Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Xoruz, inək, bayquş

iz niyə uduzuruq?

Biz niyə hər kəsə uduzuruq?

Niyə konkret bir sahəyə əl qoyub, biz bu sahədə "bir nömrəyik" deyə bilmirik?

Millət, toplum olaraq qorxaq, saxtakar olduğumuz üçünmü?

Cəmiyyət olaraq pula həddən artıq həris, acgöz olduğumuz üçünmü?

Kitab oxumadığımız üçünmü?

Rüşvəxtor olduğumuz üçünmü?

Bilirəm, bu sətirləri oxuyanda düşünəcəksiz…

Düşünəcəksiz ki, bu ölkə yazıldığı, deyildiyi kimi də hər şeydən məhrum xaraba, viran qalmış, üstündə yel əsib, qoz tökülən bir ölkə deyil.

Düşünəcəksiz ki, bu ölkədən Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir… və daha kimlər çıxıb.

Amma onlar da zaman-zaman bu milləti ələ salmayıblarmı, məsxərəyə qoymayıblarmı? Onlar da zaman-zaman cəmiyyətin eybəcərliklərini görüb, yazılarında, şeirlərində bu milləti, toplumu düz yola çağırmayıblarmı? Onları "onlar" edən də elə topluma qarşı çıxışları olmayıbmı?

Düzəlibmi hər şey? Adam kimi adam olubmu Azərbaycan insanı? Əl çəkibmi rüşvətxorluqdan, saxtakarlıqdan, vəzifəli şəxs qarşısında ikiqat əyilməkdən? Xilas ola bilibmi pula Allah kimi baxmaq mərəzindən?

Dəyişibmi Azərbaycan? Dəyişə bilibmi Üzeyir Hacıbəyovlar, Cəlil Məmmədquluzadələr, Mirzə Ələkbər Sabirlər bu boz ölkənin insanlarını?

Siz mənə bir sahə göstərin və deyin ki, bu sahədə biz bacarıqlıyıq, qalibik, uğurluyuq.

Güləşmi?

Dağıstanlılar at oynadır güləşimizdə.

Futbolmu?

Gülünc iddia olar və gülüş yaradar.

Musiqimi?

Azərbaycan telekanallarından hər gün eşidilən xoruz, inək, bayquş səslərinə musiqi deyilməz.

Şeirmi?

Həqiqət qarşısında boğaz olanlar ürəkləri istəyən qədər Şuşadan, Laçından yazsınlar, sevgini vəsf etsinlər.

Göstərin, bir sahə göstərin. Ki, əlimizi yerə möhkəm çırpıb, "biz bunda bir nömrəyik" deyə bilərik.

Susursuz.

Susuruq.

Susacaqsız.

Susmalıyıq.

Bu ölkənin bu günə qalmasında hər birinizin rolu, hər birimizin özümüz boyda payı var.

Həkimə, müəllimə, məmura rüşvət verən biz deyilikmi? Özündən vəzifəcə böyüklərə yalmananlar, rüşvət verənlər həkimlərimiz, müəllimlərimiz, məmurlarımız deyilmi? Əslində, hamımızın içində vəzifədə olmaq, hökm etmək, daha çox yeyib-talamaq hissi yoxdumu? Başdan ayağa, ayaqdan başa kimi çirkin, çirkabın içində olduğunuzun, olduğumuzun fərqində deyilsizmi, deyilikmi?

…Avropa çempionatının elit-raundunda oynayan 17 yaşlı futbolçulardan ibarət Azərbaycan millisi keçirdiyi üç oyunun üçündə də rüsvayçı şəkildə məğlubiyyətə uğradı, bircə qol belə vura bilmədi. Artıq baş məşqçi Mirbağır İsayev başını götürüb, aradan çıxıb – istefa verib.

Yadımdadı, təxminən 10 il əvvəlki 17 yaşlı futbolçularımız da hansısa turnirdə belə rüsvayçı çıxış etmişdilər. Onda həmin komanda haqda yazıb "bu futbolçular gələcəkdə ölkənin əsas komandasında oynayacaqlar, gələcəyimiz yoxdu" demişdik. İllər sonra həmin 17 yaşlılar ölkənin əsas komandasına dəvət olundular. Bir müddət əvvəl Xorvatiyaya, Norveçə, Bolqarıstana biabırçı şəkildə uduzan futbolçular var idi ha, bax, həmin futbolçular 5-10 il əvvəlki 17 yaşlılar idi.

Serblərin, xorvatların, portuqaliyalıların ayaqları altında böcək kimi əzilən bu uşaqlar – 17 yaşlılar 5-10 il sonra Azərbaycanın əsas milli komandasının futbolçuları olacaq. Təsəvvür edə bilirsizmi 5-10 il sonra başımıza gələcəkləri? Bəs cavab tapdızmı bu suallara:

Biz niyə uduzuruq?

Biz niyə hər kəsə uduzuruq?

Fikirlərini bizimlə bölüş!