El arasında yaxşı bir söz var. Deyirlər ki, yaz qan qaynayan vaxtdı. Bəli, yazın gəlişi adamın ruhunu, duyğularını canlandırır, fikirlərinə təravət gətirir. Məlum təbiət dəyişikliyi həyatda olmayan “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovu da silkələyib. Necə? Nədən bildim? Deyəcəm, siz də biləcəksiz.
Nadirov həzrətləri necə vəcdə gəlibsə, may başlayanı iki önəmli açıqlama ilə yadda qalıb. Əvvəlcə onu belə fəal olmağa, daha doğrusu, fəal görünməyə sövq edən şərait haqda fikirlərimi bölüşüm, sonra da 9 gün fərqlə verilən iki açıqlamadakı ziddiyyətlərə toxunacam. Nə qədər qəribə olsa da, Tuyqun bəyi danışdıran məhz ölkə futbolunda yaşanan çətinliklərdi. Belələri haqda “öz xoşbəxtliyini başqalarının bədbəxtliyi üzərində quranlar” deyilrlər. AZAL-ın qəfil ölümü, birinci divizion klublarının elitada oynamaq üçün zəruri olan bank təminatını tapa bilməməsi istər-istəməz oxları “Xəzər Lənkəran”a yönəldir ki, belədə Nadirov danışmaq üçün münbit şərait tapır. Son bir ildə susan, susmağa məcbur olan vitse-prezident ağına-bozuna baxmadan hər kəsi suçlayır, tarixə qovuşdurduğu kluba görə ictimaiyyətə cavab vermək əvəzinə həmişəki kimi gözə kül üfürməklə məşğuldu.
12 il ərzində “Xəzər Lənkəran”a xərclənən milyonların hesabatını verməli olan Nadirov “Palsüd”ün imkanları hesabına klub saxlamağın mümkünsüzlüyünü az qala göz yaşı axıdaraq etiraf etdiyi halda, dərhal da vəziyyətdən çıxmaq üçün ölkə futbolundakı bəzi reallıqların dəyişməsinin zəruriliyini, belə şəraitdə klub saxlamağın mənasız olduğunu deyir. Haqsızlıq, təzyiq, qərəzli münasibət haqda durmadan danışan Tuyqun bəy, görəsən, titulları hansı rəhbərliyin dövründə qazanıb? Bəlkə də vitse-prezidentin yaddaşla bağlı problemi var. Amma xatırlatmaq yerinə düşər ki, cənubluların ölkə kubokunu qazandığı 2008 və 2011-ci illərdə AFFA-ya Rövnəq Abdullayev, PFL-ə Ramin Musayev rəhbərlik edirdi. Cənublulara qərəzli münasibət var idisə, Nadirov necə Klublar Komitəsinə sədr seçilmişdi? Yox, bir sədr kimi klubunun üzləşdiyi haqsızlıqları komitənin iclasında qabarda bilməyibsə, deməli, zəif adamdı və ilk növbədə özündən küsməlidi.
Nadirov çempionatı və ölkə futbolunu nə qədər aşağılasa da, “Qəbələ” ilə “Qarabağ”ın uğurlarına biganə qala bilmir, bu iki klubun ölkəmizi avrokuboklarda layiqincə təmsil etdiyini deyir. “Qarabağ” və “Qəbələ” sizin təbirinizcə desək, “müstəqil, peşəkar klub udarəçiliyinə malikdisə” və bunun nəticəsi kimi avrokuboklarda uğur qazanırsa, deməli, vəziyyət təsvir etdiyiniz qədər faciəvi deyil. Peşəkar klublar, adamlar yenə də ölkə futbolunda sözünü deməyi, Azərbaycan adına uğurlar qazanmağı bacarırsa, günahı özünüzdə, “Palmali”nin İçərişəhərdəki ofisinin divarları arasında axtarın, Tuyqun bəy, qətiyyən başqa yerə boylanmayın. “Demək olar, altı klubun sponsoru bir adamdı, belə çempionat olmaz” tipli intriqa qoxuyan ifadənizin üstündən sükutla keçə bilərdim. Amma yenə də fantaziyanıza, yaradıcılığınıza heyran qalmamaq olmur. Görünür, futbolla o qədər yaxından maraqlanırsız ki, artıq “Zirə”nin sponsorunu da AFFA-nın binasında tapmısız.
Ümumiyyətlə, Nadirovun imkanları ilə iddiaları arasındakı sərhəddi tapmaq çətindi. Əslində özü də bunu anlayır və zaman-zaman fərqinə varıb. Məsələn, vaxtilə AFFA İcraiyyə Komitəsinə düşmək istəyirdi, sakitcə anlatdılar ki, burda sənə yer yoxdu. Bilmirəm, həmin incikliyin, ya nəyinsə təsiri altında bu gün belə deyir: “…Hazırda futbolun düşdüyü vəziyyət onu sübut edir ki, futbol təsərrüfatının idarə edilməsi ilə hər hansı dövlət qurumunun idarə edilməsi fərqli məsələlərdi. Futbol sahəsinə yaxın bir insan kimi şəxsən məni mövcud mənzərə qane edə bilməz”. Hər şey aydındı, adam Rövnəq Abdullayevin də fəaliyyətindən narazıdı, AFFA prezidentini yumşaq desəm, işi bilməməkdə suçlayır. Deməli, Mübariz Mənsimovun da bir neçə gün əvvəl Türkiyə mediasına müsahibədə ARDNŞ-nin iş tərzi haqda dedikləri təsadüfi deyilmiş.
Tuyqun bəyin az qala dörd bir yana dağıtdığı başqa ittihamların da başına ip salıb, bir-bir cavabını vermək olardı. Məsələn, adam sözarası “bəzi başqa klublardan fərqli, nə stadionumuz, nə də bazamız kredit altındadı”, – deyə öz aləmində “İnter”i aşağılayır və ya “bölgə futbolunun inkişafına əngəl olduğu mühitdə” ifadəsi ilə faktiki AFFA rəhbərliyinin gördüyü bütün işlərin üzərindən xətt çəkir. Amma bu ittihamlara toxunsam, nə yazar, toxunmasam, nə… Onsuz da Nadirov çoxdan reallıq hissini itirib. “Xəzər Lənkəran” kimi nəhəng klubun axırına çıxıb, futboldakı mövcudluğunu ona-buna söz atmaqla qorumağın gerçək adı, bilirsiz, nədi? Odu söndürüb, külü ilə oynamaq! Oynayın, Tuyqun bəy, oynayın… Futbol oynamağı bacarmadız, heç olmasa, bunu bacarın… Allah olmayan fantaziyalarınıza qüvvət versin!




Fikirlərini bizimlə bölüş!