Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Trol fanat prototipi

Diqqətli oxucu bilir, şəxsi işlərimlə bağlı uzun müddət idi yazmırdım. Yazmadığım zaman kəsiyində ölkə futbolunda ciddi sarsıntılar olub. Bunların ən başlıcası birvaxtlar futbol elitasının əsas derbisində qarşılaşan tərəflərlə bağlıdı. “Xəzər Lənkəran” futbol səhnəsindən getdi. “Neftçi” isə AFFA-nın Müşahidə Şurası oyununda xəstəliyə yoluxmuş klublardan birinə çevrildi. Fəal jurnalistika ilə məşğul olmasam da, bu prosesləri, olanların kökünü təşkil edən hadisələrin xronologiyasını diqqətlə izləmişəm. Ötən həftə həmin bildiyim məqamlardan yola çıxaraq “feysbuk” səhifəmdə bir nəbz yoxlaması etmək istədim. Nəticədə hər iki klub böyük camiəni təmsil edir. O camiələrin mənə görə ən qiymətli kəsimi azarkeşlərdi. Məsələn, “Xəzər Lənkəran”la birlikdə ölkə futbolu azı 100000 futbolsevəri itirmiş sayılır. “Neftçi”nin indiki vəziyyəti onminlərin futbola tüpürməsinə real səbəbdi.
Əvvəl cənubluların düçar olduğu durumu “status” elədim. Fikirləşdiyimi yazdım. Dedim ki, bu klubun başına gələnlərin ən böyük günahkarı Tuyqun Nadirov idi. Maraqlısı isə odu ki, görəsən, Mübariz Mənsimov “niyə belə oldu” sualını özlüyündə aydınlaşdıra bilibmi? Hardadı Nadirov? Bəlkə hələ də “Palmali”nin ştatında qalır?
Lənkəranlı, cənubdan olmayan “Xəzər Lənkəran”lı azarkeşlər çox maraqlı şərhlər yazdılar, Mais Mənsimovu suçalayanlar, nəticəni siyasi səbəblərə bağlayanlar oldu. Yekunda həmin şərhlərin cəmindən ortaq bir fikir çıxara bildik. Hamı “Xəzər Lənkəran”ın gedişinə təəssüflənir və əksəriyyət klubun normal idarə olunmaması faktını əsas səbəb sayır, qəbullanır.
Təbii, belə intellektual müzakirə zəminində insanda fərqli ideyalar yaranır. Şəxsən mən cənublu azarkeşlərin vəziyyətə yanaşmasını görəndən sonra “Xəzər Lənkəran”ın qaytarılması ideyasını təbliğ edən müəyyən sosial tədbirlər düşünməyə başlamışam, qismət olsa, icrasına çalışacacağıq.
İkinci statusumuz digər mövzunu ehtiva edirdi. “Futbol+”in əməkdaşı yaxınlarda təsadüfən FIFA agentinin “votsap” avatarında paylaşdığı sənədi aşkarlayıb. Məlum olub ki, klub prezidenti Orxan Hüseynzadə braziliyalı futbolçunun 1 il üçün 120 min ABŞ dolları qarşılığında xiddmətində maraqlıdı. Hüseynzadə icraçı direktordu və çox təbii, belə məktbula kluba futbolçu dəvət etmək səlahiyyəti var. Ancaq “Futbol+”in həmin materiala atdığı başlıqda qeyd edildiyi kimi, “bitmiş futbolçu”nu cəlb etmək istəyinin adı səlahiyyətin verdiyi maraq çərçivəsindən çıxır, başqa “maraq” olur. Sözügedən Junior Silvanı mən qəzetin manşetinə və o yazıdakı faktlara görə eyni ilə “bitmiş” adlandırmamışdım. Klub idarəçiliyində olanlar bilir, dünyaca istifadə olunan, “vayskaut” proqramı var. Sirr açım, biləsiniz