Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Türkiyədən gələn yanlış…

Allah, Allah necə sevinirdim… Həmin günlər heç unudularmı? Nə yerdə yer tapırdım, nə göyə sığırdım. Hamısı da sevincdən. Bəs necə… Mustafa Dənizli şəxsən özü Azərbaycana gəlirdi, Türkiyənin ən adlı-sanlı məşqçilərindən biri bizim “Xəzər Lənkəran”ı çalışdıracaqdı. Mustafa hocanın “Cənub mirvarisi”nə rahat çatması üçün hətta özəl uçaq da ayrılmışdı. Əlbəttə, sevinməyə, sabaha ümidlə baxmağa istənilən qədər səbəb var idi.

Sevincimi dostlarla, fanatlarla, oxucularla həvəslə bölüşür, qələmə sarılmaqdan usanmırdım. Səhər bir yazı yazırdım, axşam digərini qaralayırdım. Düşünürdüm ki, ünlü Mustafa Dənizli “Ağ-yaşıl” gəminin sükanından möhkəm yapışdıqca qələmdən ayrılan deyiləm. Nə yazıq ki…

Mustafa hoca əlini sükandan tez götürdü, bilmirəm domino oynamaqla məşğul oldu, ya dönər hazırlamaqla. Əvvəlki sevinc yerini kədərə, əsəbə, peşmançılığa buraxdı. Könül verdiyin klub rəzil duruma düşübsə nə sevinmək, nə rahatlıq?

Mustafa Dənizlinin “Xəzər Lənkəran”da iş günlərinin sayı artdıqca “Fırtınalar meydanı”nda azarkeşlərin sayı azalır. Klub elə zəif oyun sərgiləyir ki, turnir cədvəlinə baxanda “Xəzər Lənkəran”ı görmək olmur. Musiqisi dünyanı dolaşan Fikrət Əmirov ölməz Cəfər Cabbarlının “Sevil”inə opera yazmışdı, əsərdəki məşhur epizod yadınızdanmı

Nə günlərə qaldın, Balaş…

Dahilərimiz Balaşın miskin duruma düşməsinin səbəblərini həmin əsərdə göstəriblər. Bəs “Xəzər Lənkəran” necə olsun? Göz baxa-baxa klub batsınmı, çərləyib öləkmi?

Niyə gözümüzün ağı-qarası “Xəzər Lənkəran” bunca miskin durumdadı? Nə dünya şöhrətli Con Toşak, nə ünlü Mustafa Dənizli komandanı uğura daşıya bilmədi.

Yəqin klub başbilənləri bu suallar ətrafında baş sındırırlar. Kritik durumdan çıxış yollarını da bilməmiş olmazlar. Axı onlar Nazim Süleymanovu taxtda görüblər, Cüneyt Biçəri qundaqda. Viktor Pasulkonu çaya susuz aparıb susuz gətiriblər. Rasim Karaya “şeş” gəliblər, Ağasəlim Mircavadova “beş”. Yarandığı bu 10 ildə “Xəzər Lənkəran” klubunda yalançının sözü olmasın, həftə səkkiz, mən doqquz belə kritik durum yaşanıb. Hər dəfə də çıxış yolu ilə bağlı qərar verilib. Bəzən doğru, bəzən yanlış… Gəlin ümid edək ki, bu dəfə doğru addım atılacaq. Təki yenə yanlışlıq olmasın.

Yanlışlıq demişkən, şəxsən mən Dənizlinin gəlişindən sonra “Xəzər Lənkəran”ın bu vəziyyətə düşməsinin səbəbini bilirəm. Özü də necə… Yazımın əvvəli yadınızda qalıbmı? Mustafa hocanın burlara gəlməyini eşidincə xeyli sevindiyimi yazmışdım. Doğrudan da Türkiyədə ad qazanmış Mustafa Dənizlinin Azərbaycanda çalışması böyük hadisə idi. Sükanı arxasına keçdiyi “Xəzər Lənkəran” uğur qazanmalı, azarkeşlərin könlünü alan oyun sərgiləməli idi. Bəs niyə bütün bunların tam tərsi baş verdi?

Mənə elə gəlir ki, ortada bir yanlışlıq var. Mustafa Dənizli “Xəzər Lənkəran”a gəlməyinə gəlib, futbolçuları da oyunlara məhz o çıxarır. Lakin bu Mustafa Dənizli o Mustafa Dənizli deyil. Türkiyədən bizə başqa Mustafa Dənizli göndəriblər.

İndi bu yanlışlığı düzəltməyin vaxtıdı. Gəlin bu Mustafa Dənizlini geri göndərək və əsl Mustafa Dənizlini tələb edək. Amma yaman qorxuram. Qorxuram ki, Türkiyədən bu dəfə də yanlış Mustafa Dənizli göndərələr…

Fikirlərini bizimlə bölüş!