Şahin Diniyevin bir daha nə vaxt yeni iş tapacağını bilmirəm. Gəncəlilərin çöküşü onluq deyildi.Baş verən məlum hadisələrdən sonra “Kəpəz”i tərk etməsində isə qeyri-adi nəsə yoxdu. Hər şey istefaya aparırdı, belə də oldu. İndi Gəncə təmsilçisinə top qovduğu dönəmdə azərbaycanlı futbolsevərlərin ürəyini oyunuyla fəth edən Yunis Hüseynov rəhbərlik edir. “Kəpəz” dövrələrarası fasilənin ən fəalıdı. Diniyevdənqalmalar göndərilib, yeni heyət yığılır.
Dərinliyinə baş vura bilməyənlər üçün sadə görünsə də, futbol çox qəliz, mürəkkəb oyundu. Azərbaycanda isə bu idman növünün özünəməxsus sifət cizgiləri var. Həmin cizgiləri görə bilməyənlərin uğur qazanmaq şansı sıfrın altındadı. Hüseynov milli futbol qazanında qaynamış adamdı. Meydanda və meydandan kənarda gedən mübarizələri çox görüb. Alanları da tanıyır, satanları da. Bunlar xırda məsələlər deyil. Premyer-liqanın qalan bölümündə işinə yaraya, çalışdırdığı komandanı Gəncə futbolunun tarixi və şöhrətiylə uzlaşmayan vəziyyətdən çıxarmasına yardımçı ola bilər.
Bu başqa məsələ ki, göndərdiklərinin hamısının gətirdiklərindən zəif olduğunu düşünmürəm. Məncə, özü də zəiflərdən canını qurtarmağa, səviyyəlilərə meydan verməyə can atmır. Sadəcə, dəyişir… Ən azı dəyişə bildiyini göstərmək üçün. Günlərdi “Kəpəz”in sıralarına qatılan adlar ətrafında düşünürəm. Karyeralarıyla maraqlanır, keçirdiyi matçlara baxıram. Nə yazıq ki, yenidənqurma da uğurlu sonuclar vəd etmir.
Təbii, məhdud büdcə fonunda paytaxtı təmsil etməyən kluba adından söz etdirən əcnəbilər yığmaq, 5-6 istedadlı yerlini də belə desək, gələnlərin gözünə qoşub oynatmaq arzusu reallıqdan çox uzaqdı. Bu mənada çalışdırıcını birmənalı şəkildə “qamçılamaq” da olmaz. Ancaq dövrələrarası fasilədə aparılan islahatlardan yüksəliş qoxusu gəlmir. Azərbaycanlı futbolsevərlərə çox yaxşı tanış olan 3-cü növ braziliyalıdan – Dieqo Qusmaodan heç gəlmir.
Möcud duruma kənardan baxanda Yunis bəyin çempionatın fevralda start götürəcək matçlarına yox, 2018/19 mövsümünə hazırlaşdığını güman etməyə də dəyər. Sanki “şüşəli saray”dan kimsə “düzəlt, qadan alım, düzəlt! Onsuz da bu yay elitadan gedən olmayacaq” cümlələriylə mütəxəssisə qol-qanad verib. Niyə də yox?!
Belə deyilsə, lap pis. Hüseynov "Kəpəz"i fərasətli əsgər AK-74-ü 9,5 saniyəyə sökdüyü kimi söküb. İndi qalır yığmaq və "silah"ı hədəfləri vura biləcək səviyyəyə gətirmək. Söküb-yığmağı bacaranlar bilir ki, istənilən silahı yığmaq həmişə daha çətin olur. Nə deyim, təki "zatvornaya rama"nı fırlada-fırlada qalmasın.
Nihat AĞSOY
Yunis Hüseynovun avtomatı




Fikirlərini bizimlə bölüş!