Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Taqanroqdan Anqolaya qədər “Mənə deyən lazımıydı ki, penalti vuran çıxmısan?”

“Mən futbolçu olanda” rubrikasının bu dəfəki qonağı veteran futbolçu Əfqan Talıbovdur. Ondan bir neçə ay əvvəl müsahibə götürmək daha çox yerinə düşərdi. Ötən il 50 illik yubileyini qeyd edən Talıbovu gec də olsa, təbrik edirik. Söhbətimizin mövzusu da Əfqan müəllimin geridə qoyuduğu yarım əsrlə bağlıdır. Əvvəlcə yubilyar haqqında qısaca məlumat verim. Daha sonra uşaqlıq illəri, futbola gəlişi, karyerası, şahidi olduğu maraqlı hadisələr və başqa mətləblərdən bir yerdə danışacağıq.

Əfqan müəllim 1964-cü il avqustun 6-da Bakıda anadan olub. Futbolla 9 yaşından məşğul olmağa başlayıb. Futbolçu kimi uzun müddət SSRİ birinciliyində çıxış edən Gəncənin “Dinamo” (indiki “Kəpəz” – İ.T.) komandasının şərəfini qoruyub. İstedadına görə 1987-ci “Neftçi”yə dəvət olunub. Amma “Arzuların komandası”nda cəmi 1 rəsmi oyunda meydana çıxıb. Bu haqda bir qədər sonra özü söhbət edəcək. SSRİ dönəmində “legioner” həyatı yaşamağa imkan tapıb, Belarus komandalarında çıxış edib. İmperiya dağıldıqdan sonra Rusiyaya yollanıb və 2 ilə yaxın Yujno Saxalinsk şəhərinin “Saxalin” komandasında çıxış edib. Müstəqillik dövründə doğma komandası “Kəpəz”lə yanaşı, “Neftçi”, “Xəzri” və “Şəmkir” komandalarında oynayıb. Futbolla 1997/98-ci illər mövsümündə vidalaşıb. Məşqçilik fəaliyyəti də həmin mövsümə təsadüf edir. Əyalət komandasında oynayan-məşqçi olan Əfqan Talıbov daha sonra müxtəlif vaxtlarda “Şəmkir”, “Ədliyyə”, “Gənclərbirliyi”, “Turan” komandalarında baş məşqçi, mini-futbol komandası “Turan Air”, U-19 və U-21 yığmalarında isə məşqçi kimi işləyib. Ötən il həvəskarlar liqasında çıxış edən “Şərur” komandasını çalışdırırdı. Yeni komandası isə 1-ci dəstədə oynayan “Qaradağ Lökbatan”dır.

Talıbovlar ailəsində 4 uşaq böyüyüb – 3 qardaş və 1 bacı. Atası Mehdi Zərbalı oğlu Talıbov 1937-ci ildə dünyaya gəlib. O da futbolçu olub. Amma ailə vəziyyəti ilə əlaqədar futbolu tez atıb. Əslən Quba rayonunun Yelpi kəndindən olan Mehdi kişi bəy nəslindən idi. Əfqan müəllimin babası Zərbalı kişi hər 2 dünya müharibəsində iştirak edib. 3 övladı olub. Böyük Vətən Müharibəsi illərində biri aclıqdan, biri isə soyuqdan dünyasını dəyişib. Özü isə könüllü olaraq cəbhəyə yollanıb və itkin düşüb. Nənəsi tək sağ qalan Mehdi dayını təkbaşına, zülmlə böyüdüb. Mehdi dayı 16 yaşı olarkən mebel fabrikinə işə düzəlib, oranın “Metallist” futbol komandasında oynayıb. Amma bayaq da qeyd etdiyim kimi ailə vəziyyəti ilə əlaqədar futbolu və təhsili atmalı olub. Mehdi dayı yaxşı mebel ustası idi. Bilirsiniz kimlərin evində mebel quraşdırıb? Fikrimcə, birinin adını çəksəm, kifayət edər. Mərkəzi Komitənin 1-ci katbi Leonid İliç Brejnev Bakıya gələndə onun qonaq otağında mebel quraşdırmaq Mehdi dayıya tapşırılıbmış. Mehdi Talıbov 1997-ci ildə dünyasını dəyişib. Həyat yoldaşı Rəhilə xalanın isə 72 yaşı var. Övladlar 5-6-cı sinifə kimi yaxşı oxusalar da, sonradan təhsilə fikir verməyiblər. Ali təhsilli təkcə Əfqan müəllimdir. O da futbolun hesabına.

