Bakı “İnter”inin muzeyində iki çempionluq kuboku var. Birini 2008, digərini 2010-cu ildə qazanıblar. Özü də hər iki halda, süpriz şəkildə ölkə çempionatının qalibi olublar. Valentin Xodukinin dönəmində son turda “Olimpik”in evdə “Qarabağ”a uduzması, Kaxaber Sxadadzenin zamanında isə finişdə “Bakı”nın “Xəzər Lənkəran”ı yenməsi, “Qarabağ”ın isə “Neftçi”ni üstələyə bilməməsi sayəsində qızıl medallara sahib çıxıblar.
Son 6 mövsümdən 3-də “Neftçi”, 3-də isə “Qarabağ” çempion olub. “İnter” isə 4 dəfə mükafatçılar sırasına düşməklə sabit komanda olduğu isbatlayıb. Lakin aydın məsələdi ki, yüksək yerlər uğrunda oynayan klubların ana hədəfi zirvədi. Bu mənada “bankirlər” üçün tilsimi qırmaq başlıca məqsəddi.
Hazırda ictimaiyyətin diqqətində ön planda olan iki əsas klublar var – “Qarabağ” və “Qəbələ”. Bu kollektivlərin öncəki mövsüm Avropa Liqasının qrup mərhələsində oynamaları, hazırda da qitəmiqyaslı turnirlərdə mübarizəni davam etdirmələri və təbii ki, heyətlərində bahalı futbolçuların yer alması onları fərqləndirən başlıca amillərdi. Lakin çempionatı 4-cü sırada tamamlamasına rəğmən, məlum qadağa səbəbi ilə avrokubokdan kənar qalan paytaxt təmsilçisi çempionluğa oynacaq bir kollektiv formalaşdırmaqdadı. Bəlkə də Avroliqada olmadıqları üçün bir qədər kölgədə qalmış kimi görsənirlər, lakin yenilənmiş “İnter”in hazırlıq prosesi, transfer çalışmaları təqdirəlayiqdi.
“Qarabağ”la “Qəbələ”nin avrokubokda var olmaları “İnter”in lehinə işləyən amildi. Çünki sözgedən kollektivlər qruplara qalacaqları təqdirdə, bütün fikirlərini beynəlxalq yarışa yönəldəcəklər, bunu bacarmasalar isə çempionatda toparlanmaları zaman ala bilər. Lakin məqsədim məsələnin bu yönünü deyil, “İnter”i saf-çürük etməkdi. Nəticədə çempionluq uğrunda sözgedən “üçlük”dən savayı başqa komandalar da sonacan çarpışa bilərlər.
Bakıda münasib yerdə stadionu, məşq meydançaları olan “İnter” hər zaman peşəkarlıq baxımından digər klublarımızın əksəriyyətindən bir addım öndə olub. Ötən ilin dekabrında Rəşad Qasımovun kluba prezident təyin edilməsi ilə işi bir qədər də irəliyə apara biliblər. Çempionluğa oynayacaq bir komandaya hər cür dəstək verəcək bir heyət formalaşdırılıb.
Qasımov “İnter”in prezidenti postuna Azərbaycan Beynəlxalq Bankının Mühasibat uçotu və nəzarət departamenti direktorluğundan gətirilsə də, vaxtı ilə peşəkar səviyyədə futbol oyanyıb. Samuxun “Bozqurd”, Gəncənin “Kəpəz” klublarında çıxış edən 38 yaşlı futbol funksionerinin oyunçu kimi yüksək dəstə təcrübəsi belə var. Yəni, Rəşad bəyin bankdan gəldiyini düşünüb, “futbol adamı deyil” deməyə gərək yoxdu.
Qısası, yazdıqlarım Qasımova “bəy tərifi” kimi anlaşılmasın deyə, dərhal məsələnin məğzinə keçirəm. Əsas sual budu: “İnter” niyə gizli favoritdi?
Zaur Svanadzenin “İnter”i sələfi Kaxaber Sxadadzenin komandasında daha gözəxoş və savadlı futbol oynayır. Bunu ötən mövsüm ərzində gördük. Üstəlik, “bankirlər”in avrokubokdakı çıxışını, İspaniya “Atletik”i ilə oyunlarını da unutmamışıq. Lakin aydın məsələdi ki, “qızıl” qazanmaq üçün 100 faizdən də çox səy tələb olunur. Yeni mövsüm yenilənmiş “İnter”in məşqçilər korpusu üçün də bir şans, eyni zamanda imtahandı.
Yay fasiləsində “İnter”dən ayrılan futbolçuların siyahısına diqqət yetirək: Kamran Ağayev, Elşən Poladov, Laşa Kasradze, Laşa Salukvadze, Yuri Fomenko, Sezar Meza Koli, Vüqar Nadirov, Nika Kvekveskiri. Kimsə inciməsin, hazırda bu futbolçulardan yalnız biri – Kvekveskiri çemionluğa oynayacaq bir komandaya kömək edəcək durumdadı. Bu mənada, adları sadalanan futbolçularla vidalaşmağın doğru olduğunu düşünürəm.
Yeni gələnlərin siyahısında isə əsasən 6 ad diqqət çəkir: Ruslan Abışov, Ağabala Ramazanov, Pərdis Fərcad-Azad, Səlahət Ağayev, Tərlan Quliyev, Manuel Skarlatake.
Səlahət kluba yad deyil, sadəcə bir il “Sumqayıt” macərası yaşadı. Tərlanın potensialına, Skarlatakenin təcrübəsinə bələdik. Ağabala ilə Pərdis isə milliyə namizəd hücumçulardı – “İnter”ə transfer onlar üçün böyük çağırışdı. Abışov üçünsə bu, son şansdı. O, üst səviyyəli futbolçu olduğunu isbatlamalı, ya da taleyi ilə barışmalı olacaq.
Svanadze yaxşı kollektiv formalaşdırıb. Qapını Səlahət Ağayevə həvalə edəcəyini təxmin etmək çətin deyil. Mərkəz müdafiəçiləri göz oxşayır: Manuel Skarlatake, Denis Silva, Zurab Xizanişvili. Cinahlarda İlkin Qırtımov, Slavik Alxasov, Tərlan Quliyev variantları var. Yəqin ki, Ruslan Abışovdan dayaq yarımmüdafiəçisi qismində istifadə olunacaq. Elnur Abdullayev oyun qurucusu kimi ən optimal variantdı, Taşkın İlter də bu zonada düşünülə bilər. Həmçinin yarımmüdafiənin mərkəzində Mirhüseyn Seyidov və Məmməd Quliyevdən yararlanmaq mümkündü. Nizami Hacıyev, Mirsahib Abbasov və Samir Zərgərovdan cinahlar üçün uyğun profillərdi.
Hazırda heyətdə 4 hücumçu yer alıb: Rauf Əliyev, Qara Qarayev, Ağabala Ramazanov, Pərdis Fərcad-Azad. Kimlər formada olacaqsa, onlar oynayacaq.
Ümumiyyətlə, “İnter”in hazırkı heyəti təcrübəli və adından söz etdirdikdən sonra kölgədə qalan, lakin dönüş etmək üçün çarpışan futbolçulardan təşkil olunub. Məhz bu sintezin çempionluq yolunda “açar” rolu oynayacağını düşünürəm. Yalnız yarımmüdafiə xəttinin nisbətən zəifliyi narahatlıq doğurur. Ancaq Svanadzenin rotasiya ilə bu boşluğu doldurması mümkündü.




Fikirlərini bizimlə bölüş!