Rəhmətlik Elçibəy sağ olsaydı, heç şübhəsiz Bakı bu günlərdə tamam ayrı biçimdə olardı. Quzey Azərbaycanın başkəndi indiki kimi sükuta qərq olmazdı coşan, qaynayan Təbrizin ayaqda olmasının qarşılığında. Yəqin Bəy qurulan məclislərin birində.
“Bu gün, sabah Xudafərin qurular,
Dədəm, gözün aydın, ay gözün aydın…”
zümzüməsini də edərdi.
Təbrizin “Traktor” futbol klubu Kirmanda “Mis” komandasına qalib gələrək İran kubokunun qalibi oldu. Bu zəfərin Güney Azərbaycanın ayaqda qarşılaması səhnələrini izlədikcə ürəyim dağa döndü, gözlərim yaşardı. O anlarda əsəbdən bəzən “biz millət deyilik” deyənlərin nə qədər böyük səhvə yol verdiyini anladım və bir daha əmin oldum ki, biz çox nəhəng bir MİLLƏTİK. Sadəcə aramıza yüz illərin ayrılığı düşüb, ortada Araz həsrəti, Xudafərin nisgili var deyə, nə qədər böyük olduğumuzu özümüz də bilmirik. Böyüklüyümüzü anlamayaq deyə, bizi bölüb böyük güclər…
Bu fikirlərin pafos olmadığına əmin olmaq istəyənlər buyurub Təbrizdən çəkilmiş o möhtəşəm kadrları izləsin. Kimsə Təbriz komandasının İran çempionu olmasını adi məsələ sayıb da üstündən keçməsin. SSRİ-nin tərkibində olduğumuz 70 ildə “Neftçi” komandası bircə dəfə bürünc mükafat alıb, indiyə qədər bundan danışılır. Hələ müstəqillik qazanmağımızdan sonra “Nefçi”nin “Birlik” Kubokunu qazanmasını necə tarixi hadisə kimi qeyd eləmişdik. Budur, “Traktor” o uğurların hamısından möhtəşəminə imza atıb, birinci olub, çempion kimi kuboku sevgili Təbrizə aparıb!
“Traktor”un varlığı təkcə futbol məsələsi deyil. Bu komandanın mövcudluğu həm də Azərbaycan türklərinin milli varlıq məsələsidir. Dünyada ikinci belə bir komanda tapılmaz ki, hər bir oyunu həm də milli kimlik, siyasi mübarizə meydanına çevrilsin. Təbrizdə, Urmiyədə, Ərdəbildə, Sulduzda, Qoşaçayda bu günlər yaşanan coşqunun da səbəbi odur ki, “Traktor”un qələbəsini soydaşlarımız həm də Azərbaycan türklərinin milli kimlik ideyalarının qalibiyyəti sayırlar. Güney llərdir ki, qələbəyə təşnədir, “Haray, haray, mən türkəm!” deyir, ancaq fars şovinizmi ona qondarma “azəri” adını verib türklüyünü unutdurmaq istəyir. Güney “Türk dilində mədrəsə, olmalıdır hər kəsə” hayqırır, Tehrandakı mərkəzi hakimiyyət isə hətta 1979-cu ildə Ana Yasada təsbit olunan ana dilində təhsil hüququnu qardaş-bacılarımızdan əsirgəməkdədir. Güney nə zamandır qurumaqda olan Urmiya gölünün harayındadır, “Gəlin gedək ağlayaq, Urmu gölün dolduraq!” hayqırır, İran rejimi isə 14 milyon insanın həyatının təhlükə altında olmasına məhəl qoymayaraq 80 faiz sahəsi duzlaq səhraya çevrilən gölün can verdiyi səhnəyə baxıb zövq almaqdadır. Bu günlərdə Güney Azərbaycanın kiçik də olsa, qələbəyə ehtiyacı var idi. Təbriz komandası isə böyük qalibiyyətə imza atmaqla Güneyi ayağa qaldırdı.