Müsahibim 32 yaşında ailə həyatı qurub. 2 oğlu, 1 qızı var. oğullarının futbolçu kimi yetişməsini istəyən veteran futbolçu böyük oğlunu məşqlərə aparsa da, 2 aydan sonra onun futbol oynamamasının daha yaxşı olduğu qənaətinə gəlib. 1999-cu il təvəllüdlü kiçik oğlu Rüfət Talıbov isə AZAL-da çıxış edir.

“Gözəl rəqs etməyimin səbəbkarı anamdır”
“2 yaşım olanda Azərbaycan futbolu SSRİ məkanında “at oynadırdı”. Hamı futbolla oturub-dururdu. “Neftçi”nin futbolçularının adlarını hər kəs əzbər bilirdi. Evdəkilər deyir ki, həmin vaxt topu divara vuraraq qışqırırdım – “Mən Makar”! Bu da başadüşülən idi. Yeni dil açan uşağın hər yerdə, tez-tez erməni dığası Eduard Markarovun adını eşitməsi istər-istməz onun beyninə həkk olunmuşdu. Futbola gəlişim 1974-cü ilə təsadüf edir. Məndən 1 yaş böyük olan qonşu uşaq futbol məşğələlərinə gedirdi və təklif etdi ki, gəl səni də özümlə məşqlərə aparım. Tofiq Bəhramov adına Respublika Stadionunda tablonun arxasında meydança var idi. Orada məşq keçirdilər. Razılaşdım. İlk məşqçim Ravil Cəlilov olub. Milliyətcə tatar idi. Vaxtilə “Neftyanik”in futbolçusu olmuşdu. Çox tələbkar, çalışqan məşqçi idi. Futbolçu kimi də dövrünün ən yaxşılarından biri olmuşdu. İlk məşqdəcə Ravil müəllim gördü ki, topla istədiyimi eləyə bilirəm. O, 1962 və 1963-cü il təvəllüdlü futbolçulara məşq keçirdi. Yaşımın azlığına baxmayaraq, istedadıma görə məni də həmin uşaqlara qoşdu. Bir müddət Ravil müəllimin yanında məşğul oldum. Daha sonra “Neftçi”yə – rəhmətlik Tofiq Rzayevin yanına getdim. Onun komandası yaşıdlarımdan qurulmuşdu”.
Əfqan müəllimin uşaqlıq illəri 1-ci Alatavada keçib. Rəhmətlik babası müharibə veteranı olduğundan hökumət ona “8-ci km” bazarının yanında mənzil vermişdi. Beləcə, 1973-cü ildə Talıbovlar ailəsi həmin evə köçüblər. 8-ci sinifə kimi yaxınlıqdakı 250 saylı orta məktəbdə təhsil alıb. 9-cu sinifdən isə futbolla əlaqədar İdman Təmayüllü Məktəbə keçirilib: “Məktəb illərində ən yaddaqalan hadisələr futbolla bağlı idi. İmkan düşən kimi – dərsdən əvvəl və sonra, tənəffüslərdə futbol oynayırdıq. Uşaq vaxtı futbolla yanaşı nağaraya da həvəsim var idi. Bunun da səbəb anam Rahilə xanımın peşəkar rəqqasə olmasıydı. Doğrudur, ailə həyatı qurandan bir müddət sonra atam ona işləməyə icazə vermədi. Amma yaxşı xatırlayıram, məşqlərə və konsertlərə gedəndə məni və qardaşımı da özü ilə aparırdı. Gözəl rəqs etməyimin səbəbkarı anamdır. 1-ci sinifdən etibarən nağara kurslarına gedirdim. Bir dəfə Ravil müəllim məni yanına çağırıb dedi: “ya nağara, ya futbol!” Hansını seçdiyimi yəqin ki, bilirsiniz”.

“Bico, səni sındırmaq istəyirdim, amma heyfim gəldi”
1980-ci ildə “Neftçi”nin Razin (indiki Bakıxanov – İ.T.) qəsəbə stadionunda erməni komandalarından biri ilə oyunu var idi. Həmin oyunda Əfqan Talıbov o qədər yaxşı futbol sərgiləyib ki, matçdan sonra Gəncə “Dinamo”sunun baş məşqçisi Müzəffər Qasımov 16 yaşı tamam olmamış futbolçunu komandasına dəvət edib. Məşqçisi Şuvalov və atasının razılığını aldıqdan sonra Əfqan Talıbov Gəncəyə yollanıb: “Şəhər stadionuna gələndə orada bir nəfər də yox idi. Qarşıma çıxan uşaqdan səbəbini soruşanda dedi ki, dünən burada faciə baş verib. Faciə isə ondan ibarət idi ki, “Dinamo” “Xəzər”ə 1:5 hesabı ilə məğlub olmuşdu. Heç kim məğlubiyyətdən utanırmış kimi üzə çıxmaq istəmirdi.

