Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“ULAN-BATOR”A GÖRƏ MONQOL OLMAQ…

Yenə həminki mənzərədi: yığma qrupun favoritlərindən sayılan xorvatlardan xal alıb və dərhal da bu uğurun köklərini başqa yerdə axtaranlar peyda olub. Azərbaycan futbolu ilə bağlı bütün uğurları başqa səbəblərlə bağlamaq istəyi artıq tendensiyaya çevrildiyindən, avantüristlərin fantaziyaları sərhəd tanımadığından mən də bu məsələyə toxunmağa məcburam.

0:0-ı qamçılamaq üçün yığmanın ləzgilərdən qurulduğuna və guya xorvatların bizimkilərlə danışığa getdiyinə dair iddialardan başqa əlində heç nə olmayan həmkarlara cavab verməmiş bir məqam üzərində dayanacam.

“Astana” səfərdə APOEL ilə heç-heçə edib, Çempionlar Liqasının qrupuna düşən gün Afinadaydım. Düzü, həmin gün sosial şəbəkələrə baxmaq imkanım olmadı. Amma ertəsi gördüklərim qarşısında çaşıb qaldım; biranlıq mənə elə gəldi ki, qrupa “As-tana” yox, “Qarabağ” və ya “Qəbələ” düşüb. Əlbəttə, öz ölkənin klublarının uğurlarına biganə qalmaq, 4 ildə 4 dəfə qrupa düşməyi bəyənməmək olar. Hansısa hisslərin və düşüncələrin təsiri altında “Astana” uğur qazananda qazax, “Bunyodkor” uğur qazananda özbək, “Ulan-Bator” uğur qazananda monqol olmaq isə…
Bağışlayın, mən bu hərəkətə ad qoymaqda çətinlik çəkirəm. Hər halda, interneti nə qədər qurdalasam da, 2012-də “Neftçi”, 2014-də “Qarabağ”, bu il isə elə həmin “Qarabağ” və “Qəbələ” Avroliqanın qrupuna düşəndə qazaxların və ya özbəklərin azərbaycanlıların şəninə tərif yağdırmasına dair qaynağa rast gəlmədim.

İndi isə Xorvatiyayla oyun haqda iddialara keçirəm. Əlbəttə, mən də 0:0-dan və konkret Robert Prosineçkidən narazıyam. Amma oyunçu seçiminə və taktikaya görə yox, xorvatları burda məğlub edə bilmədiyimizə görə! Baş məşqçi və yetirmələri bir qədər daha artıq cəsarət göstərsəydi, dəyişikliklər hücumplanlı oyunçuların meydana çıxmasına gətirsəydi, rəqibi məğlub edə bilərdik. Nə qisas qiyamətə qalardı, nə də Rövnəq Abdullayev ürəyindəki tikanlardan gileylənərdi.

Güvəndiyi heyət favoritdən xal alan baş məşqçini hansı dəlillərlə qamçılayasan?! Təbii, deyəcəksən ki, Araz Abdullayev, Rauf Əliyev və ya Cavid Tağıyevi də meydana buraxmaq olardı. Adam da qayıdıb cavab verəcək ki, baş məşqçi mənəm, bu mənim seçimimdi və həm də seçimim nəticə gətirib. Bəli, yığma Maltada daha hücumameyilli taktika seçməsə, qələbə qazana bilməsə, onda Bakıdakı 0:0-ın dəyəri itəcək və hər cür tənqidə meydan açılacaq (yazı 2:2 hesabıyla bitən Malta matçınan əvvəl qələmə alınıb – red.).

Xorvatlarla sövdələşmə iddiası o qədər gülüncdü ki, heç bunun üzərində ətraflı dayanmağa dəyməz. İndi özünüz baxın: yığma qalib gəlsəydi, “ağzıgöyçəklər” deyəcəkdi ki, xorvatlar oyunu Prosineçkiyə bağışladı, yox, uduzsaydı, deyəcəkdilər ki, Prosineçki həmvətənlərinin qitə çempionatına yolunu açmaq istəyir. Heç-heçə edib və onsuz da ağızlarına gələni danışırlar… Görəsən, xorvatlar sabah norveçlilərə uduzacağı təqdirdə 2-ci yeri onlara təhvil verməli olacaqlarını düşünə bilməyəcək dərəcədə ağılsız xalqdı? Yoxsa biz hədsiz ağıllıyıq?

Nəhayət, ləzgi məsələsi haqda. Polietnik ölkələrdə belə söz-söhbətin ortaya çıxması absurddu. Xüsusən də həmin ləzgilərdən ikisinin – Bədavi Hüseynovla Rahid Əmirquliyevin meydanda ən yaxşılardan olduğu oyundan sonra. Ruslan və ya Məhəmməd Qurbanovun oyunçu keyfiyyətlərindən narazı qalmaq, onları kimlərin əvəzləyə biləcəyinə dair hər cür mülahizə yürütmək olar. Amma yığma mövzusunda etnik ayrı-seçkilik salmaq, adamları oyunçu keyfiyyətlərinə yox, milli mənsubiyyətinə görə dəyərləndirmək çox bəsit yanaşmadı. Güman edirəm ki, belələrinə faktsız nəyisə sübut etmək çətindi. Onda buyurun, baxın: ötən il oktyabrın 13-də səfər-də xorvatlara 0:6 uduzan yığmanın start heyətində yer alan 11 futbolçudan doqquzu öz yetirməmiz, qalan ikisi isə Bədavi Hüseynovla Dmitri Nazarov olub.

Uğurlarımıza sevinməli, onların sayını artırmalı və gerçək bir futbol ölkəsinə çevrilməliyik. Şəxsən mən bu gün Maltanı səfərdə necə məğlub etməli sualı ətrafında daha həvəslə yazardım. Yığmanın hər xalına “xal salan” həmkarlarıma, sosial şəbəkələrdə özündən başqa qəhrəman tanımayan bəzi futbolsevər soydaşlarıma da elə məhz bunu məsləhət görərdim. Allah xalımızı çox etsin!

Fikirlərini bizimlə bölüş!