Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Tarixi unudanlar

Sentyabrın 17-si milli komandamızın ilk dəfə meydana çıxdığı gündü. Düz 25 il əvvəl həmin gün Bakıdan qatarla Gürcüstana gələn azərbaycanlı futbolçular müasir Azərbaycan tarixinin yeni səhifəsini yazıblar. Gürcülərə 3:6 hesabıyla uduzduğumuz oyunun nəticəsi bizim üçün vacib deyildi. Əsas o idi ki, millimiz meydana çıxsın, oyunun protokolu FİFA və UEFA-ya göndərilsin. Bununla da rusların Azərbaycan futbolunun qaymaqlarını oğurlamaq cəhdinin qarşısı alındı, millimiz ilk kövrək addımını atdı. Təkcə elə bu uğurlu cəhdinə və uzaqgörən davranışına görə artıq haqq dünyasına qovuşan Fuad Musayevə min dəfə rəhmət oxumalıyıq.
25 il əvvəlki tarixi günlə bağlı həm rəhmətlik Musayevin, həm də millinin ilk kapitanı Nazim Süleymanovun xatirələrini dəfələrlə dinləmişəm. Dinlədikcə də onların keçirdiyi hissləri yaşamışam, duyğularını paylaşmışam. Fuad Musayev nəql edirdi ki, təyinat məntəqəsi kimi Bakının dəmir yol vağzalını seçmişdik, son ana qədər kimlərinsə fikrindən dönəcəyindən, rusların uşaqları yoldan çıxaracağından narahat idim. Süleymanov da həmin günləri çox həyəcanla xatırlayır, rusların böyük vədlərinin, bəzən də hədələrinin öhdəsindən necə gəldiyini, vağzalda toplaşan dostlarına özünü necə çatdırmasını danışdıqca gözləri parıldayırdı.
Həqiqətən də böyük tarixdi. Hamımız bilirik ki, 1992-ci ildə ölkəmiz necə çətin günlərdən keçirdi. SSRİ dağılmış, müstəqilliyini bərpa edən respublikamız kövrək və qətiyyətli addımlarını atmağa başlamışdı. Əbülfəz Elçibəy rus qoşunlarını ökəmizdən çıxarmağa, milli valyutamızın möhkəmlənməsinə, ordu quruculuğuna və Qarabağdakı haqq savaşımızda ermənilərin burnunun ovulmasına bütün varlığı ilə çalışırdı. Bu qədər problemin arasında futbolun yada düşməməsi, ora ayıracaq diqqətin, zamanın və ya maliyyənin olmaması da başadüşülən idi. Yaxşı ki, Fuad Musayev əsl vətəndaş mövqeyi sərgiləyib, vətənpərvər futbolçularımız da onun çağırışına səs verib, Azərbaycan millisinin ilk və tarixi oyununun iştirakçısına çevrilməyi bacarıblar.
Qəzetimizin dünənki sayında həmkarım Farizin AFFA-ya ünvanladığı sorğuya qurumun sözçüsü Mikayıl Nərimanoğlunun cavabını böyük təəssüf hissi ilə oxudum. Adam nə etsin, başı “Kəpəz”in oyunlarına, Gəncənin quru adını daşıyan klubun problemlərinin həllinə qarışıb. Şübhə etmirəm ki, təkcə Nərimanoğlunun yox, AFFA-da çalışanların əksəriyyətinin həmin tarixi gündən xəbəri yoxdu. Sözə baxın hələ, yığma 25 illiyini San Marinoya vurduğu 5 qolla qeyd edibmiş. Mikayıl bəy, bizim böyük tariximizi belə ucuz qələbələrə tay tutmayın. Sizi qınamıram. Məgər AFFA-nın baş katibi Elxan Məmmədov UEFA İcraiyyə Komitəsinin üzvlüyünə namizəd olduğu vaxt müsahibələrində Azərbaycanda futbolun onların kürsüyə əyləşməsindən sonra inkişafa başladığını, onlara qədər heç bir infrastrukturun və uğurun olmadığını demirdimi? İsveçrəni məğlub edən, Portuqaliya ilə heç-heçə oynayan, Serbiyanı diz çökdürən millidən onların xəbəri yoxdu. Hər şeyin tarixi AFFA-nın hazırkı rəhbərliyi ilə başlayıb. Gülümsəyin, dostlar. Necə ki, mən acı-acı gülümsəyirəm.
Onlar bilməsə də, biz bilirik və heç vaxt da unutmayacağıq. AFFA-nı ələ keçirmək üçün hansı hoqqalardan çıxmırdılar? Hamısı gözlərimizin önündə yaşanıb və yaddaşımızda silinməz izlər buraxıb. O vaxtlar AFFA Bakının hər qəsəbəsində bir arena inşa etdirəcək qədər maddi imkanlara sahib deyildi. Amma milliyə azarkeş inamı və sevgisi böyük idi. Yığmanın hər ev oyununda anşlaq yaşanırdı. Bakıda beynəlxalq tələblərə cavab verən başqa stadionun olmadığını bilə-bilə Gənclər və İdman Nazirliyi öz tabeliyində olan Respublika stadionunda təmiri çox ləng aparırdı, tribunalardakı taxta oturacaqların plastik kreslolarla əvəzlənməsi aylarla süründürülürdü. 1999-cu ilin martında keçirilən Rumıniya ilə oyuna yalnız yeni oturacaqların sayı qədər bilet satılmışdı. Qəzəbli kütlə dəmir darvazaları aşırıb, stadiona daxil oldu. Taxta oturacaqların söküldüyü beton döşəmənin üzərində milliyə dəstək verdi. Stadionda təhlüksizliyin təmin olunmadığına və biletsiz azarkeşlərin tribunalara yol tapdığına görə UEFA AFFA-nı böyük məbləğdə cərimələdi. 3 ay sonra kresloların sayında dəyişiklik yox idi. Belədə Lixtenşteynlə oyunda milli 5-6 min azarkeşin alqış və dəstəyi ilə 4:0 hesablı qələbə qazandı. Bu yaxınlarda 18 illiyini xatırladığımız Portuqaliya ilə möhtəşəm oyunda yaşananlar isə inanılmaz təzyiq və təxribatın pik nöqtəsi idi. Hələ birinci hissənin gedişində işıqlar söndürüldü. Çox keçmədən enerji bərpa olunsa da, fasilədə stadion birdəfəlik qaranlığa büründü. Bu iyrənc əməlləri törədənlər millimizin texniki məğlubiyyətinə sevinmək arzusundaydılar. Amma Portuqaliya tərəfi əsl mərdlik göstərdi və ertəsi oyunun qaldığı yerdən davam etdirilməsinə razılaşdılar. Məhz həmin gün futbol tariximizin daha bir şərəfli səhifəsi yazıldı, unudulmaz bərabərliyə sevindik.
Biz bütün bunları yaşamışıq. İndi AFFA-nı idarə etmək üçün xüsusi bacarıq, beynəlxalq aləmdə nüfuz da tələb olunmur. Bir az pul bölmək qabiliyyətin, bir az da “parçala, hökm sür” siyasətini tətbiq etmək bacarığın oldumu, kifayətdi. Qoy tariximizdən bixəbərlər öz işlərində olsunlar. Biz yaşadıqca, şərəfli tariximiz də yaşayacaq!

Fikirlərini bizimlə bölüş!