Azərbaycan futbolu

Xəbərlər və təhlillər

2004, 2008, 2018

2008-ci il idi, Azərbaycan millisi Berti Foqtsun rəhbərliyi altında Reykyavikə İslandiya yığması ilə yoxlama oyunu keçirməyə getmişdi. Bərabər səviyyədə keçən oyunun nəticəsi də bərabər olmuşdu – 1:1. Onda İslandiya futbolu dünya, Avropa çempionatının final mərhələlərindən bizim uzaq olduğumuz qədər uzaq idi. Sonra nə oldu? O oldu ki, İslandiya millisi 2016-cı ilin Avropa çempionatının, 2018-ci ilin dünya çempionatının final mərhələlərinə vəsiqə qazandı. İslandların Fransada keçirilən Avropa çempionatında necə oynadığını, bu il Rusiyada təşkil olunan mundialda Lionel Messili Argentinadan xal aldığını xatırlatmağa gərək yoxdur.

2004-cü ilədək “peraşki yeyib oynayırdıq” deyən, lap olsun, 2008-ci ilə kimi də “peraşki”nin yağını dodaqlarından silməklə məşğul olan azərbaycanlı futbolçular, Azərbaycan millisi sonrakı dövrdə nəyə nail oldu? Ona “nail oldular” ki, 2018-ci ildir, bu “qoçular” hansısa Millətlər Liqasının hansısa mərhələsində Farer adalarından, Maltadan xal almaq üçün gücənir. 2018-ci ildir, Qurban Qurbanov avrokuboklarda, dünya, Avropa çempionatlarının seçmə mərhələlərində 2018 dəfə forma geyinmiş futbolçular haqda “onlara daha çox təcrübə qazandırmalıyıq” deyir.

4-5 ildən sonra azərbaycanlı futbolçular Farer adalarına, Maltaya aşağıdan yuxarı, ağzılarının suyunu axıda-axıda baxmasa, onda Elxan Məmmədov bu ölkədə futbolu hər kəsdən yaxşı bilir.

Yəqin aranızdan bu sualı vermək istəyən olacaq: bizdə inkişaf getmirsə, bəs “Qarabağ”, “Qəbələ” necə olur avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanır? Çox sadə – pulun, pulla alınan legionerlərin hesabına. Pul almeydalar, reynaldolar, ndlovular, ozobiçlər almağa imkan verir, onlar kimi futbolçu yetişdirməyə yox. Onlar kimi futbolçu yetişdirmək üçün insanda vicdan və beyin olmalıdır. Bu ikisi bizdə varmı?

Fikirlərini bizimlə bölüş!