Dünya azərbaycanlılarının ortaq kədəri olan, onları qəbir evində belə rahat yatmağa qoymayacaq üç-dörd dərd, yara var. Məsələn, bunlardan birincisi Qarabağ problemidi. Böyük güclər ermənilərin əli ilə artıq 30 ildi başımıza elə kələf hörüblər ki, nə qədər çalışırıqsa, heç cür açılmır. Vaxtaşırı hansısa ümidlər çiçəklənir, amma tezliklə onları şaxta vurur, yenidən dərdimizlə baş-başa qalırıq. Bir başqa ortaq dərd ikiyə – Quzeyə və Güneyə bölünən vətənimizdi. Rus və fars imperiyalarının namərdcəsinə bölgüsü nəticəsində dili, dini bir olan qardaşın biri o tayda qalıb, o biri bu tayda. Qışqırırıq, hayımıza yetmirlər, fars onların dilini kəsir, biz isə burda İran səfirliyi önündə aksiya keçirə bilmirik. İcazənizlə üçüncü ortaq dərd kimi ölkəmizin futbol yığmasını deyərdim. Mərhum Fuad Musayevi bir başqa mərhum Ramiz Mirzəyev, onu da hazırda sağ-salamat olan, neft borularına nəzarət edən Rövnəq Abdullayev əvəzləyib. Amma yığma həmişə, yəni bütün vaxtlarda və onilliklərdə gözdağı olub, stadiona gedərkən evə qanıqara dönəcəyimizi şüurumuzun alt hissəsinə yazmışıq, məyusluq və kədər nəsibimiz olub, indiyə qədər 0:9 istisna olmaqla 0:10-dan üzü aşağı bütün məğlubiyyət variantlarını yaşamışıq. Elə həmin vaxtlarda biz jurnalistlərin ən azı bir təsəllisi vardı – vaxtaşırı yığmanın məşqlərinə gedə, futbolçulardan müsahibə ala, onların oyuna necə hazırlaşdığını şəxsən görə bilirdik. Gizlətmirəm, şəxsən mənim ayrı-ayrı otellərdə hansısa yazıya görə Faiq Cabbarov kimi mənasız birisi ilə az qala əlbəyaxa davaya çıxdığım və ya Vəli Qasımovu müsahibə üçün yuxudan ayıldaraq, ona hətta qolundakı saat Portuqaliya vaxtını göstərdiyinə görə irad tutduğum hallar olub. Rövnəq Abdullayev iş başına gələnə, az sonra Elxan Məmmədov da baş katib postuna pərçimlənənə qədər ölkənin futbol yığmasının məşqçi korpusu, futbolçu heyəti media, ictimaiyyət önündə nəticələrə görə daşıdığı məsuliyyəti anlayır, hansısa formada topluma hesabat verirdi. Rəhmətlik Karros Alberto Torresin dövründə bu praktika aradan qalxmağa, Berti Fotsun 7 ilə yaxın sürən hökmranlığı dövründə isə tam süqut etməyə başladı. Artıq Azərbaycan yığmasının gül camalını görən jurnalist, ictimaiyyət nümayəndəsi cənnətlik olurdu. Sonrakı bütün baş məşqçilərin dövründə də proses eyni qaydada davam edir. Sanki Ermənistanı təmsil edirmiş kimi yığma millətdən təcrid olunur, toplanışlar imkan daxilində şəhər kənarına salınır, heç bir brifinq, mətbuat konfransı keçirilmədən Elxan Məmmədovun xeyir-duası və müşayiəti ilə vətəni tərk edirlər.
Təbii ki, Elxan bəyin uğurlaması bəd gəlir (bütün uğurlamaların mayasında səmimi niyyət dayanmalıdı, daha şəxsi maraqlar yox!), ölkəmizin əsas komandası hər kəsi validol daşıyıcısı etməklə vətənə əli ətəyindən uzun qayıdır və yenə növbəti oyuna qədər komanda gizlədilir. Nəticəsizlikdən bezib “istefa” qışqıran azarkeş gözünü polis bölməsində açır, baş məşqçi (oxu: Torres, Foqts, Prosineçki, Qurbanov, Yurçeviç…) hansısa mifik hesabat hazırlayır, həmin sənədəbənzər kağız guya AFFA İcraiyyə Komitəsi səviyyəsində müzakirə olunur, ancaq toplumdan kimsə uğursuzluğun hansı detallarda gizləndiyini bilmir. Çoxlarının bəyənmədiyi Vaqif Sadıqov zamanında hesabatlarını ictimai müzakirəyə çıxarırdı, camaat, heç olmasa, səbəblərdən xali olurdu.
Əlbəttə, adam-jurnalist yığma ilə bağlı hisslərini heç vaxt Elxan Məmmədovun personasına qurban verməməlidi, yəni baş katib burda mizan-tərəzi ola bilməz. Rəqib kim olur-olsun, şəxsən mən həmişə ölkənin atributlarını formasında daşıyan komandaya uğur arzulamışam və arzulayacam. Amma ona da yüzdəyüz əminəm ki, yığmaya belə münasibət, Elxan Məmmədovun ölkə futboluna səpdiyi nifaq toxumları, ayrı-seçkilik siyasəti ilə heç bir nəticəyə, heç bir uğura nail olmaq mümkün olmayacaq. Yığma hələ uzun müddət azarkeşlər və ölkə üçün gözdağı olacaq. Elxan bəy üçün nə olduğunu isə özü hamıdan yaxşı bilir.
HUŞENG
Yığma günləri, yığma kədəri




Fikirlərini bizimlə bölüş!