Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Nadir şəxsiyyətin ölümü

Mahir Rüstəmlinin üç şagirdi oturmuşuq. Məclisinn yaxşı yerində Fuad Musayevin ölüm xəbərini oxuyuram. İlkin Fikrətoğlunun da, Elnur Məmmədlinin də, mənim də qanım qaralır. Yeganə təskinlik zəmanəmiz üçün az olmayan 79 yaşda dünyasını dəişməsidi.
Fuad müəllimlə bağlı hərənin öz xatirəsi var. Mən Moskvanın "İzmaylovo" stadionunda hansısa mötəbər turnirdə mübarizə aparan gənclər millimizin oyununda Musayevin avtomobili yanımda saxlayıb o vaxt yaşadığı problemləri bölüşdüyünü və bu böyük şəxsiyyəti tanıyan 20 yaşı tamam olmayan gəncə sürpriz yaşatdığını danışıram.
Elnur Məmmədli Musayevin karyerasını məhv etdiyi Samir Ələkbərovun müsahibələrindən birində "bəli, karyeramı məhv edib, amma ona hörmətim sonsuzdu" dediyini yada salır. İlkin Fikrətoğlu Fuad Musayevin xarizmasını önə çəkir. Dünyasını dəyişən bir şəxs haqda, adətən, xoş sözlər danışılır. Bizim də ağlımıza yalnız xoş xatirələr gəlir…
Fuad Musayev böyük şəxsiyyət idi. İndikilərlə müqayisədə isə çox böyük şəxsiyyət idi. Azərbaycan futboluna ondan sonra bu çapda bir xarizmatik şəxsiyyət gəlməyib. Adam ölkə prezidenti Heydər Əliyevlə kəllə-kəlləyə gəldi və sonda bəlkə də məğlub oldu. Amma təslim olmadı. Bir də belə futbol rəhbəri görəcəyikmi?!
Fuad Musayevin yaratdığı "Şəfa" stadionu indi dəyişsə də, futbolumuza fayda verməkdədi. "Şəfa" Fuad müəllimin vaxtında sıradan bir stadion deyil, həm də Azərbaycan futbolunun akademiyası idi.
İndi Çempionlar Liqasının qrupunda görməyi arzuladığımız "Qarabağ"ı bu yerlərə gətirən məşqçilər heyətinin, futbolumuzun ən dəyərli futbolçu-şəxsiyyəti kimi özünü qəbul etdirmiş "Qarabağ"ın və millinin kapitanı Rəşad Sadıqovun üstündə Fuad Musayevin böyük haqqı var. Ən çox təəssüf etdiyim məqam da Fuad müəllimin futbolumuzda şəxsiyyət deyəndə ağlımıza gələn ilk iki adamdan birinin – Rəşadın ad günündə vəfat etməsidi.
Bəlkə də bu Allahın bir istəyi və işarəsidi. Rəşadlı "Qarabağ" ÇL-in qrupunda, Rəşadlı milli Avropa çempionatının final mərhələsində oynayanda əminəm ki, o böyük şəxsiyyətin ruhu şad olacaq.
Fuad Musayev müstəqil AFFA-nı quran və bu təşkilatın ilk prezidenti olmuş unudulmaz şəxsiyyətdi. Millinin və klublarımızın ilk oyunları, ilk uğur və uğursuzluqları onun dövrünə təsadüf edib. Fuad Musayev nüfuzu və xarizması ilə həm ölkədə, həm də xaricdə özünə böyük hörmət qazanmağı bacaran nadir şəxsiyyətlərdəndi. Həmişə futbolumuzda istər idarəçi, istər məşqçi, istərsə də futbolçu səviyyəsində çox ciddi şəxsiyyət qıtlığının olduğu söylənilir. Bütün mənfi və müsbət cəhətləri ilə Fuad Musayev kimi şəxsiyyət bəlkə də futbolumuza bir daha gəlməyəcək. Yeganə təsəlli Fuad Musayev adının Azərbaycanın futbol tarixində əbədi qalacağıdı.
Allah sizə rəhmət eləsin, futbol tariximizdə futbolçulardan daha böyük payı olan böyük şəxsiyyət…

Fikirlərini bizimlə bölüş!