Gəncə komandasında məşqlərə başladım. Əla kollektivimiz var idi. Şahmir Hüseynov, Nizami Məhərrəmov, Tofiq Məmmədov, Fizuli Allahverdiyev, “Mayer” ləqəbli Şakir Abdullayevlə bir yerdə oynayırdım. Adım iştirak ərizəsinə salınmadığından oyunlarda iştirak edə bilmirdim. Bir dəfə məşqçilər qərara gəldilər ki, məni yoxlamaq lazımdır və Batumi “Dinamo”su ilə oyunda başqa ad altında meydana buraxdılar. Mərkəzdə gürcülərin bir müdafiəçisi var idi. Yaşlı futbolçu idi. Keçmək demək olar ki, mümkün deyildi. Onun başına bir oyun açdım ki… Matç qurtarandan sonra mənə yaxınlaşıb başımı sığalladı: “Bico, səni sındırmaq istəyirdim, amma heyfim gəldi. Çox istedadlısan. Tezliklə futbolu buraxmaq istəyirdim. Amma oyunda 2 dəfə gedişimi tezləşdirməyə məcbur elədin”. Həmin oyundan sonra adımı iştirak ərizəsinə saldılar, mənə maaş ayırdılar və oldum komandanın tamhüquqlu üzvü”.

“Belarusda qalsaydım, bəlkə də…”
İstedadlı gəncin “Kəpəz”dən ilk gedişinə biganəlik səbəb olub. Əsgərlik yaşı çatanda kimsə ona yiyə durmayıb. Məcburən hərbi xidmətə yollanan futbolçunun gələcək karyerasında tanımadığı və adını unutduğu bir podpolkovnik önəmli rol oynayıb. Futbol azakeşi olan həmin zabit Biləcəridəki çağırış məntəqəsində Əfqan Talıbovu tanıyıb və kömək edib. Növbəti kömək isə yarım ildən sonra hərbi hissədə gəlib: “Ayağı top tutmayanlar kimlərinsə hesabına “Neftçi”nin əvəzedici heyətində, 2-ci dəstə komandalarında, OİK-də 2 il kef elədilər. Məndən isə rüşvət istədilər. Özümə söz verdim ki, yollanıram hərbi xidmətə. Amma vaxt gələcək yenidən Gəncəyə qayıdıb “Dinamo”nun heyətində “Neftçi”yə qarşı oynayacam. Biləcəridə təsadüfən bir podpolkovnik məni tanıdı: “Talıbov sən burada neynirsən?”. Onun sayəsində Qroznıya deyil, Belarusa göndərildim, Minskə düşdüm. Yoxsa, Qroznıda itib-batacaqdım. Bizi qəbul edən kapitan məni aldadıb idman rotasına deyil, rabitə bölüyünə gətirdi. Nə edə bilərdim? 6 ay orada zülm çəkdim. 20 dərəcə şaxtada idman eləyirdim ki, formadan düşməyim. Əllərimin dəmirə yapışmaqdan dərisi qopmuşdu. Bütün günü “perlova” yeyirdim. 6 aydan sonra imtahan verirdik.

Cavablarım imtahan götürən komandiri artıqlaması ilə qane etdi. Özü də həmin hərbi hissədə 23 il idi ki, azərbaycanlı xidmət göstərmirdi. Bu, bizim kapitanın xoşuna gəlmişdi. Mənə bildirdi ki, indən belə sənə zaval yoxdur. Nə vaxt istəyirsən məşq edə bilərsən. İmtahanlardan da narahat olma. Özü həll edəcəkdi. Hər yerdə olduğu kimi bizim hərbi hissədə də “dembel”lər təzə gələn əsgərləri döyürdülər. Məni də vurmaq istədilər. Bildirdim ki, idmançıyam, 5-10 günə buradan gedəcəm. Əgər mənə barmağınız dəysə, cavabını artıqlamasıyla alacaqsınız. Beləcə, canımı “dembel”lərdən qurtara bildim. Bir qədər sonra hərbi hissədə idman işlərinə nəzarət edən mayor rütbəli zabit mənə yaxınlaşıb Belarus birinciliyində çıxış edən Qrodnonun “Olimp” komandasına yoxlamağa apardı. 6 ay “perlova” yeyən adamda hal qalardı. Bütün yoxlamalardan yaxşı keçdim. Təkbətək mübarizədə bir müdafiəçini o günə saldım ki, az qala onurğası qırılacaqdı. Qapıya zərbələrdən sonra baş məşqçi Frolov tərəddüdsüz məni komandaya götürdü, yataqxanada qalmağa yer verdi. Yenidən böyük futbola qayıtdım”.

