AFFA-nın bu gün keçirilən konfransından sonra federasiya prezidenti Rövnəq Abdullayevin verdiyi bəzi açıqlamalar var ki… Adını nə qoyasan bu açıqlamaların? Etirafmı? Rüsvayçılıqmı? Nə?
Başlayaq ondan ki…
Rövnəq Abdullayev acizanə şəkildə boynuna alıb ki, AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyevin Almaniyada Azərbaycan adına açdığı futbol məktəbi fiaskoya uğrayıb.
Sitat:
“Almaniya Futbol Məktəbi layihəsi AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyevin layihəsidi. Görürəm ki, effekt vermir. Tapşırıq vermişəm ki, dayandırılsın. Yanvarın 1-dən dayandırılacaq. Başlayanda mənə demişdilər ki, hər il 10 oyunçu ortaya çıxacaq, amma çıxmadı”.
Birincisi, bilməyənlərə xatırladım ki, bu həmin Rauf Əliyevdi ki, Berti Foqts iki gün idi istefa vermişdi, xəbəri olmamışdı adamın. Çıxıb mətbuata açıqlama vermişdi ki, Foqts öz işinin başındadı.
Foqts demişkən, çox güman, Almaniyada Azərbaycan futbolu üçün “futbolçu yetişdirmək” ideyasında “gorbagor” Bertinin də rolu olub. Pul silmək adı altında Almaniyada futbol məktəbi açılır və ideya müəllifi Rauf Əliyev olur. Azərbaycan futboluna AFFA-nın vitse-prezidenti vəzifəsini daşımaqdan başqa zərrə qədər də dəxli olmayan adamın!
İndi isə Rövnəq Abdullayev deyir ki, onu aldadıblar, hər il o məktəbdən 10 futbolçunun ortaya çıxacağını deyiblərmiş. Ya doğrudan da, bizim AFFA prezidentinin futboldan bilmərrə anlayışı yoxdu, ya da yaxasını kənara çəkməyə, Rauf Əliyevin cinayətinə ortaq olmamağa çalışır. Yoxsa…
Bu, cinayətdi. Xalqın pulunu Almaniyada küçələrə səpmək, heç bir nəticə verməyəcəyi əvvəldən bilinən bir “layihə”yə milyonları xərcləmək… Cinayətdi, başqa adı yoxdu. Rövnəq Abdullayev də bu cinayətdə Rauf Əliyev qədər məsuliyyət daşıyır.
Hə, bu arada, biz tərəfdə ancaq toyuğun neçə cücə çıxara biləcəyinə proqnoz verirlər, o da ki, yumurtaların sayına görə. Hansısa bir məktəbdən 10 futbolçu çıxacağını proqnoz verən adamlar gərəkdir ki, yumurtanın içindən çıxacaq cücənin böyüyəndə xoruz olub-olmayacağını da bilsin. Bu adamlara Allah bu qədər “vergi” verib yəni….
İkinci məsələ…
Rövnəq Abdullayev nəhayət, boynuna alıb ki, uzun illərdi ölkənin sərvətini “futbola yatırım” adı altında çapıb-talayıblar, yeyib-dağıdıblar.
Sitat:
“- AFFA-nın büdcəsi Ermənistanın dövlət büdcəsiylə müqayisə edilir. Amma onlar nəticə verə bilirlər, biz isə yox…
– Birinci, verdiyimiz kitabı oxuyun ki, o pul hara gedir, necə xərclənir. Bu sözlər bizim zəhmətimizə qiymət verməmək kimi bir şeydi. Qaldı ki Ermənistan məsələsinə, razıyam. Aclıqda insan daha çox irəliləyir. Bir az toxluğumuz var”.
Əslində, burda başa düşülmür ki, AFFA prezidenti erməniləri ac, bizi tox kimi göstərəndə futboldakı nəticələri nəzərdə tutub, yoxsa elə bildiyimiz aclıq, toxluq mənasında deyib. Hər halda, Rövnəq Abdullayevin SOCAR, AFFA kimi təşkilatlara rəhbərlik etdiyini nəzərə alıb, ermənilərlə aramızda futbola görə müqayisə apararaq onları “ac” adlandıra biləcək qədər savadsız, ədalətsiz olmadığına ümid edək. Biz bu gün “Qarabağ”ın uğurlarına çəpik çalırıqsa, ermənilər milli komandalarının Avropada meydan sulamasına dünən əl çalırdı. Biz bu gün Emil Balayevi Almaniyanın “ölüvay” “Ayntraxt”ına göndərib, sonra onu tapa bilmiriksə, ermənilərin Henrix Mxitaryanı dünəndən Almaniyanın ən böyük klublarından olan “Borussiya”da baş roldadı. Rövnəq Abdullayev bunları bilməlidi, bilmirsə, onda o, AFFA prezidenti yox, kolx… Lənət şeytana.
