Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Xeyirli olmasın…

…AFFA hələ əsas yığmamızın sabiq baş məşqçisi Fernandu Santuşa çoxmilyonluq təzminatı ödəyib qurtarmayıb. İndi isə kimlərinsə şəxsi və nüfuz maraqlarına görə onun həmyerlisini başqa bir komandamıza gətirirlər. Dünya şöhrətli Santuş Azərbaycanda qələbəyə həsrət qalaraq necə rəzil oldusa, Jorjeni də fərqli aqibət gözləmir. Bu əməliyyatda Azərbaycan futbolu yox, bir qrup işbaz qazanacaq.

Nəsirov bütün namizədlərin kənara atılmasına, yalnız himayədarı olduğu Riad Rəfiyevin meneceri olduğu Rui Jorjenin U-20-yə gətirilməsinə nail olub. İşi elə qurub ki, hətta AFFA rəhbərliyi də ofsaydda qalıb, onlar yalnız İcraiyyə Komitəsinin iclasında razılıq üçün əl qaldırmaqla məşğul olacaq.

Bu təyinata görə Rəfiyev 30 faizlik komisyon haqqı alacaq. Müqavilənin müddətini illik yarım milyon avroya vurun və onun 30 faizini hesablayın. İllərdir milli komandalarla bağlı bütün əməliyyatlarda baş rolda olan, de Byazidən Obradoviçə, Prosineçkidən Yurçeviçə kimi 10-dan çox əcnəbini Azərbaycana gətirən, hamısından yüzminlər qazanan bu şəxsi ona görə menecer-prezident kimi təqdim edirik. “Sumqayıt”ın prezidentinin Elxan Məmmədov – Elşad Nəsrov cütlüyünün himayəsində illərdir Azərbaycan futbolunun başına açmadığı oyun qalmayıb.

Təyinata “Xeyirli olsun” demirik. Tutmayacaq duaya “Amin” deyilməz. Digərlərində təxminlərimiz necə doğru çıxıbsa, indi də eynisi olacaq. Rui Jorje bünövrəsi məmmədovların, nəsirovların sayəsində məhv edilən, milliləşənlərə möhtac qoyulan Azərbaycan futbolunda uğur qazana bilməz. Bu ölkədə futbolçu nəslinin yetişməsi üçün heç nə edilməyib, təməl dağıdlıb.

Santuşa verilən milyonlarla bazalar, stadionlar tikmək, İnkişaf Strategiyasının icrasına başlamaq olardı. İndiki yeni məşqçiyə ödəniləcək pullarla da infrastrukturu yaxşılaşdırmaq şansı var. “İmişli” Qubada palçıqlı stadionda futbol oynayır, AFFA isə U-20-yə əcnəbi məşqçi gətirir. Necə də eybəcər mənzərədir!..

Fikirlərini bizimlə bölüş!