İndi bütün dünyada olduğu kimi Azərbaycanda da futbol qumarbazlarının ən fəal olduğu dövrdür. Avropada futbol üzrə milli çempionatlar, üstəgəl Avropa miqyaslı turnirlər avqustun sonları-senytabrın əvvəllərində başlayır. Futbol qumarbazlarının “fəaliyyəti” də üzü payıza doğru qızışır.
Son vaxtlar Azərbaycanda futbol qumarına qurşananların sayı artıb. Buna dəb demək də olmur. Amma ad, izah tapmaq da mümkün deyil. Ən pisi odur ki, azyaşlılar, məktəblilər də “bəxtini tez-tez sınayır”.
Daha maraqlısı budur ki, sadə dillə desək, “şot” yazanlar arasında artıq xanımların da sayı artır. İndi “Topaz” məntəqələrində (ölkə üzrə onların sayı 350-dən çoxdur) zərif cinsin nümayəndələrinə də rast gəlmək olar.
Bunu elə el arasında “futbol qumarxanası”, rəsmi şəkildə isə bukmeyker kontoru adlandırılan “Topaz” məntəqələrindən də təsdiqləyirlər. Bu haqda az sonra.
Futbol qumarı oynanılan “Topaz”ın Bakıdakı bir neçə məntəqəsinə baş çəkib, getdiyi ilk ünvan “Topaz”ın Puşkin küçəsində yerləşən məntəqəsi olduq.
Adının çəkilməsini istəməyən sahibkar əvvəlcə danışmaq istəməsə də sonradan giley-güzara başladı. Deyir ki, bu biznesdən az gəlir götürür: “Bizə hesab yazmağa hər cür insanlar gəlir. Cavanından tutmuş yaşlısına kimi. Qadın müştərilərimiz də olur. Qadınları futbolda hesab yazmağa ən çox kişilər yoluxdurur. Elə qadın var ki, onun əri, sevgilisi, qardaşı və ya dostu daimi müştərimizdir. Bəzən birgə gəlib “şot” yazırlar. Belə-belə, arvadlar da ərlərinin yolunu tutur. Yaxınlıqdakı ofisdə çalışan üç gənc qız daimi müştərimizdir. Hər həftə pul qoyuluşu edirlər. Məbləğ çox böyük olmasa da hər halda azartları var. Çox zaman heç uda da bilmirlər, amma oynamaqda davam edirlər. Bundan başqa, bura tələbələr çox gəlir. Aralarında bir neçə qız da var. Tələbə yoldaşlarına qoşulub gəlirlər. Söhbətlərindən başa düşmək olur ki, futbolu pis bilmirlər. Bilmirəm, bu həvəs qızlarda, xanımlarda bəlkə də heç pul udmaq istəyindən yaranmayıb. Sadəcə bəlkə də əyləncədir, maraqdır, vaxtlarını bu cür keçirirlər. Deyə bilmərəm. Amma hər halda gəlirlər”.
Sahibkar məntəqəni işlətmək üçün ayda 1000 manat icarə pulu verdiyini, amma gəlirinin az olduğunu bildirir: “Çünki biz yığılan məbləğin 4%-ni alırıq. Uduşlardan isə 1% götürürük. Bundan əlavə 2% dövlətə vergi veririk. Əvvəllər vergini “Topaz” özü ödəyirdi. İndi isə bunu da bizim üstümüzə qoyublar. Siz elə bilirsiniz ki, “Topaz” işlədənlərin hamısı yaxşı pullar qazanır? Bəli, elə günlər olur ki, yaxşı pul tutmaq olur. Ancaq bu davamlı olmur”.
Bəs hesab yazmağa gələnlərin içərisində ən çox əhalinin hansı təbəqəsinə rast gəlmək olar?
Məntəqənin sahibi bu suala belə cavab verdi ki, burada 18 yaşından yuxarı kişilər üstünlük təşkil edir: “Cavan uşaqların futbola həvəsi olduğundan onlar daha çox “şot” yazırlar, ancaq az stavka qoyurlar. Amma yaşlı təbəqədə pul çox olduğundan onlar cavanlardan çox pul qoyurlar. Qoyulan pullar nə qədər çox olsa, bir o qədər yaxşıdır. Çünki biz oradan faiz götürürük. Bir çox müştərilər elə bilir ki, onların məğlub olması bizim xeyrimizədir. Halbuki biz istəyirik ki, onlar udsunlar və biz ordan da öz 1 faizimizi götürək. Təbii ki, udan insanların sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Ümumən götürəndə böyük məbləğdə pul udanlar istisna olmaqla uduzanları sayı udanlardan çoxdur”.
