Bizim Lənkəranın 2-ci mikrorayon ərazisində Əlisahibin dükanı deyilən bir market var. Adından bəlli olan mağazanın sahibi Əlisahib rəsmən “Qırmızı Aypara” cəmiyyətinin rolunu oynayır. Uzun illərdi yüzlərlə sakin onun marketinə öz mağazası kimi daxil olub istədiyini alır və adını “nisyə dəftəri”nə yazdırıb gedir. Əlisahib bu illər ərzində nə qədər dəftər yandırıb, Allah bilir. Bax, həmin marketə təqribən 7-8 il öncə bir nəfər daxil olub, “halal kolbasa” istəyir. Əlisahib məsləhətli bir məhsul tapıb ona təklif edən anda, tanımadığı müştəri kolbasanın halal olub-olmadığı barədə sual verir. Daha sonra halal olmasının yəqinliyi üçün bütün müqəddəslərə and içdirib, ən sonda deyir: “Onda 300 qram kolbasa, bir dənə də “çibuş” ver”.
Bu yaxınlarda media təmsilçiləri önündə Azərbaycan futbolunun halal və haramı haqqında danışan AFFA prezidenti Rövnəq Abdullayevin yuxarıdakı iki zad barədə mənəvi yanaşma ölçüsü eynən “halal kolbasa” ilə “çibuş”un arasındakı məsafə qədərdi. Mən qətiyyən buna görə “Topaz” filan müqayisəsi etməyəcəm və həmin konfransda halal-haramdan danışan Abdullayevə zatən dərhal həmkarlardan birinin “Topaz” sualı yerində olub. Mənim dərdim tamamən başqadı…
“Səbail” klubu yarananda “niyə Səbail”, “Səbail hardan çıxdı”, “Azarkeşi, şəxsi stadionu olmayan klubun Premyer Liqada nə işi var” kimi adamın gözünə girən suallara AFFA prezidenti türklər demiş, dirək cavab vermişdi: “Oğlum bekar idi, darıxırdı. Dedim qoy başı qatışsın”. Yəni oyuncaq kimi bir şey. Yaratdım, verdim ki, oyuncaq kimi başını qatsın. İndi durub buna görə AFFA prezidentini çox da sorğu-suala tuta bilmərik. Əslində, çox sorğu-suala tutmağa real şərait yoxdu. Şərait olaraq türklər demiş, ölkəmizdə “media şansürü” var və ikinci tərəfdən, bunu deyəcək heç şansürsüz də çox adam yoxdu. Adam uzun illər ölkə büdcəsinin az qala yüzdə səksənini formalaşdıran şirkətin prezidentidi, üstəlik, ölkə futbolunun bütün səlahiyyəti onun əlindədi. Belədə onun oğlunun oyuncağı ən pis halda elə futbol klubu ola bilər. Məhz bu nöqteyi-nəzərdən ölkənin futbol ictimaiyyəti çox da şey eləmədi. Amma və lakin…
Bu yaxınlarda eşidəndə ki, halal və haramın bütün kontekslərdə zorlandığı Azərbaycan çempionatının birinci divizionunda yetərincə fəal görünən “Xəzər” komandası da Abdullayevin oğlunun ikinci oyuncağıdı, bi ixtiyar olaraq yenə də türklər demiş, dedim: Vay bə, arkadaş!
Bu artıq halal və haramlıq deyil. Bu tamamən başqa şeydi və imkanım, şəraitim olsa idi, onu açıq-açığına deyərdim ki, nədi. Ölkə futbolunun paytaxtlaşdığı, bölgələrdə futbolun məhv olunduğu, olan-qalan infrastrukturların dağıldığı bir vaxtda paytaxtda ikinci oyuncağa niyə ehtiyac olsun ki? 10 il öncə ölkə mediasında bananın monopoliyada olduğunu oxuyurduq. İndi də futbol monopoliyasına gediriksə, o zaman Tovuzda, Aranda, Mingəçevirdə, Lənkəranda gözü yollarda qalan azarkeşlərə bunu necə açıqlayaq? Yaxşı, deyirsiz Lənkəranda düzgün idarə edə bilmədilər, futbol dağıldı. Ramin Musayevin olmayan səmimiyyətinə, Xaqani Məmmədovun olmayan kitabına, Ramil Diniyevin olmayan düdüyünə inandıq. Bəs Tovuzda, İmişlidə, Mingəçevirdə, Ağsuda və başqa yerlərdə niyə futbol böyümədi? Niyə ikinci oyuncağa pul çatır, bölgələrdə futbolun inkişafına pul çatmır? Dünən yaranan və ikinci oyuncaq rolunu oynayan divizion təmsilçisi Antalyaya getməyə pul tapır (xoşbəxtliyin pik həddi), amma bölgələrdə uşaq komandaları oynamağa top tapmır.
Siz bu düşüncə sahibləri ilə addımlayırsız, hörmətli Qurban Qurbanov. Halalla haramın kolbasa və “çibuş”la məsafəsi qədər, övladının oyuncağı iki klub olan adamlarla. Onlar halal və haramı bilmədi, axi siz ki, bilirsiz. O zaman deyin: İki oyuncaq bəsdi, bölgələrə top və futbol verək!




Fikirlərini bizimlə bölüş!