Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Umac və əriştə məsələsi

Deyir, qulaq gündə bir söz eşitməsə, kar olar. Hələ o söz səni təəccübləndirib, "gözlərini kəllənə çıxardacaq" cinsdəndisə, bəh-bəh, xoş eşidənin halına.

Dədəm Qorqud demişkən, "gəlimli-gedimli dünyamızda, son ucu ölümlü dünyamızda" nələr olmur, nələr!?

Hələ Azərbaycanda yaşayırsansa və Azərbaycan futbolu ilə maraqlanırsansa qəti narahat olmağa dəyməz. Darıxmayacağın və hər gün əyləncəli bir xəbər eşidəcəyin dəqiqdir.

Məsələn, götürək elə bizim futbol üzrə baş yığmamızın baş məşqçisi Berti Foqtsu. Deyirlər ki, Amerika Birləşmiş Ştatları futbolunun baş bilənləri bizim baş məşqçimizi öz baş yığmalarının baş məşqçisi Yürgen Klinsmanın başının üstünə baş məsləhətçi qoymaq istəyirlər.
Diqqət: Başınızın ağrımaq ehtimalı var.

Belə lap əcəb eləyirlər. Baş onların, baş məşqçi onların, baş məsləhətçi də ki bizim. Nətər deyərlər, əl bizdən, ətək sizdən və sair və ilaxır. İntəhası bu işin bir maraqlı yanı var. Görəsən, bu amerikalı başbilənlər bizim Foqtsun başının qabiliyyətini harada görüblər ki, onu özlərinə baş məsləhətçi eləmək istəyirlər?

Mən də xeyli "baş sındırdım" bu məsələnin üstündə. Öz-özümə dedim ki, "ayə, bəlkə, biz heç bu Foqtsu düzəməlli tanımırıq, bilmirik. Ola bilməz ki, o boyda Amerikadan bura dağlar-dərələr aşıb, dəryalardan, okeanlardan keçib elə-belə bir adam üçün elçiliyə gəlsinlər".

Sonradan başım daşdan, daşa dəyməsin deyə, oturub Berti müəllimin karyerasını bir azca vərəqləmək istədim…

Birdən, bu yerdə oxucunun ağlına pis-pis fikirlər gələ bilər ki, bəs müəllifin herr Berti Foqtsa paxıllığı tutur, onun belə başa çəkilməsini gözü götürmür. Yox başım üçün elə deyil. Qətiyyətlə bildirirəm ki, nə Berti müəllimin yerinə bir namizədim var, nə də ki özümün o yerdə gözüm var.

Həm kim istəməz ki, onun milli komandasının baş məşqçisini uzaq Braziliya meydançalarında sahənin kənarında göstərsinlər? Şəxsən mən istəyərəm ki, göstərsinlər, ancaq o şərtlə ki, sahənin içindəki mənim ölkəmin milli yığması olsun.

Hər nə isə, oturub karyeranı vərəqləyirdim, haralara gəldik çıxdıq.
…Başladım vərəqləməyə və bizim məşqçimizin uzaq 1996-cı ildə Almaniya yığması ilə qazandığı Avropa çempionluğundan başqa heç bir ciddi uğuruna rast gəlmədim. Ondan sonrakı 18 ildə bir illik "Bayern Leverkuzen" macərası, daha sonra isə ard-arda Küveyt, Şotlandiya və Nigeriyaya ekzotik səfərlər. Ən sonda isə son dayanacaq Azərbaycan olub.

İşlədiyi komandalardakı nəticələrindən isə heç danışmağa dəyməz. Hətta mən deyərdim ki, cənab Foqtsun Almaniya yığmasındakı məlum uğurundan sonrakı ən yaxşı nəticəsi elə Azərbaycan yığması ilə qazandığı məlum, məşhur, "mütərəqqi" 9 xallıq nailiyyətdir.
Bəs yaxşı, mən 10 dəqiqə vaxt sərf eləməklə bütün bunları öyrənə bilirəmsə dünyanın ən yaxşı kəşfiyyatına malik amerikalılar necə olur ki, bunu bilmirlər?

Bilməmiş olmazlar, ancaq nəsə bir iş var bu işdə.

Deyilənə görə, Birləşmiş Ştatlardakı həmkarları tərəfindən müraciət olunan kimi AFFA funksionerləri Foqtsun onlarla işbirliyinə dərhal razılıq verib. Çox düzgün addımdır. Mən acizanə şəkildə təklif edirəm ki, hazır müvəqqəti getmişkən bizimkilər "beşdən-üçdən" təklif eləsinlər, Foqtsu birtəhər onlara "sırısınlar". Hətta üstündə Lippertlə Uli Ştaynı da hədiyyə eləsinlər. Birini alana, ikisi pulsuz kampaniyası.

Bəlkə, bizim də canımız qurtara bu "özünə umac ova bilməyib, başqasına əriştə kəsən" almanlardan.

Zaur XUDIYEV

Fikirlərini bizimlə bölüş!