Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Yediyi çörəyi haqq edənlər…

Sözün bütün mənalarında tarixi günlər yaşayırıq. Bu günlərin mayasında kədər də var, sevinc də, xalqın uzun fasilədən sonra yenidən üzə çıxan birlik əzəməti də var, hər nə qədər istəməsək də, yüngülvari təxribat elementləri də. Ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəlində Bakıda yaşananları yalnız telexronika əsasında izləyənlər bu gün eyni kütləviliyin, eyni əzəmətin şahidi olur, eyni həyəcanı yaşayırlar.
Srağagün küçələrə çıxan yüzminlər azərbaycanlıların heç bir nəslinin Qarabağın itirilməsi ilə barışmayacağını, dünya durduqca ermənilərlə bu savaşın davam edəcəyini, gec-tez doğma torpaqları qaytaracağımızı, bu müqəddəs savaşda “öldü var, döndü yox” prinsipinə daim sadiq qalacağımızı dosta da, düşmənə də bir daha göstərdi. Bütün bu yaşananlar həm tarixi dəyər daşıyır, həm də çox ibrətamizdi. O mənada ki, dünya ölkələrinin timsalında dostumuzu-düşmənimizi tanıyırıq, gələcəkdə onlarla münasibətləri necə quracağımızı özümüz üçün müəyyənləşdiririk.
Təbii ki, münasibətlərin aydınlaşdırılması ölkələrlə yanaşı, adamları da əhatə edir. Əsəblərin tarıma çəkildiyi, haqq savaşı apardığımız son günlərdə Azərbaycanın lehinə deyilən hər söz, hər mesaj köksümüzü qabardır, bu dünyada hələ də vicdanını, ləyaqətini itirməyən adamların varlığını duymaq, doğrudan da, gözəldi. Ermənistan Qarabağa daxil olmayan bölgədə – Tovuzda xaincəsinə hərbçilərimizə hücum edəndə futbol ictimaiyyəti adına ilk mesaj Naci Şensoydan gəldi. Bir neçə il “Turan”ı çalışdıran, tovuzluların qəlbində taxt quran bu elstravaqant adam “möhkəm olun, igid tovuzlular və qəhrəman Azərbaycan əsgəri” yazdı. Srağagün, dünən dəstək prosesinə ölkəmizin futbol klubları ilə yanaşı, burda çörək qazanan, Azərbaycanın və azərbaycanlıların dəyərini anlayan onlarla legioner qoşuldu. Braziliyalılar Vaqner və Riçard Almeyda, makedoniyalı Muarem Muarem, alban Ansi Aqolli, seneqallı Mamadu Mboc, israilli Əmir Ağayev, polşalı Yakub Jezniçak, bosniyalı İbrahim Şehiç, qanalı Maykl Essyen – Azərbaycanda yediyi çörəyə dəyər verən legionerlərin tam olmayan siyahısı belədi.
Son günlər vətənin bütövlüyü uğrunda mübarizədə qurban gedən hərbçilərə ehtiramını ən müxtəlif şəkildə çatdıran, möhtəşəm yürüşə qatılan yerli futbolçuların adını bilərəkdən çəkmirəm. Axı bu hər kəsin vətəndaşlıq borcudu; kimi əlinə silah götürüb, vətən uğrunda döyüşür, kimi də döyüşən qardaşına dəstək verir. Legionerlərin isə belə öhdəliyi yoxdu. Sadəcə, onlar vaxtilə və ya indi yaşadıqları ölkənin insanının yaşadıqlarına şərik olmaq, mənəvi-vicdan borcunun altından çıxmaq istəyirlər. Bu jestin bir başqa adı da yediyin çörəyi ayaq altına atmamaq, onu öpüb, gözünün üstünə qoymaqdı. Əminəm ki, bu adamlar ətrafındakılar üçün həm də Azərbaycan həqiqətlərinin daşıyıcılarıdı. Bəzi vicdansız, ləqaqətsiz qonşuların əhatəsində yaşadığımızın fərqindədilər, haqlı ikən haqsız duruma salınan xalqımızın nəcib mənəvi-əxlaqi keyfiyyətləri haqda vətənlərində danışırlar və danışacaqlar. Artıq uzun müddətdi ölkəmizdə futbol olmasa da, bütün yarışlar məlum səbəbdən dayandırılsa da, futbolun yaşaması ən azı bu səbəbdən lazımdı. Bu işin davamını isə artıq “Qarabağ” gətirməlidi. Dünya ermənilərinin ürəyindən daş kimi asılan parlaq nəticələri ilə! Uzunmüddətli fasilədən sonra çətindi, amma mümkündü!

Fikirlərini bizimlə bölüş!