Azərbaycan futbolu

Xəbərlər və təhlillər

ÜMUMMİLLİ SORĞUYA SÖZARDI Onu tulla o tərəfə, özümüzküləri seçək…

2015-lə bağlı sorğuya elə ötən ilin sonuncu günü yekun vursaq da, yenidən bu mövzuya dönməkdə məqsədimiz səsvermənin gizlinlərini sizə çatdırmaqdı. Bir neçə maraqlı məqamın üzərində dayanacağıq.

Rahid legitimdimi?

Məlum olduğu kimi, ənənəvi olaraq "Futbol+" qəzetinin keçirdiyi "İlin ən yaxşı futbolçusu" sorğusunda daha çox səs toplayan Rahid Əmirquliyev 2015-ci ilin ən yaxşısı, Rəşad Sadıqov 2-ci, Bədavi Hüseynov isə 3-cü oldu. Ancaq sorğunun nəticəsi bilinənə qədər də əmin idik ki, Rahidin mümkün qələbəsi birmənalı qarşılanmayacaq. Niyə?

Çünki Əmirquliyevin kapitanı olduğu "Xəzər Lənkəran" ili bərbad keçirdi, 2016-ya turnir cədvəlinin "quyruğ"unda ("Rəvan"la birgə) yollandı. Üstəlik, o, yığmada da lider deyil. Bundan başqa, avrokuboklarda da iştirak etməyib. Sadəcə, Rahid illərdi sərgilədiyi sabit oyuna, bir sözlə, şəxsi keyfiyyətinə görə gözə girməyi bacardı. Şəxsən mən onu ilk sıraya qoymamışdım və bu mənada tənqidçi-həmkarlarımın fikirləriylə razıyam. Ancaq qalib mənim, Natiq Muxtarlının və daha bir neçə nəfərdən ibarət azlığın yox, respondentlərin böyük əksəriyyətinin rəyi ilə müəyyənləşib.

Yeri gəlmişkən, Rahidin adını cəmi 44 nəfər ilk "üçlük"də göstərmədi ki, bu da respondentlərin 28 faizi deməkdi. Başqa sözlə, ötən ilin qalibi 2014-cü ildəkiylə müqayisədə heç də müt-ləq əksəriyyətin səsini qazanmadı. Rahid Rəşadı 75 xallıq fərqlə qabaqlamağı bacardı. Amma ötənilki sorğuda qaliblə ən yaxın izləyicisi arasındakı xal fərqi daha böyük – 95 olmuşdu.

13-ü "3-lüy"ü, 3-ü ardıcıllığı düz tapdı

Heç şübhəsiz, əksəriyyəti həm də ilk "üçlüy"ü kimlərin düzgün müəyyənləşdirməsi maraqlandırır. Kifayət qədər futbol adamının, konkret 13 nəfərin bu üç futbolçunun adını önə çəkdiyini vurğulayaq. Ancaq səsi qeydə alınan və bir neçə təbəqəni (yığma məşqçiləri, klub məşqçiləri, mütəxəssislər, AFFA və PFL nümayəndələri, kapitanlar, jurnalistlər, əvvəlki qaliblər) əhatə edən 158 respondentdən yalnız üçü ardıcıllığı düzgün müəyyənləşdirib. Təcrübəli mütəxəssis Vaqif Paşayev, U-19-un baş məşqçisi Nazim Süleymanov və gənc hakim Ömər Paşayev uzaqgörənlik nümayiş etdirərək, Rahid, Rəşad və Bədavinin adını sorğumuzun yekun nəticəsinə uyğun ardıcıllıqla söylədi.

Prosineçki fərqi

Əvvəlki illərdə seçim imkanı verilən respondentlərin heç də hamısına əlimizin çatmadığını etiraf edirik. Xüsusən dövrə başa çatar-çatmaz istirahətə qaçan, müxtəlif ekzotik ölkələrə üz tutan legionerlərdən rəy öyrənmək müşkülə çevrilirdi. Ancaq bu dəfə hələ mövsüm yarılanmamış sorğu prosesinə başladıq ki, belədə əksəriyyəti ölkəni tərk etməmiş yaxaladıq. Di gəl, yalnız millinin baş məşqçisi Robert Prosineçkinin seçimini öyrənə bilmədik. Ona görə yox ki, xorvat mütəxəssis "Futbol+"in təşəbbüsündən xəbər tutmadı. AFFA-dakı həmkarlarımızın sayəsində ondan sorğuya qatılmağı rica etsək də, baş məşqçi bunun etik cəhətdən yanlış anlaşılacağını əsas gətirərək, səsvermədə iştirakını məqbul saymadı. Yəni öz aləmində guya rəhbərliyi altında top qovan namizədlər arasında fərq qoymaq istəmədi. Halbuki dünyanın hər bir yanında ilin futbolçusunu sorğular vasitəsilə seçirlər və prosesə bütün klub və yığma məşqçiləri də qatılır.