“Olimp”də bir müddət oynadıqdan sonra 2-ci dəstədə çıxış edən “Ximik”in baş məşqçisi (indiki “Neman” – İ.T.) Sivakov Talıbovu komandasına dəvət edib. Aluştada təlim-məşq toplanışında özünü göstərməyi bacaran azərbaycanlı balası haqqında Minsk “Dinamo”sunun baş məşqçisi Eduard Malofeyev xəbər tutub və köməkçisi İvan Savostikovu Talıbovun oyununu izləməyə göndərib. Yerli qəzetlərdə onun haqqında xəbərlər yazırdı. Mayın 3-də Oleq Romantsevin baş məşqçisi olduğu “Krasnaya Presnya” ilə kubok oyununa hazırlaşırdıqları bir vaxtda qəhrəmanımızın qapısına çağırılmamış qonaq təşrif buyurub: “Əvvəlcə Gəncədə baş verən hadisələrdən danışım. Deməli, “Kəpəz” çempionata hazırlaşır, amma komandaya hücumçu tapa bilmirlər. Gəncənin 2-ci katibi Cümşüd Məmmədov bu haqda sürücüsü Kamil dayıya bildirəndə Kamil kişi deyib ki, bəs, hücumçu məndə. İki il əvvəl Əfqan adlı biri bizdə oynayırdı. Əsgərlik məsələsini həll edə bilmədik. Onu tapmaq lazımdır. Asim Xudiyevin vasitəsilə atamı tapırlar. Razılığını alandan sonra Cümşüd müəllim adamını Belarusa göndərir… Otağımda idim. Birdə gördüm ki, qapı döyüldü. Gələn komandanın inzibatçısı Cavanşir idi. Bildirdi ki, əşyalarını yığ, gedirik Gəncəyə. “Saqqızımı oğurladılar”. Yenidən “Kəpəz”ə qayıtdım. Hər nə olur, yaxşılığadır. Aprelin əvvəllərində Azərbaycana qayıtdım. Aprelin 26-da isə Çernobıl qəzası baş verdi. Belarusda qalsaydım, bəlkə də indi həyatda deyildim”.

“Kəpəz” əvvəlkindən daha güclü komanda olmuşdu. “Neftçi”nin 7 futbolçusunun Gəncəyə gəlməsi komandanın gücünə güc qatmışdı. Şakir Qəribov, Asif Əliyev, Mikuçadze, Valeri Melnikov, Fizuli Allahverdiyev… “Fizuli ilə sağ cinahda istənilən komandanı “söküb-yığırdıq”. Gəncəyə gələn komandalara, illah da ermənilərə 5-6 top vururduq. Bir dəfə Cümşüd müəllim oyuna gecikmişdi. O stadiona gələndə 2 qol vurmuşduq. Zarafatla demişdi ki, insafınız, olsun. Məni gözləyin, sonra qol vurmağa başlayın. Ondan sonra Cümşüd müəllimi gözləyirdik. O gələnə kimi top saxlayırdıq. Gələndən sonra isə qollar ard-arda gəlirdi. Meydanda istənilən formada, istənilən kombinasiyada qol vururduq. Hamısı da bir-birindən gözəl”.

1 oyunluq “Neftçi” karyerası
Həmin vaxt 2-ci dəstədə oynaya-oynaya SSRİ Kubokunun 1/8 finalına kimi irəliləyən “Kəpəz” tarixində bir uğura imza atmış oldu. 1/64 finalda Permin “Zvezda” komandasını penaltilər seriyasında məğlub edən gəncəlilər ardınca evdə “Pamir”ə 4:0 və “Torpedo”ya (Kutaisi) 1:0 hesabı ilə qalib gələrək 1/8 finalda Kiyev “Dinamo”suna rəqib olurlar. O vaxt kiyevlilərin qarşısında dayanan komanda tapılmırdı. “Dinamo”da Oleq Bloxin, Oleq Belanov, Anatoli Demyanenko, Aleksandr Çanov və digər əfsanələr oynayırdı. “Kəpəz” rəhbərliyi Çernobıl qəzasına görə oyunun Gəncədə keçirilməsini xahiş etsə də, ukraynalıların baş məşqçisi Valeri Lobanovski razı olmur. “Dinamo”nun 4 “cəbhə”də – Çempionlar Kubokunda, SSRİ çempionatında, SSRİ Kubokunda və Federasiyalar Kubokunda çıxış etməsini əsas səbəb kimi göstərən Valeri Vasilyeviç cavabında Gəncə stadionundakı atmosferdən xəbərdar olduğunu və burada oynayacaqları təqdirdə böyük çətinliklərlə üzləşəcəklərini də bildirir. “Dinamo”nun səviyyəsindən çəkinməyən “Kəpəz” Kiyevdə var gücü ilə oynayır. Lakin 1:2 hesabı ilə məğlub olur: “2-ci qolu oyunun başa çatmasına az qalmış Vasili Rats vurdu. Heç-heçə olsaydı, bəlkə də penaltilərdən “Dinamo”nu keçə bilərdik. SKA “Karpatı” ilə düşürdük. Lvov komandasının qapıçısı həmyerlimiz Elxan Rəsulov idi. “Çox şey” eləmək olardı”.

