AFFA-nın saytındakı başlığı gördüm yadıma düşdü. Əvvəla, bu tarixi qalibiyyət münasibətilə Cahangir Fərəculıayev başda olmaqla tarix yazan hər kəsi ürəkdən təbrik edirəm.
Cahangir müəllim orta məktəbi təzəcə bitirəndə – 1999-cu il, iyunun 5-i Tofiq Bəhramov adına Respublika stadionunda mərhum Əhməd Ələsgərovun baş məşqçisi olduğu Azərbaycan milli komandası Qurban Qurbanov, Vyaşeslav Lıçkin, Zaur Tağızadə və Mirbağır İsayevin qolları ilə Lixteyteyni 4:0 uddu. Mən bu matçda işləyirdim və millimizin heyətində Narvik Sirxayevin 4 qol ötürməsi verdiyini xatırlayıram.
2017-ci il, sentyabrın 4-ü Robert Prosineçkinin baş məşçisi olduğu millimiz indiki "Palms Sports Arena"da Əfran İsmayılovun dublu, Araz Abdullayev, Rəşad Sadıqovun hərəyə bir qolu (rəqib 1 qolu öz qapısına vurmuşdu) ilə San Marinonu 5:1 uddu. Bu oyunda da stadiondaydım.
Nəhayət, bu gün Ayxan Abbasovun baş məşqçisi olduğu millimiz Sent Lüsiyanı 6:1 udub ölkəmizin əsas komandasının tarixində ən böyükhesablı qələbəsini qazandı.
Rəqibin səviyyəsini hamı gördü. Həmin Lixteynşteyn və San Marinodan da zəif idi. O gün Saatlıya oyuna getməyə pul tapmayan 2-ci Liqa təmsilçisi "Quba" bu məhəllə komandasından daha səviyyəlidi.
Amma bu, faktı dəyişmir. Səmimi deyim ki, Fernandu Santuş qalsaydı, belə böyükhesablı qələbə qazanacağımıza da inanmıram.
Ayxan Abbasovun və futbolçularının əməyinə kölgə salmaq istəmirəm. Amma AFFA bu həvəskar komandayla oyuna görə mükafat verəcəksə, futbolçuların və məşqçilərin həmin pulu uşaq futbolu üçün hansısa bir xeyirxah işə bağışlaması gözəl hərəkət olar.




Fikirlərini bizimlə bölüş!