Azərbaycan millisinin evdə Kosovo (0:0), səfərdə Malta (1:1) ilə qarşılaşmalarında nəticə və sərgilənən oyun ciddi narazılıq yaradıb.
Əslində Maltaya qarşı səfərdə heç vaxt qələbə qazanmamış Azərbaycan üçün bu nəticə də faciəli sayılmamalıdır. Çünki bunadək hansısa ciddi dəyişiklik, islahat da olmayıb ki, gözləntilər böyük olsun.
* * *
İndi durum bir az başqadır. Məsələn, Berti Foqtsun və Robert Prosineçkinin dönəmində vəziyyət ayrı cür idi, indiki təyinat isə konkret belə təqdim olunub – Qurban Qurbanov milli komandanın baş məşqçisi təyin olunur və o, bütün yaş qrupları olmaq üzrə futbol təsərrüfatımızda sistemin formalaşması üçün səlahiyyətə malikdir.
Elə isə misilsiz etimad sahibi olan Qurbanovun sistemin formalaşması üçün atdığı addımlar hansılardır? Sual olaraq qalır…
* * *
AFFA-nın administrativ heyətinin futbola, futbol idarəçiliyinə öz yanaşması, öz fəlsəfəsi var və bu yanaşmanın hakimiyyətdə olduğu 10 il gözümüzün önündə keçib.
Deməli, futbolun kurasiyası ayrılmalıydı. Sırf futbolyönlü beyinlər işə cəlb olunmalı, klublarla milli arasında iş mexanizmi formalaşdırılmalıydı.
Millinin seleksiyaçı məşqçiləri bütün ölkəboyu gəzib, "xammal tapmalı", akademiyaya gətirib, onların tam müasir proqramlarla yetişməsinə başlamalıydılar.
Hanı, başlayıblar? Yox.
Qurbanovun təqdimatı tədbirində öz dilindən eşitdiyimiz mühüm fraza: "Həkimindən tutmuş, masajçısına qədər problemimiz var və bu çatışmazlıqlar həll edilməlidir".
Geridə qoymaq üzə olduğumuz bir ildə bu istiqamətdə addımlar atılıb? Yox.
Qurbanov, niyə köklü proqramlar işlənmir – soruşursunuzmu AFFA-nın administrativ heyətindən?
* * *
Rəsmən açıqlanaraq Qurban Qurbanova həvalə edilən bu səlahiyyətlərdən vaxtında faydalanmalıydı. Milli komandalar departamenti yaradılmalıydı ki, bütün vacib qərarları Qurbanov özü verərdi.
İndi özü görür, etiraf edir: "Bəzi problemləri istədiyimiz kimi həll etmək mümkün olmur".
Hazırda idarəçilik problemlərinin qabardılması yenə də real görünmür. Çünki tərəflər aranı gərginləşdirmək istəmir. Daha doğrusu, Qurbanov buna meylli deyil. Ok.
Belədə əsasən, milli üçün faydalı ola biəcək yerli futbolçuların yetişməməsi məqamı qabardılır. Vəssalam. Elə bu məsələ üzərində də dayanılır.
Onda bu problemin səbəbi nədir? Bəlkə bunu araşdıraq?
Milli komandalar departamentinin vacibliyi bir yana, sizin öz məşqçilər korpusunuzun, mütəxəssislər komandanızın formalaşması vacibliyi də bir yana, hətta ən uğurlu nəticələri birlikdə qazandığınız Rəşad Sadıqov da artıq uzaqdadır.
Sizin Sadıqovla birlikdəliyiniz ayrı motivasiyadır. Ən əvvəl bunu düşünməliydiniz ki, Sadıqov U-21-də baş məşqçi kimi çox vacib deyildi, o, ya hələ də millidə oynamalıydı – necə ki "Qarabağ"da oynayır – ya da məşqçi kimi əvvəlcə sizin yanınızda dolaşmalıydı…
Sadıqovun U-21-ə təyinatını sizin qənaətinizdə kim "bişirib"? Ordaca uduzmusunuz. Siz Sadıqovu U-21-ə göndərməklə onu tez itirdiniz…
Bir də arada yaxşıca düşünün, yerli futbolçu yetişməməsi problemi hətta ən uğurlu klubumuz olan "Qarabağ"dan da yan keçmir. Qara Qarayevdən sonra orda üzə çıxan ad yoxdur, hoca. Mahir, Rahil, Elşən, Araz… başqa yerlərdə yetişiblər.
Yerli futbolçunun yetişməməsi dərdi nədirsə, onun həlli yolunu tapmaq lazımdır. Çünki bu, bir yerdən, iki yerdən yox, bütün ölkə futbolundan qaynaqlanan bəladır. Ən uğurlu klubda da…
Odur ki, "Lazım gələrsə milliləşdirilənlər olacaq" fikrindən tam uzaqlaşıb, yerli material formalaşdırmağın proqramını cızmalıyıq. Milliləşdirilən Fabio Luis Ramimdən tutmuş, Riçard Almeydaya, Nazarova qədər – faydası qalıcı olmayan prosesdir…
Siz bugünün nəticələrini düşünəcəksiniz, yoxsa qalıcı prosesin əsasını qoyacaqsınız? Yolu seçin. İkisi birlikdə getməyəcək..




Fikirlərini bizimlə bölüş!