Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Verdikt

Verdikt bir hüquqi termindi. Andlılar məhkəməsinin qərarına verdikt deyilir. Bəlkə də bunun yazımıza bir o qədər də dəxli yoxdu. Bəlkə də var.

Avroliqanın sonuncu qrup oyununda "Qarabağ" İtaliya "İnter"ini qəbul etdi. Oyun barədə yazıb başınızı ağrıdası deyiləm. Heç mübahisəli qapı xəttini keçmiş top (bu yerdə xatırlatmağı özümə borc bilirəm ki, qapı xəttini keçmiş top hakim tərəfindən qol sayılmayıbsa, bu halda mübahisəli deyilir) haqqında da danışmayacam. Danışacağım mövzu tamam başqadı. Hüquqların müqayisəsindən danışacam.

Roma hüququndan üzü bəri hüquqşunaslar hüququn təkmilləşdirilməsindən ötrü qanları bahasına olsa belə, nələrəsə nail olmağa çalışdılar. Hələ də bu çalışmalar davam edir. Hələ də optimal variantın axtarışı, müzakirələr, nəyin "olar", nəyin "olmaz" davası davam edir.

Bir hakimin etdiyi səhvi düzəltmək üçün apellyasiya instansiyası yaratdılar. Bununla kifayətlənmədilər, kassasiya instansiyası yaratdılar. Hamısı da bir məsləkə xidmət edir: insan üçün.

Fərdi hüquqları bərpa etdiyimiz bir vaxtda toplumun hüquqlarını yaddan çıxarmağa başladıq.

Yazılı hüquq Romada yaranıb. Məhz həmin Romada qladiator döyüşləri də yaranıb. Qladiatorların hüquqları çox məhdud olub. Hətta vəzifələri də. Onların bir vəzifəsi olub: döyüşdüyü qladiatoru öldürmək və bununla da döyüşə baxan tamaşaçını əyləndirmək. Sonradan bu qladiator döyüşləri senatorların qumar, indiki qanunvericiliyin diliylə desək, idman-mərc oyunlarına çevrildilər. Pul qoyub, pul götürmək. Hansı senatorun qladiatoru qalib olacaq – sağ qalacaq.

Hüquq inkişaf etdikcə idman-mərc oyunları da inkişaf etdi. Və son 100 ildə dünyanı ağuşuna alan milyonların, yox, milyardların oyununa çevrilən futbol meydana gəldi.

Bu da qladiator döyüşüdü. Bir neçə fərqlə. Komanda şəklində, qaydalar çərçivəsində döyüşmək. Və hətta bu döyüşə hakim də təyin etdilər. Qaydalara riayət edilməsi üçün. Hakimin çıxardığı qərar nəinki mübahisələndirilə, hətta müzakirə edilə bilməz. Hakimin çıxardığı qərar səhv də ola bilər, düz də. Bu yerdə hüququn hüquqsuz vaxtları – tək hakimin çıxardığı ölüm hökmlərini xatırlatmaq istəmizdim. Təəssüf ki, tarix bu cür haqsız hakim qərarlarından sığortalanmayıb.

Futbolda da bu cür haqsızlıqlar olub. Bir komanda uduzdurulub. Nəyin müqabilində? Bir neçə il əvvəl qladiator döyüşlərinin vətəni olan Roma imperiyasının xarabalıqları üzərində yaranmış İtaliyada pulla oyun alınıb-satılması skandalı yaşandı. Həmin vaxt bir neçə italyan klubu Avropa kubokları oyunlarından uzaqlaşdırılmışdı. Həbslər də olmuşdu, bukmeker kontorları bağlanmışdı. İtaliya mafiozları özlərini Roma senatorları kimi aparmaq istəyirdilər. Uzun müddət buna nail olmuşdular. Həbs olundular, buraxıldılar və yenə də öz işlərini davam etdirirlər. Bunun qarşısını almaq isə çox çətindi. Hətta mümkün deyil. Burda hüququ tapdalanan isə oyunun təmizliyinə sidq ürəkdən inanan azarkeş olur. O azarkeş ki, dinə inandığı qədər futbola inanır. Futbolun bir din olmasına inanır.

Futbolda hüququ tapdalanan azarkeşin komandası üçün döyə biləcəyi qapısı yoxdu. Tam hüquqsuz bir vəziyətdədi. Komandasından ancaq qələbə tələb edir. Komandasının futbolçularından qladiator olmağı tələb edir. Komandasından finiş xəttini birinci keçən at olmağı tələb edir. Qışqırır, emosiyasını çıxarır. Bir oyunu günlərlə müzakirə edir. Bunların hamısı tam hüquqsuz bir vəziyyətdə baş verir.

Futbol ayrıca bir dövlət, yox, ayrıca bir planetdi. Onu siyasətlə idarə etmək mümkün deyil. Onu idarə edəcək tək bir qüvvə var: azarkeş hüquqsuzluğu!

Fikirlərini bizimlə bölüş!