Əfqan Talıbovun “Neftçi”yə gəlişinin maraqlı tarixçəsi var. Fuad Musayev Yaltada dincələrkən “Dinamo” ilə oyuna baxırmış. Adıgözəlovdan soruşub ki, “10 nömrə” kimdir? O da “Neftçi”nin yetirməsi olduğunu bildirib. Fuad müəllimin göstərii ilə Əfqan Talıbov və Şakir Qəribov “Neftçi”yə gəliblər. O vaxt bütün futbolçular “Neftçi”də oynamaq arzusunda idilər. Əfqan müəllim isə əksinə, respublikanın əsas komandasına gəlmək istəməyib. Bu haqda fikrini komandanın baş məşqçisi Ağasəlim Mircavadov və rəisi Çingiz Abdullayevə də bildirib. Səbəb isə ehtiyatda qalmaq qorxusu idi: “Neftçi”də İsgəndər Cavadov, Maşallah Əhmədov, İqor Ponamaryov, Nazim Süleymanov kimi “əjdaha”lar var idi. Gəncədə 1500 rubl pul alırdım. “Neftçi”də isə bundan 10 dəfə az maaş verirdilər. Həm də bilirdim ki, “Neftçi”də heyətə düşə bilməyəcəm. Elə də oldu. İlk dövrəni əvəzedicilərdə keçirdim. Əsas komandada cəmi 1 oyunda meydana buraxdılar. “Quriya” (Lançxuti) ilə oyunda 1:0 qalib gəldik. “Neftçi” karyeram 1 oyundan ibarət oldu. İlk dövrə başa çatan kimi mən və Şahin Diniyev rəhbərliyin razılığını aldıqdan sonra yenidən “Gəncə”yə qayıtdıq. 1989-cu ilə kimi “Kəpəz”də oynadım. Baş məşqçimiz rəhmətlik Şamil Heydərov idi. Taktiki və fiziki cəhətdən çox güclü komanda qurmuşdu. 1990-cı ildə “Kəpəz”dən ayrıldım və Cənubi Saxalinə yollandım”.

“Mənə deyən lazımıydı ki, penalty vuran çıxmısan?”
Əfqan Talıbovu “Saxalin”ə həmyerlimiz Boris Tibilov dəvət etmişdi. Onunla yanaşı rus klubuna bir neçə futbolçumuz, o cümlədən Faiq Cabbarov, Vladislav Qədirov, Vitali Alxasov da yollanmışdılar. 2 il Rusiyanın şimalında qalan Talıbovun psixoloji vəziyyəti və maddi qazancı Azərbaycandakından qat-qat yaxşı idi. Gəl ki, Boris Qriqoryeviçin özünə köməkçi gətirməsi işləri korlayıb. Milliyətcə yəhudi olan Volıgin soyadlı yəhudi məşqçi Tibilovun “torbasını tikib” və onun yerinə dostunu gətirib. Tibilovsuz gəlmələrə qiymət verən olmadığından, bizimkilər məcbur olub Azərbaycana qayıdıblar. Artıq öz milli çempionatımız keçirilirdi. 1994-cü ildə “Neftçi”nin baş məşqçisi Vaqif Sadıqov və komandadakı köhnə futbolçu yoldaşları Əfqan müəllimi Bakı klubuna dəvət ediblər.

