Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Xoş gəldin, “Viləş”!

“Viləş”. Bu ad mənim üçün həm də xatirə xurcunudur. Qırmızı kərpicli, 3 mərtəbəli məktəbimizdə xərcləmək üçün verilən pulların yığılması, ilk sevgiyə həsr olunmasıdı. “Kapotu” qırmızı, “baqajı”, qara özünü güclə sürüyən “011”dən düşüb tozlu yollarda qaçıb, indi mənə məzar daşından baxan babalara “Viləş” uddu” xəbərini verməkdi…

… Bizim 1936-cı ilin yadigarı olan məktəbimizlə tən olan xatirələrimiz çoxdur, xüsusən də onun qumlu stadionu ilə bağlı. Stadion bir böyük həyətin divarına birləşirdi. Hasarın üstündən topu vurmaq üçün hər birimizin gücü vardı… Amma o topu gedib qonşunun əlindən almaq üçün çox az adamda cəsarət vardı..

O da çatdırsaydıq… An məsələsi topumuz cırıla bilərdi. Maraqlısı bilirsiniz nədir? Bizim topumuzu parçalayanın oğlu həm də bizim “nasosçu”muz idi. Biri cırırdı, kor-peşiman dükana gedib “məmmədlik” top alıb, dərinin içinə qoyub, hava vururduq… Oğlu “nasosos”unu bizə verməklə bir növ atasının günahlarını yuyurdu…

İnsan yolunu biləndə, əmin olanda qarşısına çıxan maneələr sadəcə nəfəsini dərmək üçün dayanacaqdı. Başqa heç nə… Biz bütün bu əziyyətlərə zirvəyə çıxmaq üçün, yəni “Viləş”də oynamaq üçün qatlaşırdıq… Taxta pinindən çəkdiyimiz xətt həndəvərində dayanan atalar da, stadionun yanında qaynadılmış heyva satan Sehri xala da, oyuna gedib, ondan alver etmədiyimiz üçün bizi avara adlandıran dükançı da, işlərini bizim oyuna görə quran babalar da, bədənimizi yarıya qədər əyib su içdiyimiz çənlər də bu arzumuza şahid idi…

Bütün bu arzularımız 2001-ci ildə puç oldu, heç oldu, məhv oldu.. “Viləş” dağıldı” xəbəri bizim üçün qara yel kimi gəldi. Məqsədsiz, arzusuz, futbolsuz qaldıq… Hər kəs öz yaxınını itirmiş kimi hiss edirdi… Biz nələrdən məhrum olmamışdıq ki… Amma insan barışmır, arzular nə qədər məhv olsa da, yaşı səninlə başlayan ümidlərin elə bəzən səninlə son mənzilə qədər yaşayır… Bir gün nə vaxtsa qayıdar ümidi ilə…

Bəli, bəzən qarşı tərəf çox insafsız olur, bəzən isə sənə acıyır, sənə yazığı gəlir, dönür, qayıdır, geri gəlir, xatirələrini yenidən alovlandırır… “Viləş” kimi…

Xoş gəldin, sevgili… Şəxsən mənim üçün “Viləş”in hansı liqada oynamasının, hansı durumda olmasının, heç bir önəmi yoxdur. Önəmli olan olmasıdır, tarixdə yaşamasıdır.

Çünki o bizim doğmamızdır, doğmamımızın isə vəziyyəti önəmli deyil, olması önəmlidir, xoş gəldin, sevgili, xoş gəldin, “Viləş”…

Fikirlərini bizimlə bölüş!