“28 may” metrosu yaxınlığında yerləşən məntəqələrin birinin Samir adlı işçisi ilə söhbətləşirik. Samir də futbol qumarından əvvəllər çox pul qazandıqlarını deyir: “Ümumiyyətlə, əvvəllər bu, çox gəlir gətirən biznes idi. Mən 2007-ci ildə bu işlə məşğul olanda qanun futbolda hesab yazmağı qadağan edirdi. Buna baxmayaraq Bakıda bukmeyker kontorları var idi. O vaxt yaxşı pul qazanırdıq. Mənim “Nizami” metrosu yaxınlığında kafem var idi. Mən güclü kontorlardan biri olan “Gamebookers”lə işləyirdim. Ayda 500 manat icarə pulu, 700 manat da yuxarıda bir “daydayım” var idi, ona verirdim. Vergi və digər xərcləri bir yerdə götürsək, aya 1500 manatdan çox xərcim çıxırdı. Amma yaxşı dolanırdım. Çünki o vaxtlar futbol qumarı qanunsuz idi və biz mərkəzi kontordan 13-14% pul alırdıq. Bundan başqa hesabların çoxusunu kontora göndərmirdik. Futboldan yaxşı başım çıxdığına görə bilirdim ki, müştərilərin yazdığı hesabların çoxu düzgün gəlməyəcək. Təbii ki, “yanan” vaxtlarımız da olub. Ancaq ümumən götürsək, pis pul qazanmırdıq. Əvvəllər Allaha dua edirdim ki, camaat uduzsun, indi isə tam əksini edirəm. Çünki müştərilər udduqları pulun 1 faizini bizə verir”.
Yasamal rayonunda “Topaz” kontoru işlədən və adının çəkilməsini istəməyən sahibkar daha çox məktəblilərin valideynlərindən narazıdır. O, arabir bəzi valideynlərin qəzəbli reaksiyası ilə üzləşdiyini deyir: “Bizim kontorda hər şey qanuni və azaddır. Bura həm qadınlar, həm də kişilər hesab yazmağa gəlirlər. Çox maraqlı vəziyyətlərlə üzləşirik. Bir də görürsən ki, valideyn gəlib bizdən onun övladının burda pul qoyub-qoymadığını soruşur. Təbii ki, bizim cavabımız həmişə birmənalıdır. 18 yaşından yuxarı olan vətəndaşların hesab yazmağa ixtiyarı var. Amma azyaşlıları məntəqəyə buraxmıram. Özünüz düşünün, hansı adam 5-10 manata görə 18 yaşından aşağı olan uşaqdan pul götürər? Bizim obyektə həmişə polislər gəlib-gedirlər, yəni nəzarət güclüdür. Əgər belə bir hal olsaydı, məni çoxdan cərimələyirdilər”.
Sahibkar “qadın müştəriləriniz də varmı, onlar ən çox hansı idmana növünə pul qoyurlar” sualını belə cavablandırdı: “Qadın müştərilərimiz də olur. Tez-tez gəlirlər. Aralarında gənc tələbə qızlar, ofis işçiləri də var. Bəzən dəstə ilə gəlirlər. Udduqları hallar da çox olub. Futbol ən məşhur bir idman növü kimi həmişə brenddir. Ancaq elə qadınlar var ki, basketbola, voleybola da pul qoyurlar. Bizə arabir bir yaşlı qadın gəlir. Deyəsən, milliyyətcə rusdur. O, həmişə it yarışlarına pul qoyur. Onu da deyim ki, həmin qadın 5 dəfədən 3-nü udur”.
Bundan əlavə sahibkar qeyd etdi ki, onun obyektinə hesab yazmağa gələnlərin çoxu əhalinin aztəminatlı təbəqəsindən olanlardır: “Elə insanlar var ki, nisyə kupon yazmağı xahiş edirlər. Məsələn, biri bankın pulunu ödəməlidir. Gəlib ki, bəxtini sınasın. Çox hallarda uduzurlar. Çünki burada udmaq üçün futboldan gərək azdan-çoxdan başın çıxsın”.
Futbol qumarının başqa üzü də var. Bu da gənclərin, əsasən də tələbələrin və yuxarı sinif şagirdlərinin elliklə “şot” yazmağa qurşanmasıdır. “Topaz”xanalar bakılı valideynlərin ən yaralı yeridir desək, yanılmarıq.
Bu məsələ ilə bağlı bir neçə valideyn bizə müraciət edib. Onlar övladlarını bu yoldan yığışdırmaqda çətinlik çəkdiyini deyir: “Uşağım 10-cu sinifdə oxuyur. Qanuna görə, 18 yaşı tamam olmayan uşaqlara futbolda variant yazmaq qəti qadağandır. Amma mən bilirəm ki, yenə də yazırlar. Bunun qarşısını bilmirəm necə alım. Mən uşağa pul verirəm ki, getsin məktəbdə özünə yemək alsın. Ancaq verilən pullara gedib futbolda hesab yazır. Hökumət gərək bu biznesi qəti qadağan etsin”.
Qeyd edək ki, bir müddət öncə Milli Məclisin bir neçə deputatı bukmeyker kontorlarının bağlanması tələbi ilə çıxış edib. Deputatlar bu cür kontorların ailələrdə münaqişələr yaratdığını, onlara fəlakət gətirdiyini vurğulayır.
Onlar futbol qumarı oynayanların valideynlərinin, həyat yoldaşlarının, yaxınlarının habelə bir sıra universitet rəhbərlərinin şikayətlərini əsas gətiriblər. Vəziyyət o həddə çatıb ki, bəzi insanlar bu qumar oyunlarında maşınlarını, evlərini də uduzublar.
Bundan sonra adamın “oyunçu aparsın” deməyə də dili gəlmir…




Fikirlərini bizimlə bölüş!