyanın zayı.
Üzülürsüzmü, Hafiz Məmmədov? Məsələn, "Qarabağ"la oyundan sonra bir xalı bayram edən "Bakı"nıza baxıb, "mən nə günlərə qaldım?" deyirsizmi öz-özünüzə? Yadınıza gəlirmi, nə zamansa "Qarabağ"la oyunda qazanılan bir xala görə üzülərdiz, "üç xal əldən getdi" deyərdiz.
Düşünürsüzmü dünyanın sizə qarşı ədalətli davranmadığı haqda, Hafiz Məmmədov? İnsanları nankor, əclaf, satqın sayırsızmı? Dırnaqlarınız ovcunuza batacaq qədər yumruğunuzu sıxıb "mən bir gün yenə qayıdacam" deyirsizmi? Sonra… Sonra bir gün qayıtsaz da, nə olur-olsun gələcək günlərin keçən günlər kimi olmayacağını çarəsizcə düşünüb çarəsizliyin, gücsüzlüyün nə qədər dəhşətli bir şey olduğunu hiss edirsizmi?
Hacıbala Abutalıbov Bakını tikib-sökməkdən, söküb-tikməkdən yorulmur. Bəs sizin sökülmüş "Bakı"nın tikildiyi gün olacaqmı, Hafiz Məmmədov? Deyin, Hafiz Məmmədov, deyin…




Fikirlərini bizimlə bölüş!