U-19-un sabiq müdafiəçisi Şamil Qurbanovun "Uliss"ə transferinin gündəmə gəlməsi qarışıq hisslərə meydan verdi. Əlbəttə, dağıstanlı futbolçu hər iki xalqa hörmət etdiyini və münaqişənin iştirakçısı olmadığını deyib. Eyni zamanda, özünü siyasətçi yox, haqlı olaraq sadə Rusiya vətəndaşı adlandırıb. İstənilən halda diqqətçəkən olaydı və başverənlərin üstündən sükutla keçmək olmaz.
Futbolçunu qınamayaq
Şamil doğrudan da Azərbaycana heç bir bağlılığı olmayan rusiyalı gəncdi. Uşaq futbolunu inkişaf etdirməyin yolunu tapmayan AFFA məmurlarının qucaq açdığı onlarla dağıstanlıdan birini – sözügedən arxa xətt oyunçusunu xəyanətdə suçlamaq absurddu. Onun ürəyində nə Azərbaycana sevgi var, nə də "daydaylıq" edib millinin formasını geydirənlərə hörmət. Öz ölkəsində heç kimə lazım olmayan Qurbanov vətənini pula, mümkün uğurlu karyeraya görə tərk etmək eşqinə düşmüşdü ki, bu da alınmadı. Razılaşaq ki, yığmadakı insani münasibətlərdən gileylənən gənc U-19-un perspektivli fiqurlarından sayılmayıb, sıradan oyunçu statusu daşıyıb. Bildiyiniz kimi, bir daha millinin düşərgəsinə gəlməməkdə qərarlıdı. Şamili niyə qınayaq ki? Məgər cinayət edib? Qınanacaq adam Qurbanov yox, milli formanı şamillərin əynində ucuzlaşdıranlardı.
Günah haqq etmədiyi kreslolarda əyləşənlərdədi
Nəyin bahasına olur-olsun, nəticələri yaxşılaşdırmaq, kənardan inkişaf edirmiş kimi görünmək indiki AFFA-nın ana siyasətidi. Və bu siyasətin qəribə fəsadları dəfələrlə üzə çıxıb. "Milliləşdirmə" ideyasının ətəyindən ikiəlli yapışan AFFA məmurları o qədər ifrata varıb ki, milli ruhun özü sarsılıb.
Artıq ölkəmizdə yığmanın nə demək olduğunu yerlilərin də 80 faizi anlamır. Dildə deyənlərin belə diliylə ürəyinin arasında səmimiyyət yoxdu. Bir halda ki, yığma əsl statusunu itirib, yerli gənclərin çoxu milli üzvünə çevrilməyi yalnız klublarda daha rahat qazanmaq üçün qarşısına məqsəd qoyur, gəlmələrdən nə sayğı gözləyək?
Assosiasiyanın aşağı yaş qrupları üzrə yığmalara yanaşması kökündən yanlışdı. Psixoloji məqamlara diqqət yetirməyən adamların əksəriyyəti ana dilində danışmağa can çəkənlər, ruhuyla, qanıyla azərbaycanlı olmayanlardı! Belə olmasaydı, xalq ölkəsinin yığmalarına biganə qalmaz, U-21-in rəsmi ev oyunlarında tribunalarda 100-150 tərəfdar görməzdik.
Futbol qurumunda haqq etmədiyi kreslolarda əyləşənlər məhz mentallığın incəliklərini dərk etmir. Söhbət gənclərdən gedirsə, milli şüur, yerli psixologiya ön plana çəkilməli və ruh amilinin arxa fona keçməməsi üçün mümkün olan hər şey edilməlidi. U-17, U-19, U-21 fərq etmir, yığma yığmadı. Ölkənin ən bacarıqlı gənclərini bir araya gətirmək əvəzinə Dağıstanda, Almaniyada doğulan, Azərbaycanda oynamağa ehtiyat variant kimi baxan adamlara "gəl, oyna" demək hər şeydən öncə çarəsizlik deyilmi? Çarəsiz vəziyyətə düşənlər kimi aldadır? Xalqı, yoxsa "inkişaf proqramı"na möhür vuran ölkə prezidentini?
Sarıaltın əhvalatından çox keçməmişdi…
1996-cı il yanvarın 14-də Türkiyənin Tunceli vilayətinin Dersim şəhərində anadan olan, "feysbuk" profilindəki qeydlərinə əsasən hazırda Almaniyanın Köln şəhərində yaşayan 19 yaşadək qızlardan ibarət yığmanın üzvü Melis Sarıaltının qondarma Kürdüstan dövləti və PKK lideri Abdullah Öcalanın şəkli olan bayraqla "Kobaniyə dəstək" mitinqinə qatıldığını xatırlayarsız. Hadisə ötən ilin oktyabrında baş vermişdi. Melisi mənsub olduğu millətə görə məşhər ayağına çəkmək olarmı? Əsla! Hərə öz xalqının genini daşıyır və terrorçu Öcalana – körpələrin qatilinə münasibət Sarıaltının öz işidi. Baş katib Elxan Məmmədovun həmin vaxt hadisəylə bağlı fikirlərini də xatırlayaq: "İdman, o cümlədən futbol siyasətdən uzaq olmalıdı. Melis Sarıaltın aşağı yaş qruplarından ibarət yığmamızın heyətində oynayıb. Bir Azərbaycan vətəndaşı olaraq onun bu hərəkətinin – tanınmamış bir ölkənin bayrağını təbliğ etməsinin əleyhinəyəm".
Əlbəttə, baş katibin quru və qısa cavabı qənaətbəxş deyildi. "Bu hərəkətinə görə bir daha yığmada olmayacaq" söyləsəydi, başqa məsələ. Məmmədovun imicinə uyğun şərhinin ardından Melisin özünə haqq qazandırdığını eşitdik. Bu əhvalatdan çox keçməmiş Qurbanovun da gündəmə gəlməsi "milliləşdirmə"nin fərqli şəkildə tətbiq edilməsinin zəruriliyini göstərir. Yığmanın adı ətrafında xalqın narazılığıyla qarşılanan halların yaşanması yolverilməzdi.
Nə etməli?
Yuxarıda qeyd etdiyimiz kimi, "milliləşdirmə" indikindən fərqli metodla həyata keçirilməli, ölkəsində adı idman aləminə tanış olmayan futbolçuların xarakteri mütləq nəzərə alınmalıdı. Belə legionerlərdənsə, daha zəif heyətlə oynayıb uduzmaq məsləhətdi. Zatən, aşağı yaş qrupları üzrə millilərin qazandığı epizodik uğurlarda gəlmələr heç vaxt böyük rol oynamayıb.




Fikirlərini bizimlə bölüş!