Çempionlar Liqası tarixinin ikinci ən gənc klubu
Dramatik matçda xarakter və yüksək qələbə əzmi nümayiş etdirən “Sabah” pley-off mərhələsinin cavab görüşündə “Hapoel”i (Beer-Şeva) 5:2 hesabıyla məğlub edib. Beləliklə, ilk oyundakı 1:2 hesablı məğlubiyyətin revanşını israillilərdən alan Azərbaycan təmsilçisi Çempionlar Liqasına vəsiqə qazanıb.
“Bayquşlar” oyunun gedişində qapıçı Stanislav Pakatilovun səhvləri ucbatından çətin vəziyyətə düşmüşdülər. Əsas vaxtın bitməsinə 16 dəqiqə qalmış 1:2 hesabıyla geridə idilər və iki oyunun cəmində 2:4 məğlub durumdaydılar. Amma Valdas Dambrauskas yetirmələrini sonadək mübarizə aparmağa kökləyə bildi. 90+4-cü dəqiqədə Tellur Mütəllibovun vurduğu gözəl qol oyunu əlavə vaxta apardı. Əlavə vaxta yüksək əhval-ruhiyyədə daxil olan komandamız “Tofiq Bəhramov”un dolu tribunalarının dəstəyini də arxasına alıb, “Hapoel”in müqavimətini qırdı.
Beləliklə, “Sabah” dünyanın ən mötəbər klub turnirinin liqa mərhələsində iştirak edəcək. Çempionlar Liqasına bunadək təmsilçilərimizdən yalnız “Qarabağ” iki dəfə (2017 və 2025-də) qatılmağa müvəffəq olmuşdu.
Ötən mövsüm tarixində ilk dəfə Azərbaycan çempionu olan “bayquşların” ilk cəhddən 4 seçmə turu bir-birinin ardınca uğurla başa vuraraq, 8 oyunda 6 qələbəylə əsas mərhələyə yüksəlməsi xüsusilə təqdirəlayiqdir. Ən başlıcası Çempionlar Liqasına düşməklə, klub büdcəsinə 18,62 milyon avro əlavə edib.
Başqa bir maraqlı məqam əsası 2017-ci ildə qoyulan “Sabah”ın ÇL tarixində turnirə vəsiqə əldə edə bilən ikinci ən gənc klub olmasıdır. Rekordçu “RB Leyptsiq” fəaliyyətinin 8-ci ilində buna nail olmuşdusa, “Sabah” yaradılmasının 9-cu ilində köhnə qitədə adından söz etdirməyi bacardı.
Təmsilçimizə əsas mərhələdə uğurlar arzulayırıq. Avropadakı digər qürurumuz “Qarabağ”ın da Konfrans Liqasının pley-offunda cavab görüşündə “Tvente” (ilk oyun 1:0) səddini keçib liqa mərhələsinə qalacağına inanırıq.


Fikirlərini bizimlə bölüş!