Statistikaya fikir versək, Əfqan Talıbov 1993-cü ildə “Saxalin”də oynaya-oynaya “Kəpəz”in heyətində meydana çıxıb. Bunun necə baş verdiyini nəql edim. Gəncə Kənd Təsərrüfatı Akademiyasının tələbəsi olduğu üçün imtahanlarda iştirak etmək məqsədilə Azərbaycana qayıdan Talıbovu şəhər prokurorluğuna aparırlar – səni göydə axtarırdıq, yerdə əlimizə düşübsən. Bəs, bu vaxta kimi haradasan? Demə, Əfqan Talıbovun adı komandanın iştirak ərizəsinə salınıb, amma özünü tapa bilmirlərmiş. Ona məcburi şəkildə “Kəpəz”də oynamalı olduğunu bildirirlər. Zavallı Əfqan müəllim nə edə bilərdi ki: “Turan”la oynayırdıq. Elə oldu ki, oyunun gedişində Mehman Allahverdiyevə qarşı cərimə meydançasında sərt oynadılar və hakim penalti təyin etdi. Bu anda “Turan” hakimin qərarı ilə razılaşmadı və meydanı tərk etdi. Ara qarışdı, məzhəb itdi. 15-20 dəqiqəlik məcburi fasilə yarandı. “Kəpəz”də penalti zərbəsini çox vaxt Mehman Allahverdiyev yerinə yetirirdi. Bu dəfə qardaşı Fizuli dedi ki, əgər vura bilməsən, Gəncədə səni yaxşı qəbul etməyəcəklər. Kənara çəkil, qoy başqası vursun. Heç kim məsuliyyəti üzərinə götürmədi. Axırda mənə tapşırdılar. Nə qədər etiraz etsəm də, xeyri olmadı. “Turan”ı birtəhər meydana qaytardılar. Məcbur olub penaltini vurdum, Nizami Sadıqov qaytardı. Mənə deyən lazımıydı ki, penalti vuran çıxmısan? Mən penalti vuran deyildim. Penaltini Mehman eləmişdi, gərək özü də vurardı. Onda gördüm ki, gəncəli azarkeşlər xətrimi nə qədər çox istəyirlər. Bir nəfər də olsun ünvanıma nəsə bir nalayiq, təhqiramiz söz işlətmədi. Ertəsi gün komandanın inzibatçısına getməyim barədə xəbər verib qayıtdım “Saxalin”ə. “Kəpəz”dəki son oyunum belə bir yaxşı olmayan hadisə ilə yadda qaldı”.

Əsl dost haqqında xatirələr
Tanıyanlar Əfqan Talıbovun “Şəmkir”in keçmiş prezidenti, rəhmətlik Şahbaz Süleymanovla yaxın dost olduğundan xəbərdardılar. Tez-tez Şahbaz müəllimi xatırlayan müsahibim, onunla tanışlıqdan, xatirələrdən də danışdı. Talıbov “Şəmkir”ə məhz onun dəvəti ilə gedib. Futbolçu karyerasını bu klubda bitirib, məşqçi kimi isə ilk iş yeri Şəmkir klubu olub: “Həyatda dostlarım çoxdur. Amma bir nəfər əsl dost idi. Allah rəhmət eləsin, haqq dünyasındadır. Onunla ailəvi dost idik. Həmin insan Şahbaz Süleymanov idi. Şahbaz müəllimlə ilk dəfə Gəncədə tanış olmuşdum. 1986-ci il idi. “Kəpəz”in ev oyunlarına respublikanın hər yerindən azarkeşlər gəlirdi. Onlardan biri də Şahbaz müəllim idi. Əsas tribunanın altında, 4-cü sırada onun yeri var idi. Həmişə oyuna oradan baxırdı. Rəhmətlik həmin vaxt cavanıydı. Yalan olmasın, 200 kq-dan çox çəkisi var idi. Hündürboylu, dolu bədənli birisiydi. Gəncə stadionu dəmiryol vağzalının yaxınlığında yerləşirdi. Mən də vağzal uşaqları ilə dostluq edirdim, tez-tez orada yaşayan Asifgilə gedirdim. Meydanda da daha çox Şahbaz müəllimin əyləşdiyi tərəfdə oynayırdım. Fintlərim, oyunum onun xoşuna gəlmişdi və Asif Əliyevdən xahiş eləmişdi ki, onu “10 nömrə” ilə tanış eləsin. Beləcə, Şəmkirdəki evlərinə qonaq çağırdı. O vaxtdan Şahbaz müəllimlə aramızda dostluq münasibətləri başladı.

