Ümidimizin ömrü kəpənək ömründən də qısa oldu; yenə nəsibimiz məğlubiyyətdi. Onsuz da 88-dən bəri nəsibimiz məğlubiyyətdi və bu mənada təəccüblənməyə dəyməz. Sadəcə, həyatın başqa sahələrində vaxtaşırı qələbələrimiz olur ki, bu da milləti ayaqda saxlayan, ruhunu tam ölməyə qoymayan təməldi, platformadı. Amma futbolda…
Bəli, AFFA-da prezidentlər, yığmada baş məşqçilər və futbolçu nəsilləri dəyişir, turnir hədəflərimiz və nəticələrimiz isə dəyişmir – hadisələrin xoş axarı nəticəsində qrup sonuncusu olmayanda papağımızı göyə atırıq. Təbii ki, futbolda pul çox önəmli amildi, istər futbolçu hazırlığı, istər infrastrukturun qurulması, istərsə də transferlər baxımından. Bununla belə, hələ bu ucsuz-bucaqsız dünyada dolların, avronun və ya manatın meydana çıxıb, rəqib qapısına yol tapdığı anı görən olmayıb. Yəni meydanda pul yox, baş vacib rol oynayır. Bizdə, daha doğrusu, bu ölkənin futbolunu idarə edənlərdə, yığmanın taleyi ilə bağlı hər cür eksperimentə əl atanlarda isə beyin lazımi səviyyədə inkişaf etməyib. İnkişaf etsəydi, ölkəmizin bütün yaş qrupu yığmaları bunca rəzil və miskin durumda olmazdı. Görün necə bədbəxt durumdayıq ki, macarlardan 6 oyunda 18 qol buraxmışıq. Ədalət naminə deyim ki, bu informasiyanı AFFA-nın oyun üçün hazırladığı proqramdan götürmüşəm. O proqramdan ki, orda Azərbaycan yığmasının tarixdəki ilk oyununda Gürcüstanı 6:3 hesabıyla yendiyi yazılıb. Əlbəttə, AFFA-dakı dostların-həmkarların bəzən çox məşğul olduğunu, yaradıcı proseslərdə belə səhvlərin mümkünlüyünü anlayıram. Öz aramızdı, qardaş-bacılar nə etsinlər; Elxan Məmmədov qeyri-adi cazibə qüvvəsinə malik AFFA – “Səbail” – “CBC Sport” üçbucağı yaradıb, bir adam bir neçə işin qulpundan yapışanda da 3:6 6:3 olur, yığmanı da ilk oyuna Əhməd Ələsgərov yox, Ələkbər Məmmədov çıxarır.
Əvvəllər yığmanın uğursuzluqlarına görə haqlı olaraq klubları, onların futbolçu hazırlığı ilə bağlı yarıtmaz siyasətini qamçılayırdıq. Amma indi AFFA “sağ olsun”, 5-6 klubu nəzarətinə almaqla ölkə futbolunun miqyasını kiçildib, futbol təsərrüfatını tam öz qanadları altına və ya belə demək mümkünsə, divarlarının (başqa söz də yazmaq olar…) arasına alıb. Deməli, yığmaların total fiaskosuna görə də məsuliyyəti məhz bu qurum daşımalıdı. Burda çox qazanmaqla ölkə xaricinə çıxmaqda maraqlı deyillərsə, qazanc həddini endirin, qoy qaçıb getsinlər, oynamağı bacarmırlarsa, heç-heçəyə, məğlubiyyətə (!) görə mükafat verməyin, baş məşqçi zəifdisə, ulduzlara baxıb heyət müəyyənləşdirin. Kəsəsi, nə edirsiz-edin ki, azərbaycanlılar öz yığmasını söyməsin, başqa ölkələrə azarkeşlik etməsinlər!
Əlbəttə, yanaraq yazdığım bu sözlərin, bu yazının da ünvanına çatmayacağını bilirəm. Rəhmətliklərin – Fuad Musayevlə Ramiz Mirzəyevin dönəmindən fərqli AFFA-nın indiki rəhbərliyi tənqidi də inhisara alıb. Nə qədər qəribə də olsa, Rövnəq Abdullayev – Elxan Məmmədov tandemi artıq yerli media ilə ünsiyyətə ehtiyac görmür. Qos-qoca idman jurnalistləri burdan “Dalğa”ya gedir, AFFA rəhbərliyi isə onların ağzının üstündən vurub geri qaytarır. Rövnəq bəyin prezidentliyi dövründə “CBC Sport” istisna olmaqla, bütün qalan idman jurnalistlərinə hörmətsizlik üzərində qurulan yeni tendensiya yaranmaqda və çiçəklənməkdədi. Bu adamlara elə gəlir ki, futbolu yalnız özləri bilirlər, yerdə sürünən Azərbaycan yığması haqda bədii-publisistik janra xas bir-iki cümlə işlətməklə bu boyda rüsvayçılığın, ümummilli biabırçılığın üzərindən keçmək mümkündü. Amma yox, qardaşlar, bu qədər də rəzillik, ictimai rəyə tüpürmək olmaz. Gerçəklik budu ki, 12 ilə yaxındı futbol kreslosuna oturan sizlər futbolu və yığmanı 12 addım da irəli aparmamısız. Futbol təsərrüfatını irəli aparmağı bacarmırsızsa, özünüz gedin! Hara? Bunu da məndən soruşursuz?
Mahir RÜSTƏMLİ
Yenə iki…




Fikirlərini bizimlə bölüş!