"Bismillahir Rəhmanir Rəhim! Peyğəmbər və onun pak Əhli-Beytinə salavat zikr edək! Mərhumun ruhuna salavat zikr edək! Yas mərasiminə gəlmisiniz, əziyyət çəkmisiniz, haqqınızı halal edin".
"Halal olsun!" səsləri yüksəldi.
Molla yüksək səslə "fatihə" verib, söhbətə başladı:
"Qardaşlar, məlum olduğu kimi, futbolumuza epidemiya düşüb. Kasıbçılıq epidemiyası. Əslində, epidemiya bütün ölkəboyu yayılıb, amma hazırda ən çox ölkə futboluna təsir edir. Bu xəstəlik bir gənc qardaşımızı, "Simurq"u bizdən alıb apardı".
Azarkeşlər başını aşağı saldı. Onlar mərhumun vəfatına hamıdan çox üzülmüşdü. Bu vaxtsız ölümlə razılaşa bilmirdilər.
Məclisin bir tərəfində AZAL, "Xəzər Lənkəran", "Neftçi" söhbət edirdi.
AZAL: "Bu qripə mən də yoluxmuşdum yaxınlarda. Həkimlər deyirdi öləcəksən, ordan-burdan borc pul tapdım, birtəhər sağaldım".
"Neftçi": "Elə mən də AZAL qardaşın günündəydim, əlimdə-ovcumda nə var idi, tökdüm həkimlərə. Sağalmağına sağaldım, amma bir qəpik pulum qalmayıb".
"Xəzər Lənkəran": "Deyir rəhmətliyin böyük qardaşı "İnter" də ağır xəstələnibmiş. Atasının əlində nə pul var, hamısını "İnter"in müalicəsinə xərcləyib, ona görə balaca "Simurq"u xilas etməyə gücü çatmayıb".
Nisbətən qoca "Kəpəz" və balaca "Zirə" adında bir uşaq boynunu büküb söhbətlərə qulaq asırdı.
Molla içəri girənləri görüb, yüksək səslə "fatihə" verdi.
İçəri "Qarabağ" və "Qəbələ" girdi. Yayılan epidemiya onlara təsir etməmişdi, vəziyyətləri də yaxşı idi. Elə "İnter" də xəstəhal içəri girib, məclisin bir küncündə oturdu. "İnter"in əvvəldən heç kimlə arası yox idi. Bir az soyuq adam idi. Heç kimlə qaynayıb-qarışmazdı. Ona görə demək olar həmişə tək gəzərdi.
"Xəzər Lənkəran" söhbətə davam elədi: "Deyir, mərhum üçün AFFA müəllimdən kömək istəyiblər. AFFA müəllim də deyib ki, vallah, mənim də əlim aşağıdı".
"Neftçi": "AFFA müəllim böyük adamdı. Mənə çox köməyi dəyib. Elə "İnter"i də xaricə müalicəyə AFFA müəllim göndərib".
"Xəzər Lənkəran"la "Neftçi" bir yerdə otursalar da, bir-birlərindən zəhlələri gedirdi.
Bu an AFFA və PFL müəllim içəri girdi. "Zirə" tez AFFA müəllimin qabağına qaçdı. "Kəpəz" kişi də ayağa qalxıb xeyir-dua verməyə başladı: "Allah səndən razı olsun! Allah səni başımızın üstündən əskik etməsin".
"Neftçi" və AZAL ehtiramla AFFA ilə görüşdü. "Xəzər Lənkəran" soyuq bir səs tonu ilə AFFA və PFL müəllimə salam verdi.
"Qarabağ", "Qəbələ" və "İnter" isə öz aralarında xaricdəki biznes layihələrindən danışırdılar. Digər ikisindən fərqli olaraq, "İnter" az məvacib və xəstə halı ilə daha yaxşı qazanc əldə etmişdi bu bir həftədə. Ona görə qardaşının vəfatı bir o qədər də təsir eləmirdi.
AFFA və PFL müəllim gəlib, "İnter"in yanında əyləşdi. Onunla şirin-şirin söhbətə başladılar. Biznesiylə maraqlandılar. AFFA müəllimin özünün biznesdən başı çıxmırdı. Ona görə işlərinin çoxunu PFL müəllim görürdü. AFFA-nın öz təşəbbüsüylə gördüyü biznes işlərinin demək olar hamısı iflasa uğrayırdı.
Digər üçü – AZAL, "Xəzər Lənkəran", "Neftçi" bu söhbətə bir az paxıllıq və qısqanclıqla baxırdılar.
Arada mollanın da din barədə söhbətləri eşidilirdi. Cənnət və cəhənnəmdən danışırdı.
"Qəbələ" və "Qarabağ" xaricdən yeni gəldiklərini, yorğun olduqlarını bəhanə edib məclisdən qalxdılar. Ardlarınca "Neftçi", AZAL, "Xəzər Lənkaran" durdu.
Elə AFFA və PFL müəllim də işlərinin çoxluğunu bəhanə edib ayağa qalxdılar. Balaca "Zirə" yenə AFFA müəllimin qabağına qaçdı. AFFA müəllim də balacanın başını sığallaya-sığallaya cibindən 5 manat çıxarıb ona verdi. "Zirə" zərif səs tonu ilə "sağ ol, əmi" dedi.
Çölə çıxanda isə qocalmış, kasıblamış "Kəpəz" kişi AFFA müəllimə yaxınlaşdı. Bir az dərd-sərindən danışdı. AFFA müəllim qoca kişini bir az saymazyana dinləyib, ərkyana, kobud səslə "darıxma, kişiiii, düzələəəəər" deyib, cibindən 100 manat çıxardıb kişiyə verdi. "Kəpəz" kişi yenə dua eləməyə başladı: "Allah səndən razı olsun, Allah səni başımızın üstündən əskik eləməsin".
Məclis dağılışdı. Böyük qardaş "İnter" də camaatın köməyi ilə evinə aparıldı.
Mərhum "Simurq" isə "klublar qəbiristanlığı"nda eyni xəstəlikdən vəfat etmiş "Viləş", "MKT-Araz" və digər dostlarının yanında dəfn olundu.
Allah rəhmət eləsin!




Fikirlərini bizimlə bölüş!