Dəhlizində ara-sıra mürgü döyən Raya xanımın olduğu, o əzəmətsiz, balaca, hətta burdan – 2017-ci ildən boylananda miskin görünən ofisdə olmuşdum. Fuad Musayevin ölkə futbolunu, ölkənin bütün futbol adamlarını ustad bəstəkarın əlindəki dirijor çubuğuyla idarə edirmiş kimi idarə etdiyi ofisdə. Arabir mülayimlikdən əsər-əlamət olmayan baxışları ilə də rastlaşmışdım Musayevin.
Vəzifə adamları iki cür olur – ya əyilə-əyilə vəzifə pilləkənləri ilə irəliləyənlər, ya da qamətini, duruşunu pozmadan yüksələnlər. Musayev ikinci sinfə aid idi, zəhmli idi, qürurlu idi, tərs idi. Həmin o tərsliyi də AFFA prezidenti kimi sonunu gətirdi.
Onunla bir də eks-AFFA prezidenti statusunu daşıdığı vaxtında qarşılaşdım. Onda “Komanda” qəzetini çıxarırdıq, mobil telefonuma zəng gəldi: “Salam, “Komanda” qəzetindəndi?” sualına təsdiq cavabı alandan sonra “Fuad Musayevdi danışan, sizin qəzeti oxuyuram” demişdi…
“Komanda”nın hər sayını oxuyurdu. Rövnəq Abdullayevli AFFA-nı, Azərbaycan futbolundakı eybəcərlikləri tənqid etməyimiz xoşuna gəlirdi. Sonra bir gün dostum, həmkarım Saleh Arslanla evinə gedib, saatlarla sürən söhbət etdik, müsahibə götürdük. O müsahibə “Komanda” qəzetində bir neçə həftə ərzində hissə-hissə yayımlandı. Danışmadığımız mövzu qalmamışdı.
Bir müddət əvvəl redaksiyada uşaqlara “Fuad Musayevi yenə danışdırmaq lazımdı – tarixdə qalmaq üçün” demişdim. Qismət olmadı…
Fuad Musayevə münasibət birmənalı deyil, heç vaxt da olmadı. Onu diktator, azərbaycanlı futbolçuların yoluna daş qoyan biri kimi xarakterizə edənlər də var, haqqında “azərbaycanlı futbol adamlarına eləsi lazım idi” deyənlər də.
Heç bilirdizmi Musayev AFFA prezidenti postunda uzun zaman oturmaya bilərdi? Mərhum Heydər Əliyevin dövründə Bakı meri postuna keçidi alınsaydı. Alınmamışdı və onunla saatlarla davam edən görüşümüzdə bunun da səbəbini aydınlatmışdı. Bütün bunlar siyasi məsələlər idi və Musayevin AFFA prezidenti olduğu dövrdə onu kabus kimi izlədi, təklənməsinə səbəb oldu.
Anlayıram, Fuad Musayevin qüsurları ona qarşı dişlərini qıcayanların sayı qədər çox idi. Amma Musayevə qarşı çıxanlar qüsursuz idilərmi? Məgər o adamlar ki, Musayevi satdı, ona qarşı cəbhə yaratdı, onların bütün bunları 5-10 manat təqaüd puluna, hansısa heç bir zibil olmayan regional federasiyalarda vəzifə sahibi olmağa görə etdikləri görünmədimi? Əlahəzrət zaman o adamların bütün dirənişlərinin, davranışlarının, "Azərbaycan futbolu naminə" şüarlarının sadəcə və sadəcə öz mənafeləri naminə atdıqları addımlar, boğazdan yuxarı olduğunu göstərmədimi? Hardadı İsgəndər Cavadov və başqaları? Allah xatirinə, Fuad Musayev pis idisə, bu adamlar kimdi? Bilirsizmi, Fuad Musayevin evindəki o görüşdə bütün bu insanlara necə ikrahla, yuxarıdan asağı baxdığını, hətta adam yerinə qoymadığını hiss etmişdim. “Komanda” qəzetində işıq üzü görən o müsahibədə də açıq-aşkar hiss olunmuşdu bu münasibət. Haqsız idimi Musayev?
Məgər o adamlar kordu, görmürlər ki, Musayevin özü kimi "alternativsiz" AFFA prezidenti olan Rövnəq Abdullayevin Musayevlə müqayisədə milyonlarla, milyardlarla pulun xərcləndiyi futbolundan futbolçu çıxmır? Məgər o adamlar samir əliyevləri, kamal quliyevləri, mahmud qurbanovları, qurban qurbanovları Rusiyada, Ukraynada adından söz etdirən Musayev dövrüylə müqayisədə indi ölkə xaricinə göndərməyə normal bir futbolçunun olmadığını qanmırlar? Məgər siz doğrudan da, Musayev dövründə müstəqil Azərbaycan futbolu adına yetişmiş ən yaxşılardan olan Rəşad Sadıqovun həm də sonuncu mogikan olduğunun fərqində deyilsiz? Bəs Zaur Tağızadə – “Qızıl oğlan”? Sizin heç “Kauçuk oğlan”ınız da yoxdu ki.
5-10 manat təqaüd, hansısa heç bir zibilə dərman olmayan regional federasiyalarda tutduğunuz vəzifələr… Ax, ax…
Musayev diktəni, hər şeyə nəzarət etməyi sevirdi, hətta bu yazının yenicə dünyasını dəyişmiş bir mərhum haqda olmasından dolayı etikanı kənara buraxıb, yazım, diktator havalı biri idi. Məgər bu ölkə, bu ölkənin insanları illərdi… Lənət şeytana!
Bilmirəm, AFFA-nın o miskin ofisinin dəhlizində mürgüləyən Raya xanım yenə hardasa əyləşib mürgüləyirmi, yoxsa əbədi yuxudadı, amma onu bilirəm ki, bizə Azərbaycan futbolunu sevdirən həmin o Raya xanımlı AFFA, onun rəhbəri Fuad Musayev olmuşdu. Bizi tez-tez üzən, kədərləndirən, sevindirən, arabir göz yaşlarında boğan həmin o AFFA. Ən azı indiki kimi Azərbaycan futboluna münasibətdə hissləri korşalmış, qurumuş, solmuş adamlar deyildik. O hissləri bizə yaşadan insan, ruhun şad olsun!




Fikirlərini bizimlə bölüş!