Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Vəliyevlərin sayəsində… Qoltuğa sığınan “Kəpəz” qapı-qapı gəzir

"Kəpəz" yenə yiyəsiz, yenə didərgindi. Sanki hər həftə Avropa Liqasında oyuna çıxan bu komanda deyil.

Gəncə şəhər stadionunun bərbad olması üzündən avrokubok matçlarını Mərdəkanda – "Dalğa Arena"da oynayan "Kəpəz" indi daha çətin durumdadı. Kluba pul xərcləmədən yiyəlik edən şəhər rəhbərliyi yenə onları başqalarının ümidinə qoyub. 1967-ci ildən bu yana yerli stadiona ayrılan vəsaitlərin "yeyilməsi" öz yerində, arenada hətta kosmetik təmir işi də aparmayan şəhər rəhbərliyi son illər, ümumiyyətlə, heç bir iş görməyib. Elə buna görədi ki, Premyer Liqada tamaşaçı sayına görə rekordçu olan "Kəpəz" indi başqalarının ümidinə qalıb, ianələr hesabına yaşayır.

Klubun bugünkü durumu isə faciəvidi. Təsəvvür edin, komanda dünən ADBTİA-nın stadionunda hazırlaşıb, bu gün Dövlət Yol Polisinin Xırdalanda, standartlara cavab verməyən meydanında məşq edib, sabah isə Suraxanıya – "Qarabağ"ın arenasına üz tutacaq. Belə didərginliyin səbəbi isə pulsuzluqdu. Rəhbərlik kluba heç bir qayğı göstərmir, baş məşqçi Şahin Diniyevlə Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu isə yalnız bunu bacarır. Bugünkü məşq üçün polis rəisinə, sabahkı üçün isə ağdamlıların baş məşqçisi Qurban Qurbanovla xahişlə müraciət etmək lazım gəlib.

Bir neçə gündən sonra avrokubok matçına çıxacaq klubumuzun belə aqibətlə üzləşməsi utancvericidi. Klubun Müşahidə Şurasının sədri olan Elmir Vəliyev qızara bilər, amma onun yanaqlarının rəngi çətin ki, komandanın belə durumla üzləşməsinə görə olsun. Bəlkə də bir toplanışın pulunu 2-3 günlük şəxsi istirahətinə xərclədiyi üçün yanaqlarından qan damır. Halbuki o bu postda, atası isə Gəncə İcra Hakimiyyətində ona görə kreslo tutublar ki, şəhərin əsas komandasına minimal dəstək versinlər, heç olmasa, daimi məşq üçün 400-500 manata meydan icarəyə götürsünlər. Klubun bütün xərclərini onsuz da AFFA çəkir, cari xərclər üçünsə vəliyevlər tükünü tərpətmir.

14 ayın içində AFFA rəhbərliyinin, Diniyev və köməkçi məşqçilərin, eləcə də cəsur futbolçuların gərgin əməyi sayəsində yaradılan "Kəpəz" bugünədək heç bir Vəliyevdən ciddi kömək görməyib. Əvəzində ən pullu vaxtlarında belə avrokubokda qələbəyə həsrət qalan komanda məhz bu mövsüm ilk dəfə qitə yarışlarında mərhələ adlayıb.

Qarşıdan "Admira" ilə həlledici matç gəlir. İlk oyundan sonra şanslar qalır. Komanda mərhələ keçsə, rəhbərlik yenə özünü jurnalistlərin qarşısına atıb, qrup mərhələsindən dəm vuracaq, gic-gic açıqlamalar verəcək; pis nəticə reallaşsa, siçan deşiyini satın alacaqlar. Halbuki komandanın uğur qazanması, adi qrafiklə normal məşq etməsi üçün heç bir iş görməyiblər.

"Kəpəz" yetim kimi ortada qalıb. AFFA klub üçün mümkün olanı edir, heç bir iş görmədən uğura görə "çox sağ ol",ardınca da imyitazlar alan vəliyevlər isə Hacıkənddə kef-damaqdadı. Yəqin 3 gündən sonrakı cavab oyununa özlərini çatdırarlar.

Bu, icra başçısının və onun ərköyün oğlunun ilk belə etinasızlığı deyil. Xatırlayırsızsa, "Daçiya" ilə ilk oyunda matça saatlar qalanadək yeni transferlərin pulu ödənilməmişdi. Yalnız mətbuatın tənqidindən sonra son anda problem həllini tapdı və bu, Elmir bəyin misilsiz xidməti kimi təqdim olundu.

Gəncə azarkeşləri o qədər möhtəşəmdi, "Kəpəz" o qədər böyük tarixə malikdi ki, onun qoltuğa sığınmasına ehtiyac yoxdu. Amma faktdı ki, Avstriyaya gedərkən komanda məhz bir neçə ilin komandası olan "Qəbələ"yə möhtac qaldı. "Qara-qırmızılar" Macarıstana getmək üçün təşkil etdikləri çarter reysinə "Kəpəz"i də götürdü. 120 min dollara başa gələn səfər xərclərinin 1/3 hissəsi "Kəpəz"in öhdəsinə düşdü, həmin pul da avrokubokda iştiraka görə UEFA-dan gələcək mükafatdan çıxılacaq. Və qəbələlilər geri qayıdarkən aldıqları mükafatı müzakirə edərkən gəncəli futbolçular köks ötürüb Moldova klubunu keçdikləri üçün eşidəcəkləri quru təşəkkürü gözləyirdi.

Bu qədər biabırçı durumdu. "Kəpəz" 3 gündən sonra növbəti tarixi yazmağa çalışır. Amma bunu yalnız fədakar futbolçu və məşqçi heyəti sayəsində edir. Hər gün bir stadionda məşq etməklə, həmkarlarına minnətçi düşməklə…

Burada komandanın əsas simaları olan Nərimanoğlu və Diniyevdə də günah var. Onlar hər problemi özləri yoluna qoyduqları üçün vəliyevlər də hazıra nazir olmağa öyrəşib. Bu adamlar etirazını bildirsəydi, problemin həlli üçün çalışmasaydı, komanda dağılar, başçı və onun ərköyün övladı da "yuxarılar"a bunun hesabatını verərdi.

3 gündən sonra oyundu. Yardımçı meydançası təmirdə olan, əsas meydanı isə oyun üçün qorunan "Dalğa Arena" vacib matça şahidlik edəcək. Bir yanda hər hazırlığı yerində olan "Admira", digər yanda polis idarəsinin meydanında hazırlıq keçərək meydana çıxacaq "Kəpəz"…

Ağa MAHMUDOV

Fikirlərini bizimlə bölüş!