Çox səhvləri oldu, çox. O qədər çox ki, sayı-hesabı yoxdu. Amma bu səhvlərin bir çoxunu səhvə məcbur edildiyi üçün etdi.
Fuad Musayev dünyasını dəyişdi. Hamımızın gedəcəyi yerə o, bu gün yollandı. Səhər saat 12-də vəfat etdi, xəbərini yarım gün sonra aldıq. Biganəlikdənmi, tərkidünyalıqdanmı, diqqətsizlikdənmi?
Ondan çox yazmaq olar – qatı açılmamış xatirələr var. AFFA-nın ilk prezidenti idi, yanlışları ilə birlikdə futbolumuzun təşkilatlanmasında, doğru yön seçməsində xidmətləri danılmazdı.
Və s…
Hər şeydən öncə o, şəxsiyyət idi, yaltaq deyildi. Hamının baş əydiyi insanların qarşısında belə dik dayandı, boyun əymədi. Bəli, qəddar idi, bir sözünü iki edəni bağışlamırdı, onun üzündən futboldan didərgin düşənlər az olmadı. Lakin onun futbola qazandırdıqları daha çox idi. Həm böyük bir təşkilat, həm futbolumuza “Şəfa” olmaq üçün nəzərdə tutulan stadion, həm də bu gün futbolumuzu ayaq üstə saxlayan saysız kadr-mütəxəssislər.
2 günahı var idi:
birincisi, eqosundan qaynaqlanan səhvlərinin çoxluğu;
ikincisi, yaltaq olmaması…
İkinci günah sayılırsa, onda birincisi, qəhrəmanlıqdı.
Allah sizə rəhmət eləsin, Fuad Ənvəroviç…




Fikirlərini bizimlə bölüş!