Ümid edək ki, Abdullayev məhz maddi baxımdan ermənilərin bizdən ac olduğunu nəzərdə tutub. Ki, buna görə də birbaşa məsuliyyəti AFFA prezidenti daşıyır. AFFA-ya rəhbərlik etdiyi 2008-ci ildən üzü bəri milyardlarla pulu havaya sovurub, ortaya quru qoz da çıxara bilmədiyi üçün. Abdullayevin Azərbaycan futboluna rəhbərlik etdiyi bu illər ərzində dişə dəyəcək bircə futbolçu da yetişməyib! İnfrastruktur deyir adam. Hansı infrastrukturdan danışır? Süni örtüklü meydançalardı infrastruktur, yoxsa İmişlidə, Yevlaxda, Şəmkirdə, Massalıda qoyun otlağına çevrilən stadionlar? Kimi aldadır bunlar? Kimi qoyun yerinə qoyurlar?
Nəhayət, limit məsələsi
Hamının səbirsizliklə gözlədiyi ən vacib məsələ limit idi ki, AFFA bu məsələylə bağlı heç bir yeni qərar çıxarmadı. Bu isə o deməkdi ki, yenə azərbaycanlı futbolçular “at oynadacaq”, diqtə edəcək, pullarını qazanıb, kef içində yaşayacaqlar. İtirən isə yenə Azərbaycan futbolu olacaq.
Rövnəq Avdullayevin bu məsələ haqda dedikləri də gülməlidi.
Sitat:
“Limitlə bağlı iclasda çox müzakirə apardıq. Amma limit dəyişilməyəcək, əvvəlki kimi qalacaq… 21 yaşlı futbolçuların maaşına sədd qoyduq. 21 yaşlı futbolçu ildə maksimum 30 min, 23 yaşlı futbolçu isə 50 min qazana bilər. Həmin futbolçu milli üzvüdüsə, klub məvacibini 50 faiz artıra bilər”.
Bu adamlar guya legioner limitini artırmayıb, əvəzində gənc oyunçuların məvaciblərinə limit tətbiq etməklə ortaya nəsə ideya, fikir qoyublar.
Birincisi, ildə 30 min manat aylıq təxminən 3 min manat məvacib deməkdi. Həmin futbolçu milli üzvü olsa, bu 30 min 60 min manata çevriləcək ki, bu da aylıq 6 min manat maaş olur. Hələ bu, 21 yaşlı futbolçunun qazanacağı puldu. 23 yaşlılarda rəqəmlər ikiqat artır.
Əcaba, bu “uşaq-muşaqlar” əvvəl nə qədər maaş alırmış ki, maaşlarına limit tətbiq olunandan sonra aya 3 min manat qazanacaqlar? Minimumdan yapışaq: aya 3 min manat məvacib! Azərbaycanda kim bu qədər məvacib alır ayda? Alim, müəllim, hərbçi, həkim? Kim? Deyə bilərsizmi, Rövnəq Abdulley, deyə bilərsizmi ki, bu “şikəstlər” qədər kim qazanır Azərbaycanda? Pardon, söhbət halal yolla qazananlardan gedir, məsələn, Almaniyada futbol məktəbi açmaq adı altında “moşenniklik”lə məşğul olanlardan yox.
P.S. AFFA-da bu gün qəbul olunan digər qərarlara, Rövnəq Abdullayevin dilindən çıxan başqa açıqlamalara uzun-uzadı yer ayırmağın mənası yoxdu. İllik büdcəsi 22 milyon manat olan bir federasiya 2008-ci ildən üzü bəri 22 yox, 2 yox, hətta bir futbolçu da yetişdirə bilməyibsə… Boş verin.




Fikirlərini bizimlə bölüş!