Ölkə futbolundan yan keçməyən böhran havayıyeyənlərin, haqq etmədiyini qazananların burnunun ovulması baxımından işə yarayır. Avropanın orta səviyyəli çempionatlarında oynamağı, ordan daha səviyyəli birinciliklərə yollanmağı ağlından keçirməyən futbolçular da yavaş-yavaş təfəkkürünü yeniləmək məcburiyyətində qalacaq. Pulsuzluq başqa yerli həmkarlarından yaxşı mənada, qismən fərqlənənlərin idmançı xoşbəxtliyini ölkə sərhədlərindən kə-narda axtarmasına töhfə verəcək. Mütləq! Hər şey buna aparır. Neftini dollarla satan Azərbaycanın milli sərvətinin sudan ucuz qiymətə düşməsi xalqı yaman günə qoysa da, yerli futbola düzən gətirəcək.
Bu yaxınlarda yolum "Qəbələ"nin ofisinə düşmüşdü. Roman Qriqorçukun rəğbətini qazanmadan "Sumqayıt"a keçən Vaqif Cavadov üçün hazırlanmış 70 nömrəli qırmızı futbolkanı görməsəydim, yəqin ki, bu yazını da yazmayacaqdım. Yarlığı üstündə qalan idman geyimi daha nə Vaqifə lazımdı, nə də kluba. Başqalarından fərqli, forma satışı təşkil etməyə ciddi səy göstərən və bu yöndə müəyyən irəliləyişə nail olan bölgə təmsilçisinin hansısa azarkeşi də arxasına CAVADOV yazılmış futbolkaya yiyə durmaz. Kluba faydası dəyməyən oyunçunun futbolkası fanatın nəyinə gərəkdi ki…
Tanrı canına sağlıq versin, uzun, xoşbəxt ömür sürsün. Amma futbolkanın belə lazımsızlaşması məndə qəribə təəssürat oyatdı. Keyfiyyətli formanın dizaynını gözdən keçirə-keçirə biranlıq xəyala daldım və döyüşə gedən süvarilərdən birinin boş qayıdan atının kişnərtisini eşitdim. Praqmatik insanlara belə dərinliklər ətrafında nəsə anlatmaq çətin məsələdi. Qavramayan, proqramlaşmış beyinə duyğusal həqiqətləri yükləmək müşkül işdi. Heç çalışmıram da…
Qananlar, qavrayanlar o kişnərtinin nə demək olduğunu yaxşı anlayır. Bir var qəhrəmancasına döyüşüb həlak olan döyüşçünün yəhəri qanlı kəhərinin geri döndüyü mənzərə, bir də var döyüş başlamamış tarazlığını itirib yerə dəyən əsgərin ürkmüş atının qaçması. Heç yerə tərpənməyən, əlimdə sıxıb saxladığım 70 nömrəli futbolka bax, o ürkmüş at kimiydi. Elə bil hardansa qaranəfəs gəlib, masanın küncünə sığınmışdı…
Vaqifin Azərbaycana necə gəldiyini, hazırda "Kəpəz"i çalışdıran Şahin Diniyevin onun üzə çıxmasında nə dərəcədə böyük rol oynadığını bilirsiz. ÇSKA məktəbi görmüş gəncin perspektivi az deyildi. Hücumçu çatışmazlığından əziyyət çəkən yığmada gənc, perspektivli oyunçunun peyda olması minlərlə azarkeşin ürəyində ümid işığı yandırmışdı. Cavadov "Qarabağ"dakı məşqçi dəyişikliyinin ardından Qurban Qurbanovun rəhbərliyi altında "artırmaq" imkanı yaxaladı və az keçməmiş uğura ac futbolsevərlərin sevimlisinə çevrildi. Millinin heyətində Rusiyaya qarşı sərgilədiyi möhtəşəm oyun və Akinfeyevin qoruduğu qapıya vurduğu baxımlı bərabərlik qolu isə vingerin inkişafının gerçək göstəricisiydi.
Yalnız millidə yox, klubunda da adından söz etdirən ön xətt oyunçusunun "Tvente"yə keçəcəyini eşidəndə, Stiv Maklarenin onunla bağlı dediyi xoş sözlərin söz olaraq qalmadığını biləndə mən də qürurlanmışdım. Sən demə, elə "zanbaqlar ölkəsi"nə məlum yolasalma mərasimi, səs-küy, zıppıltı Cavadov üçün maksimum imiş. Getdi, heyətdə möhkəmlənə bilməyib geri döndü.
Bax, bundan sonra atası Füzuli Cavadov oğlunu böyük futbolçu olmağa qoymadı.
Əlbəttə, oyunçu çəkdiyi zəhmətin qarşılığında məvacib almalı, yaxşı yaşamalı, korluq çəkməməlidi. Ancaq pul məsələsinin eyni adamla bağlı, bir neçə dəfə qabarması indiki sonluğun uzaqda olmadığından xəbər verirdi. Yaşı otuza yaxınlaşan futbolçu iddiasız "Sumqayıt"a sıralarında qərar tuta bilmədiyi "Qəbələ"dən gəlib. "Qəbələ"yə qədər isə "İnter"in sabiq çalışdırıcısı Kaxaber Tsxadadze ilə araları maddi məqamlara görə dəymiş, məcburiyyətdən ağır günlərini yaşayan "Xəzər Lənkəran"a pənah aparmışdı…
Vaqifli "Sumqayıt" "Zirə"yə öz meydanında iki cavabsız qolla uduzursa, bu yaşda ən parlaq oyununu sərgiləməli olan qəhrəmanımız 72-ci dəqiqədə Ayaz Mehdiyevi əvəzləyirsə, başqa nə yazasan?! Belə getsə, 70 nömrəli formanı bu dəfə də "Sumqayıt"ın ofisində toz basacaq…




Fikirlərini bizimlə bölüş!