Bolqarıstan və Azərbaycan futbolçuları inamlı addımlarla meydana çıxırlar. Bolqarların uzaq rus çöllərindən tör-töküntü içində qayıdan Napaleon əsgərlərinə oxşayan futbolçularından fərqli olaraq, azərbaycanlı futbolçular inamlı, canlı-qanlı görünürlər. Hiss olunur ki, əksəriyyəti qoz, bal yeyir, yanaqlarından yağ damır.
Aha! Budu, Azərbaycanın dövlət himni səslənir. Dmitri Nazarov, Ufuk Budak və Rüfət Dadaşovdan başqa qalan milli (öz «bağımızın məhsulları») futbolçularımız himni oxumağa başlayırlar. Düzdü, hiss olunur ki, aralarında himni bilməyən, yalandan ağzını gəvşəyənlər də var. UEFA-nın tələbinə əsasən himn axıra kimi səsləndirilmir. Hamı susur, bircə Qara Qarayev əli sinəsinin üstündə oxumağa davam edir: «Səndən ötrü…».
Kapitan Rəşad Sadıqov cərgənin o başından qışqırır:
– Qara! Əxi, neynirsən sən?
Qara səsə diksinir:
– Əxi, himn oxuyuram da. Oxumayım?
Sadıqov heç nə demir. Onsuz da hamı dağılışır, meydanın özlərinə aid hissəsində yer tutmağa gedir.
Aha! Oyun başlayır.
Bolqarlar hücum edir. Mahir Şükürov qışqırır:
– Vurun əəə, bunların ayaqlarından. Cın…r uşağı cın…r! Elə gəlirlər, elə bil qapımızın ağzına pul töküblər.
Ruslan Abışovun «davay, rebyata, davay», Rəşad Sadıqovun «əlhəmdülillah, Allah bizimlədi» deməsinə baxmayaraq, Allah 14-cü dəqiqədə bolqarların yanında olur və qol vururlar.
Vəssalam! Hamı başını itirib. Əvvəlcə Mahir Şükürovun öz-özünə mızıldanması eşidilir:
– Cın…lar! İmkan verməzlər 5-10 manat pulumuzu qazanaq. Ac köpəy uşağı, aclar!
Bir az diqqətli olsaz, qapının içindən Kamran Ağayevin də səsini eşidə bilərsiz. O, gözlərini yumub, dodaqlarını tərpədir:
– Bismillah! Bismillah! Bismillah!
Lap irəlidə isə Vaqif Cavadovla Rauf Əliyev dərdləşir. Vaqif deyir:
– Bələ də iş olar. Foqts məəə deyir ki, müdafiəyə qayıt. Sonra deyir ki, get hücuma qoşul. Bir nəfər çıxıb qəti şəkildə demir ki, ay Vaqif, sən «zaşitnik»sən, yoxsa «napadayuşşi».
Rauf narazılıqla başını yelləyir:
– Mənə də eyni şeyi deyir də.
Rüfət Dadaşov ayda-ildə bir dəfə gördüyü komanda yoldaşlarıyla münasibət qurmaq üçün fürsət olduğunu düşünüb, onlara yaxınlaşır. Amma bir az yersiz yanaşma olur. Çünki Rüfət səmimi, mehriban görünsün deyə, təbəssüm edir ki, bu da onu uzaqdan görən Rəşad Sadıqovun xoşuna gəlmir:
– Vaqiffff! O Rüfətə denən, eş…k kimi dişlərini ağartmasın. Oyun qurtarsın, «razdivalka»da ona başa salacam gülmək necə olur.
Birinci hissə qurtarır. Berti Foqts əllərini ölçə-ölçə futbolçularla danışaraq paltardəyişmə otağına yollanır. Burda xüsusi olaraq qeyd olunmalıdı ki, Foqtsun nə danışdığını komandada onsuz da heç kim başa düşmür.
İkinci hissəyə start verilir. Bir az keçir, uca Rəbbimizin o gecə nəzərləri üstündə olan Dmitri Nazarov nə təhər olursa, rəqib qapısına zərbə vurmaq fikrinə düşür. Qol? Yox, doğrudan qoldu?
