Dünən bir neçə saytdan həmkarlar mənə yazdılar ki, mümkünsə, Millətlər Liqasının püşkünü şərh et, bizi nə gözlədiyini, hansı nəticəyə ümid etməli olduğumuzu açıqla. Vallah-billah, adam belə suallarla üzləşəndə odla su arasında qalır. Bir tərəfdən mən də bu ölkəni, onun yığmasını, hətta itini-pişiyini sevən adam kimi nəticələrin yaxşı olmasını, yığmanın oyunu ilə azarkeşlərin könlünü oxşamasını ən azı arzulayıram. Amma digər tərəfdən AFFA-da kimlərin söz sahibi olduğunu, yığmanın hansı təfəkkürlə idarə edildiyini, ölkədəki futbolçu potensialını nəzərə alıb, istər-istəməz kədərlənir, oxucu-azarkeşə ümidverici nəsə deyə bilməyəcəyimə görə xəcalət çəkirəm. Beləliklə, Azərbaycan futbol ictimaiyyətinin böyük ümidlərlə baxdığı Millətlər Liqasının ilk yarışı tarixə qovuşdu, artıq sentyabrda bizim üçün Zillətlər Liqası, dubl 2 başlayır!
Əri döyən arvadı it də tutdu bir yandan… – baş məşqçisiz qalan Azərbaycan yığmasının püşkdən sonrakı halını anlatmaq üçün bundan yaxşı atalar sözü, məsəl tapmaq çətindi. Püşk üzümüzə gülsəydi, məsələn, Gürcüstan, Şimali Makedoniya və Estoniyanın olduğu 2-ci və ya Albaniya, Belarus, Litvanın olduğu 4-cü qrupa düşərdik.
Çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu – bu da bir başqa atalar sözüdü, mənası odu ki, baş məşqçisiz qalmaq hələ dünyanın sonu deyil, yenə də başımıza çarə qılmalı, daha yaxşı nəticələrə nail olmaq üçün nələrsə etməliyik. Əslində bütün suallar da bu “daha yaxşı nəticələr” ifadəsinin altında yatır. C liqasından B-yə yüksəlmək istəyiriksə, qrupu 1-ci yerdə bitirməliyik ki, bu da əlçatmaz nəticə, xəyal-plovdu. Arif Əsədovla Elxan Məmmədov inanmırsa, mən necə inanım, həm də milləti buna inandırım?! 2-ci yer reytinq, imic, növbəti püşkatmalar üçün əmsal, nə bilim, sifətimizi qorumaq baxımından önəmlidi ki, şəxsən mən belə nəticəni normal qarşılayardım. Amma 3-4-cü yerlər də Azərbaycan futbolunun indiki durumuna adekvat nəticə olardı. Sadəcə, ona görə ki, ölkəmizdə futbolun köklərini də qazıblar, yalana-yoxa çıxarıblar, gələcək adına ümidverici nəsə yoxdu, perspektiv vəd edən iki futbolçumuz var idi, onlar da suyu süzülə-süzülə, daha doğrusu, pulun qoxusunu ciyərlərinə çəkərək, vətənə qayıtdılar.
Ancaq 4-cü yeri tutmağın da bir qorxusu var. C liqasının iki ən pis nəticələrə malik komandası daha aşağı – Farer adaları, Andorra, Malta, Cəbəllütariq, Lixtenşteyn, San-Marino və Latviyanın qərarlaşdığı D liqasına yollanacaq. Ora yuvarlanmaq həm imic, həm də pul baxımından ziyanlıdı. Yəni C liqasında hər yığmanın qazancı ən azı 1,125 milyon avrodusa, D-də məbləğ 750 minə enir.
Düzdü, AFFA kimi nəhəng büdcəyə malik qurumlar üçün milyon avro da önəmli deyil. Bu gün ən azı yığmalar səviyyəsində maliyyə problemi yoxdu. Təfəkkür, yanaşma, idarəçilik problemləri var ki, onların da indi AFFA-da çalışanların sayəsində aradan qalxması mümkün deyil. Adamlar bir onilliyi havaya sovurub, ikincini, üçüncünü də yola vermək fikrindədilər. Düzünə qalsa, mən bunların Azərbaycan futbolunu böhrandan çıxarmağa, ümumiyyətlə, ölkənin futboldakı nəticələrlə öyünməsinə yönələn cəhdlərinin səmimiliyinə də inanmıram. Bircə inandırıcı dəlil varsa, qoyun ortaya, mən də inanım. Hələlik isə payıza qədər gözləyək. Payıza qədər… Allahverdi Eminovun 1990-cı ildə işıq üzü görmüş və respublikanı silkələyən erotik məzmunlu əsəri də belə adlanırdı. Yığmanın nəticələri ilə bu mövzu arasında hansısa bağ görürsüzmü?
HUŞƏNG
Zillətlər Liqası, dubl 2




Fikirlərini bizimlə bölüş!