Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Uğurları ötən əsrdə qalan “Nyukasl”

“Qarabağ” Azərbaycan futbolu tarixinin elə şanlı səhifəsini yazıb ki, bundan sonra nəyisə arzulayanda belə çəkinirsən. Fikirləşirsən ki, bu “bizim üçün çox deyilmi?” Amma Qurban Qurbanovun komandası Azərbaycan futbolunun boyundan yuxarı tullanmasına görə daha çox yuxarıda qərarlaşmağa layiqdir. Ona görə də püşkatmadan öncə rəqib seçirdik və ÇL-in son qalibi PSJ yox, daha az avrokubok təcrübəsi olan “Nyukasl” gəldi.

Təbii ki, özümüzü aldatmayaq, 1/8 finala adlamaq üçün şanslar çox aşağıdır. Amma iki “pis” arasında bir az yaxşı “pis”i arzulamalı idik. Doğrudur, PSJ ötən mövsümlə müqayisədə o qədər parlaq oynamır. Hətta liqa mərhələsinin son turunda “Park De Prens”də “Nyukasl”ın əlindən güclə canını qurtardılar. Elə bu fakt “Nyukasl”ı daha təhlükəli komanda edir.

Tam adı “Nyukasl Yunayted” olan futbol klubu 1881-ci ildə İngiltərənin şimal-şərqində yerləşən Nyukasl-apon-Tayn şəhərində təsis olunub. Klubun yaranması şəhərin iki əsas komandası olan “Nyukasl İst End” və “Nyukasl Vest End” klublarının birləşməsi nəticəsində baş verib. Bu birləşmə ilə formalaşan “Nyukasl Yunayted” qısa müddət ərzində ölkə futbolunda tanınan və hörmət edilən klublardan birinə çevrilib.

“Sağsağanlar” ev oyunlarını “Sent Ceyms Park”da keçirir. Stadion XIX əsrin sonlarından etibarən “Nyukasl”ın əsas evi hesab olunur və hazırda 52 mindən artıq tamaşaçı tutumuna malikdir. “Sent Ceyms Park” İngiltərənin ən böyük və ən atmosferli stadionlarından biri kimi tanınır və klubun tarixi ilə sıx bağlıdır.

Qeyd edək ki, millimiz 2005-ci ilin martın 30-da bu stadionda dünya çempionatının seçmə mərhələsində İngiltərə yığması ilə üz-üzə gəlib və görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Nyukasl” İngiltərə futbol tarixində böyük də olmasa, nailiyyətlərə imza atıb. Klub İngiltərə çempionatının dördqat qalibi olub. Bu titullar 1904/05, 1906/07, 1908/09 və 1926/27 mövsümlərində qazanılıb. Xüsusilə 20-ci əsrin əvvəlləri “Nyukasl” üçün ən uğurlu dövrlərdən biri hesab olunur. Həmin illərdə klub ölkə futbolunun aparıcı qüvvələrindən biri kimi çıxış edirdi.

FA Kuboku “Nyukasl”ın tarixində xüsusi yer tutur. Klub bu nüfuzlu turniri 6 dəfə qazanıb. Qələbələr 1910, 1924, 1932, 1951, 1952 və 1955-ci illərə təsadüf edir. 50-ci illərdə ardıcıl uğurlar “Nyukasl”ın İngiltərə futbolunda yenidən güclü mövqeyə sahib olub. FA Kubokundakı bu nailiyyətlər klubun tarixində ən parlaq səhifələrdən sayılır. Bundan əlavə, “Nyukasl” İngiltərə Superkuboku kimi tanınan “Charity Shield” turnirini 1909-cu ildə qazanıb.

Avropa arenasında “Nyukasl”ın ən böyük uğuru 2006-cı ildə İntertoto Kubokunu qazanmasıdır. Həmin qələbə “Nyukasl”ın bugünə qədər qazandığı yeganə Avropa kuboku kimi tarixə düşüb və klubun beynəlxalq səviyyədəki ən mühüm nailiyyəti sayılır.

“Sağsağanlar” sonrakı illərdə də Avropa turnirlərində mütəmadi iştirak edib. Xüsusilə 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində “Nyukasl” Çempionlar Liqasında gözoxşayan çıxışı ilə yadda qalıb. 1997/1998 və 2002/2003 mövsümlərində Çempionlar Liqasının qrup mərhələsində iştirak edən komanda 2002/2003 mövsümündə turnirin ikinci qrup mərhələsinə qədər irəliləməyi bacarıb. Həmin dövrdə “Nyukasl” Avropanın tanınmış klublarına qarşı mübarizə aparan rəqabətədavamlı komanda kimi tanınırdı.

2021-ci ildə klubun tarixində yeni mərhələ başladı. Həmin vaxt klub Səudiyyə Ərəbistanının “Public Investment Fund” (PIF) adlı dövlət investisiya fondu tərəfindən satın alındı. Bu fond Səudiyyə Ərəbistanı Krallığının ən böyük maliyyə qurumlarından biridir və ölkənin uzunmüddətli iqtisadi strategiyalarında mühüm rol oynayır. Alqı-satqı prosesi Premyer Liqa rəhbərliyinin bütün hüquqi və maliyyə yoxlamalarından sonra təsdiqləndi.

Yeni sahiblərin gəlişi klubun maliyyə imkanlarını əhəmiyyətli dərəcədə artırdı. “Nyukasl” bundan sonra daha planlı inkişaf yolunu seçdi, idman infrastrukturu, məşq bazası, skautinq sistemi və gənclər akademiyasının gücləndirilməsinə xüsusi diqqət ayırdı. Klub qısamüddətli uğurlardan çox davamlı və sabit inkişaf modelinə üstünlük verməyə başladı.

Bu gün “Nyukasl Yunayted” həm zəngin tarixi, həm qazandığı titullar, həm də artan maliyyə gücü ilə İngiltərə və Avropa futbolunda yenidən iddialı mövqeyə qayıdan klub kimi qiymətləndirilir. Təbii ki, bir Premyer Liqa təmiçisi kimi “Qarabağ”la oyunda favorit onlardır. Amma komanda ərəb sərmayədarların himayəsinə keçəndən sonra Çempionlar Liqasına vəsiqə qazandığı mövsüm daha uğurlu çıxış edir. ÇL-də oynayanda iki cəbhəyə çatdıra bilmir və bir qədər qeyri-sabit nəticələrlə yadda qalır. Bu mövsüm bir qədər geriləmə dövrlərini yaşayırlar. Yəni, ötən il daha parlaq oyun sərgiləyirdilər. Amma bu haqda oyun ərəfəsində danışacaq…

Fikirlərini bizimlə bölüş!