Adı siyahıya düşən 158 nəfərdən bir neçəsi isə "üçlük"də bu və ya digər xananı boş qodu. Konkret "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov və jurnalist həmkarımız Anar Xan-larov "ən yaxşı" adına layiqli kimisə tapa bilmədiyi halda, "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov sıralamanı 3-də bitirə bilmədi. Başqa sözlə, o, namizədlərdən heç birini 3-cü yerə layiq bilmədi.

Nə azarkeşlər, nə də futbol ictimaiyyəti onu bəyənir

İlboyu göstəriciləri ən yaxşı olmağa imkan verən namizədərin legitimliyi onların hər birinin səs almasıyla qəbul olundu. Ancaq bu da faktdı ki, bu dəfə müqayisədə nisbətən zəiflər 2014-ün autsayderindən az xal topladı. Konkret sonuncudan əvvəlki sorğuda Mahir Şükürov 13 xalla 10-cu olmuşdusa, bu dəfə Rəşad Sadiqovun adını cəmi 8 nəfər çəkdi ki, nəticə 12 xala bərabər oldu. Gözlənilənlərin əksinə, Arif Daşdəmirovu 157 nəfərdən (Prosineçki istisnadı) heç biri birinciliyə layiq görmədi. Halbuki Daşdəmirov azı Ruslan Qurbanov, Rəşad Sadiqov və Səlahət Ağayev qədər bunu haqq edirdi.

Yeri gəlmişkən, azarkeşlər arasında apardığımız SMS-sorğuda da oxşar mənzərəylə rastlaşdıq. Belə ki, Arif, eləcə də Qurbanov və Sadiqov azarkeşlərdən heç kimin yadına düşmədi.

Hücumun təntənəsi!

Bildiyiniz kimi, artıq 17 ildi bu missiyanı həyata keçiririk. Bu da o deməkdi ki, 17 laureatın adını elan etmişik. Əslində isə 14 futbolçu bu ada yiyələnib. Belə ki, Rəşad Sadıqov 4 dəfə "ən yaxşı" sayılan yeganə futbolçudu.

Əvvəlki 16 ildən 8-də, yəni yarısında arxa xətt oyunçuları və ya qapıçı, yarısında da hücum planlı futbolçular ilin ən yaxşısı seçilmişdi. Göründüyü kimi, Rahid Əmirquliyev bu baxımdan həm də tarazlığı pozdu. Tərlan Əhmədov (1999), Emin Ağayev (2000), Rəşad Sadıqov (2004, 2005, 2010, 2013), Kamran Ağayev (2008) və Ruslan Abışov (2012) birinci, Zaur Tağızadə (2001), Sa-mir Əliyev (2002), Qurban Qurbanov (2003), Ceyhun Sultanov (2006), Mahmud Qurbanov (2007), Vaqif Cavadov (2009), Rauf Əliyev (2011), Qara Qarayev (2015) və Rahid ikinci "cəbhə"dəndi.

Qeyri-təvazökarlıq, qeyri-obyektivlik…

Respondentlərimizin seçiminə nəzər salıbsızsa, məşqçilərdən, o cümlədən futbol adamlarından bəzisinin rəyi diqqətdən yayınmamalıdı. Qurban Qurbanovun Rəşad Sadıqovu, Yunis Hüseynovun Rahid Əmirquliyevi, Əsgər Abdullayevin Ruslan Qurbanovu, Roman Qriqorçukun Cavid Hüseynovu ilin yaxşısı adına ən layiqli namizəd göstərməsi əslində başqa mətləbdən xəbər verir. Aydın məsələdi, bu məşqçilər məhz öz yetirmələrini önə çəkib. Xüsusən Əsgər bəyin seçimi təvazökarlıqdan çox-çox uzaqdı. Əminik ki, "Rəvan"dan kimisə namizəd göstərsəydik, Bəhmən Həsənov da öz yetirməsinin adını çəkəcəkdi. Amma hansı əsasla? Yaxud futbol adamlarından bir çoxu Rəşad və Rahidi ilk "üçlüy"ə belə layiq bilməyib? Könül istərdi ki, niyəsini də həmin şəxslərin özündən soruşaq. Bir sözlə, hər kəs seçimini əsaslandırmalı olsun. Açığı, bu tendensiya illərdi davam edir. Qarşısını almaq isə mümkünsüzdü. Ayrıca sorğu keçirən təşkilat olsaydıq, respondentlərə əvvəlcədən yazılı blanklar təqdim edər, hər kəsin qarşısına rəyini əsaslandırmağı tələb qoyar və beləliklə, obyektiv seçimə nail olardıq.

17 illik sorğu təcrübəmizin daha bir acı reallığı əcnəbilərə ögey münasibətdə təzahür edir. Yayda Almaniya bundesliqasının biraddımlığından dönən, millimizə də can yandıran Dmirti Nazarovu ilk "üçlüy"ə demirəm, "beşliy"ə belə layiq görməyənlərin qısqanclığını anlamaq çətindi. Hətta futbol adamlarının bir çoxu "Dmitri" adını eşidən kimi "onu tulla o tərəfə, özümüzküləri seçək" deməkdən belə çəkinmədi. Bəs obyektivlik harda qaldı?

Fikirlərini bizimlə bölüş!