ki, bəndəniz də həmin proqrama daxil olmaq imkanlarına sahib biri olduğundan, istənilən futbolçunun son vəziyyətini öyrənmək üçün bircə saatımı sərf edirəm. Uzun sözün qısası, Souzanın Braziliya B seriyasında ABC-nin heyətində son durumunu araşdırdım, gördüm ki, bəli, adam doğrudan da bitib. Belə futbolçuları birvaxtlar Bəhruz Şirəliyevlə Bəhmən Həsənov “youtube”də izləyib, ayı 2000 dollar maaşla “Rəvan”a gətirirdilər (elə Junoru da “Neftçi” nə hikmətsə, gətirəsi olmadı. Aydın olub ki, ayın 9-da bağlanmış müqavilə ilə futbolçu Tayland klubuna keçib. Məlumat üçün deyim ki, maaşı da aylıq cəmi 5000 ABŞ dollarıdı – R.Ş.) Statusda da həmin aşkar edilmiş məktubu paylaşdım, yazdım ki, “Neftçi” azarkeşi bu məsələyə necə baxır? Paho! Başladı, nə başladı…
Biri yazdı ki, sən futbolu bilsəydin, futbolun içində olardın. O biri yazdı ki, indi biz hardan bilək ki, bu məktub düzdü, ya səhvdi, “Neftçi” azarkeşi hər şeyi bilir, sən kimsən ki? Digəri dedi ki, sənin bütün yazılarını izləyirəm, ancaq “Neftçi”ni pisləyirsən? Başqası yazdı ki, “Neftçi” boyda daş düşsün başına və s. və i.a.
Peşman oldum, inanın, beləsini heç gözləmirdim. Məsələyə nikbin baxıb, düşünmək olar ki, “Neftçi” azarkeşi rəhbərliyini sevir, onun arxasında durur, halal olsun!
Gəl ki, söhbətin hansı rəhbərlikdən getdiyini də bilirik axı. Onda hanı o böyük “Neftçi” azarkeşi? Hanı Ceyhun Əzizli, məsələn? Mənim üçün maraqlıdı, çox yox, 10 il əvvəlin fanklublar fəaliyyəti dövründə adları üzdə olan, olmayan başqa azarkeşlərdəmi belə düşünür?
“Xəzər Lənkəran” uçuruma gedən ərəfədə, ondan çox əvvəl də nadirovları işarə edirdik. Mövzunu kluba media basqısı kontekstinə çəkən trollar onda da ortadaydı. Savaşırdılar. Axırda onları yedizdirənlər klubu məhv etdilər. Təbii ki, trol saxlayan pulların mənbəyi yoxa çıxandan sonra trollar da it-bat oldu. Ortada kim qaldı? Ürəyi ağrıyan gerçək azarkeşlər. İndi “Xəzər Lənkəran”ın yoxluğunu trollarla yox, gerçək azarkeşlərlə müzakirə edirik və hansısa nəticəyə gələ bilirik. “Neftçi” azarkeşi adından isə trollar mikrofondadı. Təəssüf, çox təəssüf…
Konkret adları “Neftçi” dəyərinin üstünə çıxaranların fanat adlandırıldığı bir dönəmə gəlmişik. Deməli, Elxan Məmmədovun “maşın”ı 1930-40-cı illər Almaniyasının nasist sistemi kimi işləyib. Bu nasistlər “Neftçi”nin, sadəcə, rəhbərliyini, ruhunu dəyişməyiblər. Təzə azarkeş prototipi yaradıblar. Faciəvi olan cəhət isə odu ki, bu trolların mayası hələ 100 il ömrü olan neftlə qidalanır. İndi gerisini əsl “Neftçi”sevərlər düşünsün. Ona əminəm ki, gerçək “Neftçi” fanatları hələ də var, sayları onminlərlədi. Bu trolları təmizləmək üçün onlar tribunadakı yerlərini almalıdılar. Əksi mənə əcaib qorxulu görünür, düşünmək belə ağırdı.

Fikirlərini bizimlə bölüş!