Əfsanəvi radio diktoru Levitan dünyasını dəyişəndə mən hələ orta məktəbdə oxuyurdum. Yuri Borisoviçin səsini eşidəndə həyəcanlanmamaq mümkün deyildi. Elə indi də sənədli filmlərdəki tanış səs gələndə eyni hissləri keçirirəm.
Babalarımızın almanlar üzərində tarixi qələbəsini ucu-bucağı bilinməyən bütün SSRİ-ə ilk dəfə məhz Levitan çatdırmışdı. Bu, hər bir kəsə nəsib olan xoşbəxtlik deyildi. Yəqin elə ona görə də həmin dövrün insanları Levitanı da İkinci Dünya savaşının qəhrəmanlarından sayırmışlar.
Müstəqillik bayramı ərəfəsində alman məşqçinin Azərbaycan yığmasındakı görəvindən istefa verdiyi barədə xəbəri eşidincə ilk yadıma düşən əfsanəvi diktor Levitan oldu. Çoxdan gözlənilən bu şad xəbəri onun təqdimatında eşitməyin başqa ləzzəti ola bilərdi.
Hər halda sevincimizə səbəb olan xəbər bizə gəlib çatdı, özü də bu dəfə Berlindən yox, Sürixdən. Ölkəmizin futbol üzrə yığmasının baş məşqçisi alman Berti Foqts iki əlini də yuxarı qaldıraraq təslim olduğunu bildirdi. Berti müəllim fərqinə varmadan bizə bir bayram sevinci yaşatdı. Təkcə elə bu hərəkətinə görə alman məşqçiyə təşəkkürlər düşür. 6 ildə futbolumuzun başına açdığı oyunlar, azarkeşlərimizə etdiyi sitəmlər üçünsə qoy cəzasını…
Əslinə qalsa Berti Foqtsun gedəcəyi elə Azərbaycana gəldiyi ilk vaxtlardan bəlli idi. Obyektiv mütəxəssislər, sadə azarkeşlər, idman mediası almaniyalı baş məşqçinin vaqonla aldığı para qarşılığında ölkə futboluna bir misqal fayda verməyəcəyini elə o dövrdən qeyd edirdilər. Düz 6 il idi ki, millimizin halı ortada idi – sürünə-sürünə seçmə mərhələləri yola verirdi. Rəsmi oyunlar bir yana, yoxlama görüşlərində belə yığmanın nə etmək istədiyindən baş açmaq olmurdu.
Buna baxmayaraq, AFFA rəhbərliyi Berti Foqtsu obyektiv tənqidlər bir yana dursun, hətta yazda küləkdən, yayda istidən, payızda yağışdan, qışda isə soyudan qoruyurdu. AFFA-nın üst mərtəbələrində əyləşənlər deyirdilər ki, siz nə bilirsiniz futbol nədi, dünyaca məşhur alman məşqçini dəvət etmək nəmənədi. Foqts Azərbaycan yığmasını Avropa Çempionatına aparacaq.
Bu məsələləri ətraflı yazıb zaman almaq istəmirəm, Foqtsun işlərinə də toxunmaq fikrində deyildim. Nə qədər yazmaq olar axı… Başqa həmkarlarımı demirəm, təkcə elə mənim yığmanın sabiq baş məşqçisi barədə yazdıqlarımı bir yerə toplayan olsa, gərək Dimitri Nazarovla Ufuq Budaq yığışıb Kiyan Sultanpurla birlikdə bütün günü kitab daşıyalar. Bu köşəni başlayanda bir də gözlərin güzgüyə sataşdı. Foqtsdan ilk tənqidi yazı yazmağa başlayanda saçımda bir dənə də olsun ağ tük yox idi. İndi isə…
Görünür atalar düz deyirmişlər, hər işdə bir xeyir var. Nöyütün qiyməti bir balaca aşağı düşən kimi AFFA-dakılar sadə camaatın haqlı olduğunu anladılar. Onlar da inandı ki, Berti Foqtsla Dünya və Avropa çempionatlarına yox, ancaq Dubaya təlim-məşq toplanışlarına getmək olar.
Müstəqillik gününü bayram etdik, futbolumuz Foqtsuz günlərinin dadını çıxarır. Alman məşqçi təbii ki, Azərbaycan yığmasını özü ilə atasının evinə aparmayıb, millimizə yeni baş məşqçi lazımdı. AFFA rəhbərliyi növbəti dəfə sürpriz eləməsə, yəqin ki, bu dəfə millinin sükanı yerli məşqçiyə tapşırılacaq. Foqtsun istefasından dəqiqələr sonra artıq yeni baş məşqçi ilə bağlı proqnozlar verilir, adlar səslənir. Yaxın günlərdə bu çətin işə çiyin verməyə razı olan insanın adı bəlli olacaq.
Əfsanəvi diktor Levitan həyatda olmadığından bəs, bu şad xəbəri insanlara kim çatdıracaq? Fikrət Adıgözəlli, yoxsa…




Fikirlərini bizimlə bölüş!