“Şəmkir”ə gəlişimin də maraqlı tarixçəsi var. “Xəzri”də oynayırdım. Komanda finala çıxmışdı və “Kəpəz”lə qarşılaşmalı idi. Finaldan bir qədər əvvəl çempionat oyununda məğlub olmuşduq. Komandanın prezidenti Malik Atakişiyev əsəbiləşərək futbolçulara demişdi ki, əşyalarınızı yığıb gedin, mənə lazım deyilsiniz. Onun bu sözləri xətrimə dəymişdi. Ona görə də nə qədər xahiş-minnət eləsələr də, final oyununa çıxmaqdan imtina elədim. Tribunada Şahbaz müəllimlə bir yerdə idik. O vaxt mənə dedi ki, “Şəmkir” qapazaltı olub. Hər gələn 3-4 dənə qol vurub gedir. Doğrudan da “Şəmkir”də vəziyyət acınacaqlı idi. Futbolçular oyuna çıxmağa buts tapa bilmirdilər. Mənə komanda yığmağı tapşırdı. Mehman Yunusov, Rauf Mehtiyev, Rövşən Əhmədov və digərlərini komandaya gətirdim. Qalan oyunlarda vacib xallar toplayaraq yüksək dəstədə qala bildik. “Şəmkir”də bir mövsüm oynayan məşqçi kimi çıxış elədim. Adətən sona 10-15 dəqiqə qalmış meydana çıxırdım. Futbolçular görmədikləri mühitə düşmüşdülər. Qələbə qazananda alınlarının təri qurumamış mükafatlarını paylayırdım. Qara zurnanın sədaları altında rəqs etməmiş azarkeşlər onları meydandan çıxmağa qoymurdular. Şəmkirdəki oyunlara 10-15 min azarkeş gəlirdi. İndi hanı həmin azarkeşlər? Sonradan bəzi insanlar zəhmətimi yerə vurdular. Fuad Musayev cənablarının məsləhəti ilə “Şəmkir”ə ağsaqqal məşqçimiz təyin olundu. Komandanı mən yığmışdım. Amma uğur başqalarının adına yazıldı. O vaxt Şahbaz müəllimlə halallaşıb komandadan ayrıldım. Amma onunla dostluq əlaqələrim qalırdı. Şahbaz müəllim elə bir insan idi ki, ondan incimək günah olardı”.

Əfqan müəllim Şahbaz Süleymanovla bağlı iki maraqlı əhvalat da danışdı. Rəhmətlik zarafat etməyi çox xoşlayırmış. Əfqan müəllimlə işi olmasa da, bir dəfə onu da pis vəziyyətdə qoyub. Tez-tez futbolçuları evinə dəvət edən klub prezidenti onlarla bir yerdə şam etməkdən, futbola baxmaqdan ləzzət alırmış. Otağı da o qədər isti eləyirdi ki, dayanmaq olmurdu. İsti də vuranda adam xoşhallanır, mürgüləyir. “Duxun” var idi yuxuya gedərdin. Bir dəfə istinin təsirindən Əfqan müəllim oturduğu yerdə yuxulayır. Bir də başından bir vedrə buz kimi soyuq su töküləndə ayılır. Yalan olmasın, tavana kimi tullanan Əfqan müəllim o vaxtdan bir də Şahbaz müəllimin yanında mürgüləməyi tərgidir.

Şahbaz müəllim həm də çox səxavətli insan idi. Pulu özünün düşməni hesab edirdi. Bir dəfə Zabrat qəsəbə stadionunda “İnter” “Neftçi” ilə qarşılaşırmış. Əfqan müəllimlə həmin oyuna baxmağa gedirlər. Stadionun qənşərinə çatanda kassanın qarşısında xeyli uşağın dayandığını görürlər. Uşaqlar stadiona girmək istəyirlər, amma pulları olmadığından bilet ala bilmirlər. Şahbaz müəllim onların hamısına bilet alır. Səhhəti ilə əlaqədar ona avtomobilini meydanın yanına kimi sürməyə icazə vermişdilər. Oyun başlayar-başlamaz bir də görürlər ki, azarkeşlər “Şəmkir, Şəmkir!” deyə qışqırırlar. Futbolçular məəttəl qalırlar ki, axı, meydanda “Şəmkir” yoxdur. Azarkeşlər niyə belə eləyirlər? Qapının arxasında Şahbaz müəllimin avtomobilin görəndən sonra məsələnin nə yerdə olduğunu anlayılar: “Şahbaz müəllim Azərbaycan futbolu, “Şəmkir” üçün çox işlər görmüşdü. Onun vəfatı futbolumuzun adına böyük itki idi”.

