Ümumiyyətlə filan yerdə filan kluba yaxın duran yoxdu söhbəti kökündən mənə çatmır. Düzdü, AFFA klublara sponsor tapmamalıdı, pul da ayırmamalıdı. Bu ayrı məsələ… Lakin, iş görəndə də elə görmək lazımdı ki, nəticəsi olsun. O pullarla ən azından təməl atmaq olar. Ramiz Mirzəyevin vaxtında Tahir Yusifovdan xahiş olunmuşdu, Abdullayev isə Musa Süleymanova ağız açdırmışdı, xahiş edirəm o kluba yiyə durun, deyə. Bəli, sırf “yiyə durun” deyə, Tovuzda klubu dərnəkləşdirin, biznesləşdirin, inkişaf etdirin deyə yox. Götürün, pulunuzu xərcləyin, çalışacıq dövlətdən sizə əlavə dvidentlər alaq, məsələn, şirkətiniz getsin bulvarda bənd salısın, Tovuzda xərclənəni kompensasiya edin. Bir müddət keçir, Musa Süleymanov baxır ki, onun şirkəti zatən texniki baxımdan bulvarda bənd salmaq imkanında olan yeganə qurumlardandı, özünün də yuxarılarla əlaqəsi pis deyil, Tovuzda işləyənlər isə boş-boş pul dağıdırlar, nəticə yox, klub özünü heç 5 faiz də maliyələşdirmir, işin başını buraxır. Sonra AFFA PFL xətti ilə maliyyə ayırmağa başlayır. Gətirib, Namiq Məstənovu qoyurlar klub rəhbəri. Necə deyərlər, “sürünü qurda tapşırırlar”. Bir də xəbər oxuyuruq ki, Məstənov Gürcüstanda kazino açıb.
Bu yanaşmalarla əlbəttə yaxın duran olmayacaq, bəylər.
Əslində olmalı olan aşağıdakı ardıcıllıq idi:
Tovuz rayonunun ziyalıları, tanınan, sayılan şəxslər bir araya gətirilir və “Turan” klubu İctimai Birlik formasına keçirilir, bu şəxslərdən İcraiyyə Komitəsi təşkil olunur, onların çağırışı ilə üzvlər cəlb edilir, stadion, idman qurğuları klubun balansına verilir, kiçik, orta sahibkarlarla əməkdaşlıq yolları axtarılır, ən nəhayət böyük iş adamlarının qapısı döyülür. Onlara “Turan” brendi ilə realizə olunacaq biznes planlar təklif olunur. Heç bir iş adamına “al bu klubu idarə et (saxla)” deyilmir. Sponsorluq istənilir. Müəyyən hissə sponsorluğu. Məsələn, Tahir Yusifov klubun ad sponsoru olsun – “Turan” premyer-liqada “Taymeks – Turan” adı ilə iştirak etsin, Musa Süleymanov forma reklamları üçün müəyyən məbləğ öhtəsinə götürsün, oyunlardan baner reklamları orta və kiçik sahibkarlara həvalə edilsin və.s.i. İlham Rəhimovun şirkətinin adı da stadiona verilsin. Sabah ola bilər ki, bu şəxslərdən biri daha sponsorluq etmək istəməsin, zərəri yoxdu. Klub yaşayacaq. Klubun yiyəsi onun üzvləri olacaq və heç bir iş adamına da “gəl, sən bilmədiyin bir sektorda biznes fəaliyyətinə başla” deyilməyəcək. Futbol hər iş adamının marağında olan ticari sektor deyil. Ancaq hər iş adamı üçün maraq kəsb edə biləcək reklam vasitəsidi.
Sırf yerlibazlıqdan da bölgənin klubuna sponsorluq edə, elə-belə ianə formasında pul keçirə bilərsən. Ancaq biləndə ki, o klub konkret olaraq Əliyə və ya Vəliyə məxsusdu, deyəcəksən ki, getsin Əli-Vəli özü eləsin, mən ona niyə pul verməliyəm. Ona gör də oyunlara da azarkeş getmir. Məsələn, “Qəbələ”nin oyununa getməyən azarkeş deyir ki, əşi Kəmaləddin Heydərovun pulu yoxdu? Mənim 2 manatımla ona nə olacaq? Gəl ki, klub ayrı – Heydərovlar isə sadəcə sponsor olsa, o azarkeş, o qəbələli deyəcək ki, bu pul mənim bölgəmin bayrağına, təmsilcisinə xərclənəcək, il sonunda da mənim 2 manatlarımın hesabatı veriləcək, maliyyə hesabat konfransında.
Uzun sözün qısası, futbol klublarına heç kim yiyə durmamalıdı. Əvvəl klub dərnəkləşməlidi, sonra maliyyə resurslarını gücləndirməlidi. Yoxsa, iş adamlarına “müğənni saxla” deyər kimi, “klub saxla” dediyiniz müddətcə, o klubların hörməti, çəkisi o müğənnilərin hörməti, çəkisi cəmiyyətdə nədisə, o qədər olacaq.
Rəsul ŞÜKÜRSOY




Fikirlərini bizimlə bölüş!