Bir futbol komandasının qarşılanma mərasimi dünyanın heç bir guşəsində belə olmamışdı. Bunu hətta “Traktor”un portuqaliyalı baş məşqçisi də etiraf edib. Təbriz aeroportuna axışan 100 mindən çox Azərbaycan türkü sevimli klubu milli şüarlarla qarşılayıb, böyük coşqu yaşanıb. Bu coşqunu görəndən sonra adam düşünür ki, bizə yalnız qələbə, məğrurluq, böyüklük yaraşır, biz məğlub millətin nümayəndələri adını bütün sahələrdə üzərimizdən götürməliyik.
Təbriz küçələrində izlədiyim bir səhnə çox möhtəşəm idi. İnsan seli iki hissəyə bölünmüşdü. Bir tərəf “Təbriz – Bakı – Ankara” hayqırır, digər tərəf isə “Biz hara farslar hara?!” deyə, qarşılıq verirdilər. Bu, adi haray deyil, bu, türklüyün böyüklüyünü dərk edən soydaşlarımızın qardaş ölkələrə mesajıdır. “Traktor”un qarşılanma mərasimində üçrəngli Azərbaycan bayraqlarının dalğalanması isə tamam başqa ovqat yaratdı. 80-ci illərin sonlarında üçrəngli bayrağımız Azadlıq meydanına gətiriləndə yaşanan böyük coşqunu mən Təbrizdə bu günlərdə – futbol törənlərində gördüm və içimdə böyük inam hissi yarandı. Bayrağımız artıq Təbrizin baş meydanlarında əmin əllərdədir – “Bir daha yüksələn bayraq bir daha enməz” axı.
Məni bu günlərdə üzən məqamlar da oldu. Bakıda Təbrizin sevincini bölüşənləri görə bilmədim, kiçik istisna xaric. Bir qrup gəncin keçirmək istədiyi tədbirin qarşısının alınması isə acınacaqlı hal idi. Təsəvvür edirsinizmi, Təbrizdə Azərbaycan bayrağı qaldırılıb, “Azərbaycan var olsun, istəməyən kor olsun!” sədaları ucalıb, Bakıda küçəyə çıxan gənclərə “gedin icazə alın” deyib onları bölməyə aparıblar. Axı, “Traktor” ispan, ya italiyan klubu deyil, 40 milyonluq Güney türklərinin, həm də bizim sevimli komandamızdır. Məgər “Xəzər-Lənkəran”ın, “Qarabağ”ın qələbəsini Bakı küçələrində bayram edəndə Hacıbala müəllimdən icazəmi alırıq? Heç təbrizlilər fars rejimindən icazə almadı bu günlərdə… ..
Bu yazını yazarkən AzTV İtaliya klublarının oyunlarını yayımlayırdı. Olmazdımı Təbriz klubunun zəfərinə də bir-iki dəqiqə ayrılsın? Axı bu bizim, özümüzün qələbəmizdir. Nədən bir neçə saytı çıxmaq şərtilə ölkə mediası bu zəfərə geniş meydan vermir, AFFA-dan, Bakı klublarından bir təbrik mesajı yayılmır, Azərbaycanın güneylə əlaqəli şəxslərinin idman cameəsinə təbriki eşidilmir? İlboyu Tehranda çox çalışdılar Təbriz klubunun yolunu kəssinlər, hətta baş məşqçini bir ara klubdan uzaqlaşdırdılar, ancaq istəkləri baş tutmadı, Təbrizin aslanları tarix yazmağı bacardı. “Traktor” təkcə İran kubokunu qazanmadı, təkcə Asiya Çempionatına vəsiqə qazanmayıb. Təbriz komandasının qələbəsi nəticəsində Güney şəhərləri “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!” sədaları daha gur səslə ucalmağa başlayıb. O səsə səs verək. Sussaq, Təbriz bu sükuta nə deyər?
Gözün aydın Təbrizim, qalibiyyətin mübarək! Davamı gəlsin. Sənə başkənd olmaq çox yaraşır..!




Fikirlərini bizimlə bölüş!