“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovu bir sıra həmkarlarından fərqləndirən məqam diplomatik davranışı və açıqlamaları idi. Ancaq komandanın başına gətirdiyi həngamələr onu bu “kozır”ından da edib. Xüsusilə İcraiyyə Komitəsində 11 yerə 12 namizəd olduğu halda, Nadirovun dağıtdığı komanda kimi, autsayder olacağından çəkinməsi “gözqamaşdırıcı” mənzərə idi. Amma öz mənafeini “Xəzər Lənkəran”dan əziz tutan vitse-prezident seçkilərə getmədən “ağ bayraq” qaldırdı…
Əli hər yerdən üzülən klub rəsmisi “Xəzər Lənkəran”ın yeniyetmələrlə də xarüqələr yaratdığını iddia etməyə başlamışdı ki, yenə də sapı qaçdı. Onun ölkə kubokunun cavab ¼ final qarşılaşmasında “Neftçi”dən aldıqları 0:2 hesablı məğlubiyyətdən sonra komandasının 15-16 yaşlı uşaqlarla ilk oyunda paytaxt təmsilçisinə dərs keçdiklərini bildirməsi olduqca iddialı bəyanatdı. Özü də bir neçə səbəbdən.
Əvvəla, nəyə görə bir neçə il öncəyə qədər “pulunu balta kəsməyən” klub 15-16 yaşlı uşaqların ümidinə qalır? Bunda “müstəsna pay sahibi” olan birisinin yeniyetmələrlə oynamalarını qəhrəmanlıq kimi qələmə verməsi, ən azından, “etik kodeks”ə sığmır. Çünki Mais Mənsimovla birgə “Xəzər Lənkəran”ın bu kökə düşməsində əsas günahkar məhz Tuyqun Nadirovdu.
Başqa sözlə, cənublular 15-16 yaşlı futbolçularla “qocalar”ı məğlub edirlərsə, bunda klub prezidenti və vitse-prezidentdən başqa bütün “Xəzər Lənkəran” camiəsi özünü pay sahibi hesab edə bilər. Ancaq nəzərə alsaq ki, Nadirovun dediklərinin əksəriyyəti heç vaxt həqiqətlə uzlaşmayıb. Eləmədik tənbəllik, “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşmasında forma geyinən oyunçuların doğum tarixlərini üzləşdirdik…
Kaş ki, üzləşdirməzdik. Çünki Nadirovun növbəti yalanı üzə çıxdı. Statistika kordu, o, nə diplomat tanımır, nə deputat, nə də nazir. Buyurun, komandaların start heyətində yer alan futbolçuların yaşları və orta yaşının hesablamasının nəticələri ilə siz də tanış olun.
“Xəzər Lənkəran”
1. Orxan Sadıqlı – 22
4. Ruslan Cəfərov – 23
6. Asif Mirili – 24
7. Orxan Səfiyaroğlu – 26
8. Vüqar Bəybalayev – 22
10. Tural Qürbətov – 23
15. Nodar Məmmədov – 27
16. İbrahim Qədirzadə – 16
17. Vaqif Güləliyev – 22
18. Tural Cəlilov (k) – 29
32. Zaman Mirzəzadə – 21
255:11=23,181
“Neftçi”
1. Aqil Məmmədov – 26
3. Jairo Rodriges Filyo – 23
5. Xuan Alberto Melli – 31
6. Aylton Silva – 20
10. Cavid İmamverdiyev – 26
11. Ruslan Qurbanov – 24
15. Erik Ramos – 28
19. Fəhmin Muradbəyli – 19
7. Araz Abdullayev (k) – 23
26. Kamal Qurbanov – 21
95. Elvin Bədəlov – 20
261:11=23,727
Bu da rəqəmlər, cənab vitse-prezident, İcraiyyə Komitəsinə üzvlüyə namizəd, Klublar Komitəsinin sabiq sədri Tuyqun Nadirov. “15-16 yaşlı uşaqlar” dediyiniz komandanın orta yaş həddi 23,2 çıxdı. Nə az, nə də çox, cəmi 50 faiz əyintiyə yol vermisiniz. Lap futbolçularınızla imzaladığınız müqavilələrdə olduğu kimi. Ancaq bu dəfə FİFA-nın sanksiyasına ehtiyac yoxdu. Sadə arifmetika bütün rəqəmləri çılpaqlığı ilə ortaya qoydu. Deyə bilmərəm, ixtisasca stomatoloq olan vitse-prezidentin riyaziyyat bilikləri hansı səviyyədə olub. Ancaq orta yaş həddinə görə “ağ-qaralar”dan heç də gənc olmayan heyətə “15-16 yaşlı uşaqlar” demək?..




Fikirlərini bizimlə bölüş!