Həəə, vallah, qoldu. Qol olmasa bu qədər camaat gic deyil ki, boş yerə qışqırsın. Uzaqdan qaçaraq gələn Bədavi Hüseynov yekə bədənini Nazarovun üstünə atır. Sonra Araz Abdullayev qoşa təpik atır, ən hündürə tullanıb, Dmitrinin belinə hoppanır.
Rəşad Sadıqov əllərini bir-birinə çırpır:
– Qardaşlar, möhkəm oluruq, qoymuruq rəqib qapımıza yaxınlaşsın. Allahın köməyi ilə bir dənə də qol vuracağıq.
Qapıdan yenə Kamranın səsi eşidilir:
– Bismillah! Bismillah! Bismillah!
Mahir Şükürov yenə öz-özünə mızıldanır:
– Cın…lar! Cırdıq ağzınızı? Elə bil dədələrinin qisasını almağa gəliblər bura.
Bu dəqiqələrdə bolqarların çox təhlükəli hücumu olur. Rəşad Sadıqovun «padkat»ı işə yaramır. Kamran Ağayev birtəhər qol olmasının qarsışını alır. Rəşad Kamranın üzündən öpür. Bir az irəlidən Rauf qışqırır:
– Rəşad abi, mənim də əvəzimdən öp, sən Allah.
Foqts oyunun bu məqamında «gizli silahı»nı – Tərlan Quliyevi meydana buraxmaq qərarına gəlir. Rəşad Tərlanın mərkəzə tərəf qaçdığını görüb, soruşur:
– Əxi, hara gedirsən?
– Ruslanın yerini doldurmağımı istədi də Foqts.
– Foqts çox şey istəyə bilər. Sən get sol cinaha. Orda Ufuku başa sala bilmirəm bayaqdan. Mən sənə dedikcə, ona başa sal. Özün də ona yaxın oyna.
Quliyev sol cinaha çəkilən kimi, ayağı qırılmamış bolqar futbolçulardan biri top uğrunda mübarizə vaxtı onu yıxır. Tərlan ayağa qalxır, əsəbləri dözmür, cumur bolqarın üstünə:
– Ə, nədi əə, nə istəyirsən?
O tərəfdən onsuz da qələbəyə görə pulun əldən çıxdığını düşünməkdən təngə gələn Mahir Şükürov da ildırım kimi bolqarı çığnamağa gələndə, hakimin düdüyü səslənir. Ara sakitləşir.
Oyun sona çatmaq üzrədi.
Qapıdan Kamran Ağayevin yenə həmin səsi, həmin sözləri eşidilir:
– Bismillah! Bismillah! Bismillah!
Mahir öz-özünə mızıldanır:
– «Niçyə» də pis deyil. Pulun yarısını verəcəklər. Yox, pis deyil. Hamısını verərlər görəsən? Pis oynamırıq axı. Versələr nə bomba olar. Verərlər görəsən?
Qool! Qol? Kim vurdu? Bolqarlar! Yox e, konkret olaraq qolu hansı futbolçu vurdu – Mahir Şükürov qol vuran bolqarı axtarır. Tapır. Amma o, komanda yoldaşlarının arasında sevinərək uzaqlaşır.
Mahir bu dəfə mızıldanmır, hamının eşidə biləcəyi səslə qışqırır:
– Ayə hey, bolqar köpəyoğlu, sənin…
Hamı dilxordu. Matçın son dəqiqələri gedir. Hiss olunur ki, hər kəs üzgündü, yorğundu. Bircə meydana təzəcə daxil olan Vüqar Nadirov ora-bura qaçır. Vüqarın qaçdığı heç yerdə top olmasa da, onun bu əzmkarlığı hamını məmnun edir.
Və budu, fit çalınır, oyun bitir. Futbolçular meydanı tərk etməyə başlayırlar. Araz Abdullayev isə meydanda kimisə itiribmiş kimi ora-bura vurnuxur, gözləri axtarışdadı. Rəşad Sadıqov onun bu halını görür, soruşur:
– Araz, nə olub?
– Heeç.
– Kimi axtarırsan?
– Heç nə e… Dedim Berbatovla formamı dəyişərdim də.
– Berbatov kimdi? Hansı Berbatovla?
– Dmitri Berbatovla.




Fikirlərini bizimlə bölüş!