Bir az təbəssüm
Təbiətcə zarafatı, deyib-gülməyi xoşlayan insan olan Əfqan Talıbov futbolda indiyə kimi rastlaşdığı maraqlı hadisələrdən samballı bir kitab yaza biləcəyini deyir. Həmsöhbətimdən onlardan bir neçəsini danışmağını xahiş etdim. Böyük həvəslə ilk yadına düşənləri söylədi: “Vidadi Rzayev, Elxan Həsənov, Şahin Diniyev yalan danışmadığımı sübut edə bilərlər. Taqanroqda oynamalı idik. Bizdən əvvəl “Göyəzən” onlarla qarşılaşmışdı. Bizə dedilər ki, Taqanroqdakı stadionda işıqlar oyunun başa çatmasına 15 dəqiqə qalmış yandırılır və çox zəifdir. Komandamızın baş məşqçisi rəhmətlik Sergey Kramarenko idi. Arzu Mirzəyev ona yaxınlaşıb gecə projektorların kabelini kəsmək üçün icazə istədi. Gəncədə rusları 2:0 hesabı ilə məğlub etmişdik. Bəhanə gətirirdilər ki, guya hakim kömək edib. Ona görə əlimizdən yanıqlı idilər. Kabeli kəssək, işıqlar yanmayacaqdı və rəqibə texniki məğlubiyyət veriləcəkdi. Kramarenko razılaşdı. Gecə Arzu Mirzəyev, Məhəmməd Məhəmmədov və Ruslan Hüseynov gizlincə kabeli baltaladılar. Ertəsi gün oyuna çıxmışıq. Özümüzə bənzəmirik. Arxayınıq ki, hansı hesabla məğlub olsaq, sonda 2 xal bizim olacaq. İlk hissədə 2 qol buraxdıq. İkinci hissənin axırına yaxın hesab 0:4 idi. Hakimdən matçın başa çatmasına nə qədər vaxt qaldığını soruşdum. Dedi ki, 16 dəqiqə. Üzümü Vidadiyə tutub “1 dəqiqədən sonra işıqları yandırmaq istəyəcəklər. Qoy kef eləsinlər” dedim. 1 dəqiqə sonra işıqlar yandı. Təəccüblə bir-birimizin üzünə baxdıq – nə baş verirdi? Oyunu xilas eləməyə vaxt da qalmamışdı. 15 dəqiqəyə 4 qol vurmaq mümkün deyildi. Sonra məlum oldu ki, bizimkilər projektorun kabelləri əvəzinə telefon kabellərini kəsiblər. Taqanroqun 1-ci katibi, prokuroru, milis rəisi, bir sözlə yüksək vəzifəlilərin heç birinin kabinetində telefonlar işləmir. Şəhərdə cinayətkarların axtarışına başlanılıb. Qısası, “əməliyyatımızın xeyri”ni bizimlə yanaşı onlar da gördü.

“Kəpəz”lə bağlı bir maqalı hadisə də danışım. Anqolaya getmişdik. Təyyarədə qapıçımız Xaliq Qafarov həyəcan keçirmişdi. Xaliq hərbi xidməti Əfqanıstanda keçmişdi. “Duşman”lara qarşı vuruşmuşdu. Stadion aerodromun yaxınlığında idi, tez-tez təyyarələrin səsi gəlirdi. Oyun gedəndə bir də baxdıq ki, Xaliq qapını qoyub qaçır. Mehman Alahverdiyev birtəhər onu sakitləşdirdi, “ay Xaliq hara qaçırsan?”. Demə, aerodromdan təyyarə qalxanda Xaliqə elə gəlib ki, “duşman”lar gəlir. Zavallı yaman qorxmuşdu”.

UEFA Kubokunda Polşanın “Qutnik” komandası ilə qarşılaşan “Xəzri” səfərdəki ilk oyun da 0:9 hesabı ilə məğlub olmuşdu. Oyundan sonra Polşa mətbuatı komandanın kapitanı kimi Əfqan müəllimdən müsahibə götürür və jurnalist nə qədər məvacib aldıqlarını soruşur. Rəhmətlik Malik müəllim öz dilimizdə kənardan “Əfqan, heç olmasa 2 min aldığınızı söylə” deyir ki, biabır olmasınlar: “Bilirsiniz nə qədər pula oynayırdıq? Cəmi 200 dollara. “Qutnik” ilə cavab oyununa hazırlaşırdıq. Son məşqdə məşqçimiz Nadir Qasımov futbolçulara tapşırdı ki, penaltiləri məşq edin. Hər şey ola bilər. Ruslar demişkən, “çem çort ne şutit”. Hərfi tərcümə bir qədər yaxşı alınmır. Mənası təxminən belədir – sən saydığını say, gör fələk nə sayır. Bizi gülmək tutmuşdu. Amma futbolda hər şey baş verir. Bakıdakı oyunda 2:0 hesabı ilə irəlidəydik. Qolların birin də mən vurmuşdum. Amma sonradan 2 top buraxdıq”.

Fikirlərini bizimlə bölüş!