Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Yunan – ROMAN güləşi

Dünyanın ən sürətli təyyarəsindən daha tez tərpəndim. Qarşılaşmanın 3-cü dəqiqəsində top qapı dirəyinə dəyib geri qayıdana qədər, artıq o dünyaya gedib qayıtmışdım. Bu, cəmi bir saniyə çəkdi.

O an dəmirdən olan qapı dirəyinin qızıl və gümüşdən baha olduğu an idi. Bu, tonu 50 manata satılan paslanmış dəmir parçası ilə eyni deyildi. Bu, Cavid Hüseynovun qarşılaşmada iştirak etməsinə mane olan dəmir barmaqlıqlarla eyni materialdan idi. Deyəsən məhz bu səbəbə görə, “Apostolos Nikolaidis” stadionunda ədalət öz yerini tapmışdı. Güclər bərabər olmalı idi.

Çılğın, dəlisov yunan azarkeşlərinin önündə həqiqətən də, ürək-dirəyə çox ehtiyac vardı. Yaxşı ki, qapı dirəyi köməyimizə çatdı. Əks halda bundan 3 dəqiqə sonra Dodonun həm rəqib qapısına, həm də milyonlarla azərbaycanlının ürəyinə yol tapması çox çətin olacaqdı.

Dodonun qolu ilə şirin yuxuya dalıb, 29 dəqiqə sonra narahatlıqla oyandıq. Yunan azarkeşlərinin əyləşdiyimiz media sektorunun şüşələrini vəhşicəsinə yumruqlayanda anladıq ki, artıq hesab bərabərləşib. Ümidlər və vaxt azalırdı. 20 qat Yunanıstan çempionunun öz azarkeşləri önündə irəli atılacağı, “Qəbələ”ni məğlub edəcəyi qorxusu yaranmışdı.

Amma, Dodo yenə səhnəyə çıxdı. “Qəbələ”nin ikinci qolu ucsuz-bucaqsız səhrada su quyusu tapmaq kimi idi. Braziliyalının rəqib qapısının torunu silkələməsi yunanlar üçün 9 ballıq zəlzələdən də betər oldu. Deyəsən, kapitanlıq sarğısında sehir var. Araşdırmaq lazımdı…

“Panatinaikos”un ikinci qolu isə Cavid Hüseynovun taleyini xatırlatdı. Zərbəni başqası vursa da, top qapıya “çujoy paxmel” getdi. Geridə qalan dəqiqələr bitmirdi. Sanki doğum evinin qarşısında həyəcandan dırnaqlarını yeyə-yeyə xoş xəbər gözləyirsən. Axır ki, doğuldu… Afinada gecənin zülmətində “Qəbələ” Avropaya günəş kimi doğdu. Bu günəş bizi Avroliqanın qruplarında dekabra qədər isidəcək.

Həm Yannis Anastasiu, həm də Roman Qriqorçuk qrupa adlamaq üçün həlledici oyunda müxtəlif taktikalardan istifadə etdi. Məqsəd rəqibin kürəyini yerə vurmaq idi. 94 dəqiqənin tamamında kürəyi yerə dəyən afinalılar oldu. Bu, səfərdə vurulan qollar hesabına qazanılan təmiz qələbə idi. Bunun adı tarixə yunan-ROMAN güləşi kimi yazıldı…

Sonda onu da qeyd edim ki, yunan azarkeşlərinin öz komandalarına həsr etdiyi nəğmələr olduqca xoşagələn idi. Amma Afinada “Qəbələ”nin bəstələdiyi mahnı onlar üçün daha unudulmaz olacaq. Sadə və asan –not əlifbasının ilk hərfləri ilə DO, DO…

Zəfərin yaşandığı gecə siz sevincdən, biz də Qəbələyə uçduq. Sözün hər mənasında Afinaya göylə getdik, göylə gəldik.

/Afina

Fikirlərini bizimlə bölüş!