Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Yağış, isti, külək və …“Qəbələ”!

Bu artıq mistika, səmavi qüvvələrin finalın axarına müdaxilə cəhdi idi. Təbii ki, oyundan əvvəl başlayan leysanı, start fitində bərqərar olan 31 dərəcə istini və nəhayət, mükafatlar verilərkən az qala onları alıb aparacaq güclü küləyi nəzərdə tuturam. Şəxsən mən PFL-in finalı Naxçıvana salmaqla əl atdığı yersiz avantüranın urvatsız sonluqla müşayiət olunmamasına sevindim. Finalı hazırda ölkə futbolunda varlığı duyulmayan bir şəhərə salmaqla çox böyük səhvə yol verən, bayram ab-havasını öldürən PFL üçün kubokun və medalların havada uçuşması hədsiz sərt cəza olardı. Həmin gün uçmaq növbəsi klub bayraqlarının və çətirlərin idi. Bəs sabah necə olacaq?..

Avantüranı ən çox xoşlayan adamlardan biri də mənəm. Amma istənilən avantüranın altında həm də hansısa bazis, tezis yatmalıdı. Nəinki elitada, hətta 1-ci divizionda belə təmsilçisi olmayan bir şəhərə kubokun finalını tapşırmaq, üstəlik bu oyunun təbliğində böyük rol oynaya biləsi jurnalistləri orda iştirak imkanından məhrum etmək nə məna veriridi – anlamadım. Hələ mən stadionun ot örtüyü ilə bağlı aşkar sezilən problemləri, anşlaq vəd olunsa da, faktiki yarısı boş qalan tribunaların seyrçiyə yaşatdığı estetik ürəkbulanmanı, medalların və kubokun səbəbkarlara yalnız Naxçıvan korpusunun əsgərləri önündə təqdim olunmasını demirəm. Bakıda və ya ölkənin hər hansı başqa şəhərində məgər belə olacaqdı? Təbii ki, yox. Sadəcə, PFL rəhbərliyi yersiz avantüra ilə həm “Qəbələ”ni, həm də “Sumqayıt”ı çılğın azarkeş dəstəyindən məhrum etdi ki, çox güman, qoca tarix onların yaxasından yapışıb sorğulamağa imkan tapacaq. Amma AFFA ilə PFL-in azarkeşlərə yönəlik son bəyanatlarını, hədə-qorxu ritorikasını nəzərə alsaq, burda da qəribəlik axtarmağa dəyməz.

Finalsonrası ictimai rəydə, daha doğrusu, bu rəyin daşıyıcısı olan sosial şəbəkələrdə 70 illiyini qeyd edən Sumqayıtın hədiyyəsiz qalmasına təəssüf hissindən daha çox taleyi qeyri-müəyyən olan “Qəbələ”nin tarixində ilk titul qazanmasından doğan təbii sevinc hissini gördüm ki, bu da məni təəccübləndirmədi. Taleyin ironiyası yox, sadəcə, bəxtin cilvəsidi ki, iyulun 3-də 14 yaşını tamamlayacaq klub tarixində ilk titulu Toni Adams, Yuri Syomin, Roman Qriqorçuk kimi ünlülərin yox, Sənan Qurbanovun rəhbərliyi altında qazandı. “Proqress” ilə Avroliqa oyunlarının ardından son mövsümü də boşa verən Sənan bəyə bu titul çox lazım idi. “Qəbələ”nin bundan sonra fəaliyyətini hansı formada davam etdirəcəyindən asılı olmayaraq, gerçəklik budu ki, tarixdəki bu ilk uğurun altında məhz Sənan Qurbanov imzası yatacaq. Əlbəttə, o tək deyil. Tale Heydərovun qəfil istefasından sonra klubun yükünə çiyin verən Fariz Nəcəfov, illərini “Qəbələ”yə fəda etmiş Səbuhi Səfiyarlı, Zaur Əzizov, Səməd Nəsibov, Nail Kərimov, Anar Hacıyev və adını çəkmədiyim onlarla başqa işçi, eləcə də futbolçular ən azı bu gün ürəkdən sevinməyə, qələbə-titul atəşfəşanlığında yorulmağa layiqdilər. Öz aramızdı, ardıcıl dördüncü dəfə finalda uduzmaq Futbol Tanrısının çox ədalətsiz hökmü olardı ki, dünən Jozef-Monroz artıq 3-cü dəqiqədə vurduğu qolla həmin hökmün dəyişməsində böyük rol oynadı.

Heyətlə bağlı radikal dəyişikliklərə getməyən “Qarabağ”, “Neftçi” və “Səbail”in fonunda faktiki yenidən qurulacağı deyilən “Qəbələ”nin Avroliqanın 2-ci mərhələsində necə təsir bağışlayacağı indidən maraq doğurur. Klub və komanda bu ağrılı mərhələni mümkün qədər az itki ilə yola verməlidi. “Qəbələ”nin taleyi baxımından müdrik qərarlar və ağıllı addımlar dönəmidi. Əlbəttə, irəlidə bu haqda danışmaq üçün vaxtımız çox olacaq. Hələlik isə günün qəhrəmanını, yəni “Qəbələ”ni bir daha ürəkdən təbrik etməyə, futbol mövsümünün son akkordlarını vurmağa dəyər. Avrokuboklarda görüşənədək!

Fikirlərini bizimlə bölüş!